“Seçkini boykot qərarımız cəmiyyətə heç bir təsir etmədi”
13-06-2018, 12:19
“İsa Qəmbərdən sonra Müsavatın halı ortadadır”
“Skayp qarşısına keçir, istədiyini danışır, sonra gedib yatır”
“Krişnanı, ateisti təhqir etmirsən, vəhhabiyə heç nə demirsən, amma…”
Müsahibimiz Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğludur. Onunla KXCP-nin qərargahında, işlərinin qızğın vaxtında görüşmüşük.
Partiya lideri ölkədə seçkidən sonrakı ictimai-siyasi vəziyyət, müxalifətin ovqatı və KXCP-nın qurultayı ilə bağlı AzEuroNews.com-un suallarını cavablandırıb:
– Mirmahmud bəy, 11 apreldə keçirilən növbədənkənar prezident seçkisindən sonra ölkədə nələr dəyişib?
– Heç bir dəyişiklik olmayıb. Bəzilərinin təqdim etdiyi iqtisadi inkişafın cəmiyyətə az aidiyyatı var. Ölkənin vəziyyəti göz qabağındadır.
Hətta ölkənin inkişafı üçün dəyişiklik imkanı olanda da problemləri həll etmək istəmirlər. Ona görə növbədənkənar seçkinin heç bir müsbət təsiri yoxdur.
Əksinə, bu proseslə bir addım da geri atıldı. Çünki həm siyasi qüvvələr, həm cəmiyyət oktyabra hazırlaşırdı. Amma konstitutsiya üzərində edilən “cərrahi əməliyyat” nəticəsində istədikləri seçki keçirildi.
Ümumiyyətlə, 11 apreldə heç kəs növbədənkənar seçkini görmədi. Hətta şəhərdə afişalarda növbədənkənar seçki olduğu yazılmadı. Belə desək, özləri çaldılar, özləri oynadılar.
– Erkən seçkini rəsmilər və analitiklər xarici təhlükə faktoru ilə əlaqəndirirdi, artıq iki ay keçib, hər hansı təhlükə olduğunu müşahidə edirsinizmi?
– İndi biz bu məsələnin üstünə getsək, hakimiyyət özündən bir ssenari yazar, əfv etdiklərinin yerinə 5-10 adam da həbsə doldurarlar, deyərlər buyurun, yəni xarici təhlükəni təsdiqlədərlər.
Hakimiyyətin ayıqlığı, hadisələri qabaqlamaq imkanı Eldar Mahmudov işində görünmüşdü. Təhlükəsizliyimiz, hərbi əməliyyatlar və qonşulara münasibətdə ağıllı mütəxəssislərimiz qalmayıb.
Bunu özləri də bəyan etməkdən çəkinmirlər. Eldar Mahmudov nazir olduğu dövrdə həmin sahənin mütəxəssisləri pərən-pərən düşdülər.
Ona görə də mütəxəssislərin sıradan çıxarıldığı vaxtda qabaqlayıcı tədbirlər görülməsi inandırıcı deyil. Azərbaycan insanını inandırırdılar ki, oktyabrda seçki olsa nələrsə baş verərdi.
Ancaq fevralda verilən növbədənkənar seçki təyinatı haqda sərəncamı elə həmin gün bir cür şərh etdilər, günün ikinci yarısı başqa şəkildə təqdim etdilər.
Əvvəlcə dedilər ki, böyük planlar var, Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər nəzərdə tutulub və Azərbaycan aqrar ölkədir, payızda məhsuldarlıq olacaq və s.
Yəni belə gülməli arqumentlər irəli sürdülər. Xalq gördü ki, heç bir bayram keçirmədilər.
Xalq 100 illiyin həqiqi ləzzətindən qürur duymaq imkanından kənarda saxlandı. Elə hakimiyyət özü üçün bayram keçirdi, istədikləri formatda təşkil elədilər.
– Bəs, 11 aprel seçkisini boykot edən KXCP, Müsavat, Milli Şuranın bu qərarı nə dərəcədə effektiv oldu?
