Paşinyan oliqarxlara savaş açıb - aqibəti necə olacaq?
12-06-2018, 10:15
Elçin Mirzəbəyli: “Bunların şoudan uzağa gedəcəyini düşünmürəm”; Elşən Mustafayev: “Oliqarxların xeyli hissəsi parlamentdə təmsil olunub”
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən oliqarxlara qarşı açdığı savaş güclənib. Onun bu müharibəsinin necə nəticələnəcəyi ilə bağlı müxtəlif fikirlər var. Hələ tam möhkəmlənməyən və kövrək olan Ermənistanın yeni hakimiyyətinin ciddi təhlükələr yaşaya biləcəyi qeyd olunur. Sirr deyil ki, istənilən ölkənin iqtidarı üçün bu tipli savaşlar çətin olur.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Paşinyan siyasi şou düzənləyir: “Paşinyan oliqarxlara qarşı necə savaş aça bilər ki, onun kölgəsinə sığındığı Çarukyan Ermənistanın ən iri oliqarxı və inhisarçısıdır? Nikol Avropadan müəyyən qədər vəsait qoparmaq və Ermənistana investisiyalar cəlb etmək üçün siyasi şoular düzənləyə bilər. Amma bütün bunların şoudan uzağa gedəcəyini düşünmürəm. Paşinyanın ”proqram" adlandırdığı sənədin ayrı-ayrı müddəaları ilə tanış olmuşam. Sizi əmin edirəm ki, Azərbaycanın müəyyən iqtisadi biliklərə də sahib olan istənilən jurnalisti Paşinyan və komandasından daha yaxşı proqram hazırlaya bilər. Bu proqramda Ermənistanda görüləcək bütün işlər barəsində, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində atılacaq addımlar haqqında da müəyyən istəklər ifadə olunur. Amma bütün bunların necə, hansı resurslar və mexanizmlər əsasında həyata keçiriləcəyi barədə danışılmır. Bu proqramdan daha çox Paşinyanın arzularına bənzəyir. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun qənaətinə görə, Paşinyanın təqdim etdiyi “proqram”, “qarşıya qoyulan hədəflərə çatmaq üçün mexanizmlərin, o cümlədən müddət və nəticələr haqqında fikirlərin yer almadığı, siyasi məsuliyyətin nəzərdə tutulmadığı arzular bəyannaməsidir”. Şarmazanovun Azərbaycana qarşı ritorikasını və tipik erməni həyasızlığını ifadə edən simasını sevməsəm də Paşinyanın proqramı ilə bağlı fikirlərinin həqiqəti əks etdirdiyini düşünürəm. Məsələn, Paşinyanın proqramında sənayenin və kənd təsərrüfatının inkişafı ilə bağlı heç nə yoxdur. Sadəcə qeyd olunur ki, “Ermənistanda sənaye inqilabi templə inkişaf edəcək”.
Görünür Paşinyan Ermənistanda kənd təsərrüfatının inkişafı üçün əkin sahələrində kütləvi etiraz aksiyalarının keçirilməsini planlaşdırır. Bir müddət öncə “Serj get” şüarını səsləndirən kütlə isə əkin sahələrində “kənd təsərrüfatı, inkişaf et” deyə bağıracaq və siyasi romantika ektazından məst olacaq. Ermənistanda siyasi romantika dövrü tezliklə geridə qalacaq. Bu ölkədə real iqtisadi irəliləyişə nail olmağın yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən keçir. Ermənistan təbii resursu olmayan, yaradıldığı dövrdən yaradıcısının dotasiyası ilə yaşayan bir ölkədir. Paşinyanın korrupsiyaya qarşı mübarizə aparmaq üçün nə real gücü, nə də imkanı var. Nümunə gətirəcəyəm: Nikol Paşinyan Rusiya prezidenti ilə görüşündə ona Ermənistana ucuz qaz satdığı üçün təşəkkürünü bildirdi və qeyd etdi ki, o başa düşə bilmir ki, ölkəsində qaz əhaliyə nə üçün bu qədər baha satılır. İndi Paşinyanın guya bilmədiyi məsələyə mən aydınlıq gətirim: Ermənistanı təbii qazla Rusiyanın “Qazprom” şirkətinin 100%-lik törəmə müəssisəsi olan “Qazprom Ermənistan” təchiz edir. Ölkənin 1682,2 km-lik magistral və köməkçi qaz kəmərləri “Qazprom”un mülkiyyətidir. “Qazprom” Ermənistanda tam inhisarçıdır. İndi Paşinyan “Qazprom”a qarşı hansı üsullarla və necə mübarizə aparacaq? Haradan qazı alacaq? Ehtimal edək ki, İrandan. O zaman bu qazı paylamaq üçün magistral və köməkçi qaz kəmərlərini (borularını) haradan alacaq? Ölkəni yenidən qazlaşdıracaq? Nə ilə? Hansı resurslarla? Eyni müqayisəni Ermənistanın elektrik şəbəkəsi haqqında da demək olar. Bu şəbəkənin də bütün səhmləri “Rusiya Vahid Enerji Sistemi” Aksioner Şirkətinin əlində cəmləşib. Nümunələrin sayını sonsuza qədər artırmaq olar. Ermənistanın sahibi Rusiya şirkətləridir. Bu şirkətlərə qarşı antikorrupsiya əməliyyatları isə şübhəsiz ki, Rusiyadan başladılmalıdır. Buna isə nəinki Paşinyanın, bütövlükdə Ermənistanın siyasi cameəsinin və əhalisinin gücü yetməz. Paşinyanın bütün addımları vaxt qazanılmasına hesablanıb. Nikol “siyasi romantika” dopinqinin təsir müddətini artırmaq üçün daha çox vədlər verməyə çalışır. Bütün bunlar isə kütləyə hesablanmış addımlardır".
