ABŞ-Çin iqtisadi savaşı: qalib kim olacaq? - Ekspert
13-06-2018, 09:34
ABŞ-la Çin arasındakı ticarət savaşının nəticələri ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin Axar.az-a müsahibəsini təqdim edirik:
- ABŞ Prezidenti Donald Trampın Çinə qarşı müəyyən iqtisadi tədbirlər görməsi bir sıra dövlətlər tərəfindən ticarət savaşı olaraq adlandırılıb. Həqiqətənmi Çinlə ABŞ arasında ticarət savaşı gedir?
- Əslində, iqtisadi maraqlar siyasi addımları hər zaman diqtə edir. Yəni siyasi addımların atılması iqtisadi maraqlardan doğur. Bu anlamda müasir dünyada iqtisadi və hibrit müharibələri çox aktual hal alıb. Hər bir ölkə iqtisadi maraqlarını təmin etmək üçün müəyyən addımlar atır. Bu addımlar çərçivəsində də öz siyasətini müəyyənləşdirir. O cümlədən qlobal oyunçular – ABŞ, AB ölkələri, Çin, Rusiyanın da öz maraqları çərçivəsində atdığı addımlar var. Hər bir ölkənin öz iqtisadi potensialı və gücü nə qədər böyük olsa da, onların bir-birindən asılılığı olur. Yəni Çinlə ABŞ bir-birinə qarşı nə qədər iqtisadi savaş aparsalar da, bir-birindən çox asılıdır. Ümumi ticarət dövriyyələri az qala 1 trilyon dollara yaxındır. Çin ABŞ-a təqribən 600 milyard dollara yaxın mal ixrac edir, ABŞ da Çinə 400 milyard dollara yaxın mal satır.
- O zaman bu savaşın mahiyyətində nə dayanır?
- Bu savaşın əsas qayəsi öz iqtisadi oyunçularına, yəni şirkətlərinə daha məqbul şəraitlərin yaradılması və iqtisadi maraqların təmin olunması vasitəsi ilə siyasi diqtənin həyata keçirilməsinə çalışmaqdır.
- Bu savaşın müstəmləkə savaşları ilə eyni mahiyyət daşıdığını deyə bilərikmi?
- Müasir dövrdə - XXI əsrdə artıq fiziki müstəmləkə anlayışı yox olmaqdadır. Artıq müstəmləkə dedikdə ölkənin işğala məruz qalması başa düşülmür. “Müstəmləkə ölkələr” dedikdə innovativ və IV nəsil sənaye inqilabından, süni intellektin idarə etdiyi dünyadan geridə qalanlar nəzərdə tutulur. Bu ölkələr böyük ölkələrin iqtisadi maraqlarını təmin etmək üçün onların iqtisadi addımlarını dəstəkləmək məcburiyyətində qalırlar.
- Çin iqtisadiyyatı ABŞ iqtisadiyyatı qədər həm dayanaqlı, həm də güclü deyil. Doğrudur, Pekin son illər iqtisadi sahədə görünməmiş uğurlara imza atıb, amma hələ də Çin iqtisadiyyatının kövrək olduğunu düşünənlərin sayı çoxluq təşkil edir. Lakin Çinin yaxın zamanlarda ABŞ-ı əvəz edəcəyini düşünənlərin də sayı az deyil. Çin həqiqətən bu ticarət savaşında ABŞ-ı məğlub edə bilərmi?
- Çin iqtisadiyyatında artıq siyasi sistemdən doğan problemlər yaşanmaqdadır. Yəni iqtisadiyyat hələlik əhali sayının çox olmasına görə böyüməkdə davam edir. Digər tərəfdən, bütün dünyaya Çində istehsal yaratmaq çox sərfəlidir. Ona görə də dünyanın böyük şirkətləri Çində istehsalla məşğul olmaqda maraqlıdır. Bu anlamda Çinin iqtisadi modeli hələlik digər şirkətlər üçün öz ərazisində ucuz işçi qüvvəsi və yeni texnologiyaların tətbiqi ilə yeni istehsal sahələrinin yaradılmasından ibarətdir. Doğrudur, bu gün Çin iqtisadiyyatı innovativ olaraq, ABŞ iqtisadiyyatından geri qalsa da, sürətlə böyüyür və həcmi genişlənir. ABŞ buna görə Çin iqtisadiyyatını özü üçün təhdid görə bilər. Çinin ixracat bazarları ilə ABŞ-ın ixracat bazarları ilə, demək olar ki, eynidir. Ona görə də rəqabət getdikcə artır və Çin şirkətlərinin dünya bazarlarını ələ keçirməsinə ABŞ həm siyasi, həm iqtisadi sanksiyalar və digər vasitələrlə mane olmağa çalışır. Lakin bunlar bir-birindən asılı iqtisadiyyatlardır. Nə qədər mübarizə aparsalar da, biri digərindən kənarda fəaliyyət göstərə bilməz. Yəni bir anlıq təsəvvür edək ki, Çin və ABŞ bütün iqtisadi əlaqələrini kəsib. O zaman ABŞ mağazalarında satılacaq mal qalmaz, Çin şirkətləri isə yeni texnologiyalara çıxış əldə edə bilməz. Əpl, HP kimi böyük şirkətlər Çində olan zavodlarını bağlayar. Bu da mümkün deyil.
- Bəs bu iki ölkə arasında gedən iqtisadi mübarizə nə ilə nəticələnəcək?
- Bu iki ölkə arasında mübarizə dominantlıq üzərində gedir. Mübarizənin əsas məğzi bundan ibarətdir. ABŞ iqtisadiyyatı Çin iqtisadiyyatından daha güclü sayılır. ABŞ-ın ən böyük iqtisadi və siyasi üstünlüyü dolların dünya valyutası olmasıdır. Bu da ABŞ-a əlavə güc gətirir. Elə Çinin özünün də təqribən 3 trilyon dollara yaxın qızıl valyuta ehtiyatları ABŞ qiymətli kağızlarında və dollarda saxlanılır. Bu nöqteyi-nəzərdən Çinlə ABŞ-ın münasibətləri qarşılıqlı rəqabətli şəraitdə inkişaf etsə də, həm də məcburi partnyorluğa xidmət edir. Yəni bunlar bir-birlərinə güzəştə getməyə məcburdurlar ki, hər iki ölkənin iqtisadiyyatı ayaqda qala bilsin