Ä°lgili resim
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, Paşinyanın oliqarxlara savaş açması iki istiqamətdə planlarını həyata keçirtməyə xidmət edir: “Birincisi, doğrudan da kövrək bir hökumətə rəhbərlik edən Paşinyan mövqelərini möhkəmlədə bilməsə, istənilən səbəb üzündən hakimiyyətdən getməyə məcbur olacaq. Burada parlamentdə çoxluq olan digər partiyaların deputatları, Köçəryan, Sərkisyan dönəmində formalaşan iri həcmli kapitala malik oliqarxların rolu böyük ola bilər. Yeri gəlmişkən, oliqarxların xeyli hissəsi parlamentdə təmsil olunub. Odur ki, bu kompaniya ilə həmin oliqarxların bir hissəsini neytrallaşdırmağa , bir hissəsini isə özünə tərəf çəkməyə çalışacaq. Qısa müddət ərzində Respublikaçılar partiyasının deputatlarından 6 nəfərinin fraksiyadan istefaları hesab edirəm ki, bununla bağlıdır. İkincisi isə bu addımı ilə o, xalqa əvvəldən verdiyi sözlərə əməl etməsi mesajını verib. Bu da onun üçün çox vacibdir. Çünki zəif hökumətin möhkəmlənənə qədər xalqın dəstəyini itirməsi çox təhlükəlidir. Postsovet məkanında iki dövləti - Gürcüstanı və Ukraynanı göstərə bilərik ki, hakimiyyət dəyişikliyi məhz oliqarxlara qarşı mübarizə şüarı altında olub. Gürcüstanda Saakaşvili hakimiyyəti buna müəyyən qədər nail oldu. Amma orada bu istiqamətdə müsbət inqilabi dəyişikliklər olsa da, korrupsiyanın kökünü tam kəsmək mümkün olmadı.
Ukraynada isə demək olar ki, heç nə dəyişmədi. Əslində Paşinyan istəsə belə korrupsiyanın qabağını bütünlüklə ala bilməyəcək. Çünki korrupsioner adlanan oliqarxların bəziləri yerdəyişmə etməyə çalışacaqlar və hökumət də onların bir qismini himayəsi altına alacaq. Sonrakı etapda da öncəki fəaliyyətlərini yeni üsullarla həyata keçirəcəklər. Amma Paşinyanın başladığı kampaniyanın özünə qarşı çevriləcəyi təhlükəsi də mümkün ola bilər. Burada daxili və xarici faktorları nəzərə almaq lazımdır. Rusiya ilə münasibətlərin real vəziyyəti bu məsələdə mühüm rol oynayacaq. Əyər Paşinyan Putinlə konkret maraqlarla bağlı razılığa gələcəksə və Kreml onun hakimiyyətdə qalmasına yardım edəcəksə, o zaman planlarını həyata keçirtmək və hakimiyyətdə qalması şanları yüksək olacaq. Yox, əgər faktiki olaraq belə bir dəstək olmayacaqsa, ölkə daxilində məhz həmin narazı oliqarxların və müxtəlif provokasiyalar vasitəsilə narazı salınacaq insanların vasitəsilə təzyiq üsulu işə salınacaq. Nəticədə hakimiyyət dəyişəcək”.