– Boykot qərarı cəmiyyətə heç bir təsir etmədi. Çünki hamı oktyabra hazırlaşırdı. Bu qərarı belə izah etmək olar ki, müxalifət tarix, özünü sığortalamaq, qüruru üçün belə addım atdı.
Biz KXCP olaraq o zaman “bütün boykotçular birləşin” şüarını ortaya qoyduq. Amma birləşmədilər. Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində olan partiyalarla da boykot məsələsini müzakirə etdik.
Amma həmin təşkilatlardan bəziləri seçkidə iştirak qərarı verdi, bəziləri gecə ikən boykot qərarını açıqladı.
Eyni zamanda kütləvi mitinqlərin birgə keçirilməsini təklif etmişdik. Bu məsələ də onlar tərəfindən qulaqardına vuruldu. O baxımdan seçkini boykotun cəmiyyətə heç bir təsiri yoxdur.
Bunu etiraf etmək lazımdır. Sadəcə, biz seçkiyə getmədik, hakimiyyətin bu seçkisinə demokratik don geyindirmədik, bu işə şərik olmadıq.
Əslində, KXCP növbədənkənar Ali Məclis toplantısı olmuşdu, şöbələrin iclasları keçirilmişdi. Partiyanın 50-dən çox şöbəsi seçkidə iştirak tərəfdarı idi.
Lakin sonra proseslərin gedişində vəziyyət dəyişdi və şöbələrdə boykot tərəfdarları iştirak mövqeyini dəstəkləyənləri sayca üstələdi. Biz də cəmiyyətin, partiyanın mövqeyinə uyğun olaraq boykot qərarını bəyan etdik.
– Boykotçular niyə birləşmədi, burda nə problem yarandı?
– Ona görə ki, öndə olan adamların baxışları fərqlidir, biri-birini qəbul etmirlər. Adını çəkdiniz o partiyalarda bəyənməzlik sindromu var.
Bir-birinin cibindən adam oğurlamaq siyasəti aparırlar. Amma nə üzvü oğurlananlara, nə oğurlayanlara bu siyasət xeyir gətirir.
– 28 may günü müxalif partiyaların Novxanıya Rəsulzadənin abidəsini ziyarətə ayrılıqda getməsi həmin bəyənməzlik sindromunun davamıdı idi?
– Bəli, eyni problemdir. Hələ İlham Əliyevin 100 illiklə bağlı sərəncamından 70 gün qabaq KXCP-nın qərarı varıydı ki, 2018 “Cümhuriyyətin 100 illiyi” ili elan olsunsun.
Hakimiyyətə, ictimai-siyasi təşkilatlara, ziyalılara müraciət etmişdik. Hamını nəzərə aldıq, təklif etdik ki, gəlin 100 illiyimizi birgə keçirək.
Hakimiyyətə yer də göstərdik. Hətta təklif etdik ki, iqtidar şanlı tariximizi yüksək səviyyədə təşkil etsin, heç bizi də çağırmasınlar, xalq üçün eləsinlər.
Bu müraciəti müxalifətə də etmişdik. Ancaq reaksiya o qədər gec oldu ki, hərəsi ayrılıqda Novxanıya getdi.
Deməli, ideyalar da, məqsədlər də adamları birləşdirmir. Bəlli iddiaları var. Ona görə müracətimiz “göydə qaldı”.
– O zaman müxalifət estafeti gəncliyə ötürməli deyilmi? Eldar Namazov deyib ki, müxalifətdə nəsillərin dəyişikliyi gedir. Siz bu fikirləri bölüşürsüzmü?
– O Eldar bəyin, Mirmahmud Mirəlioğlunun deməyi ilə olmur. Bu, prosesdir. Atalar və oğulların mübarizəsidir. Bizdən asılı olmadan nəsillərin dəyişikliyi qaçılmazdır.
– Bu sualımın davamı olaraq qarşıdakı qurultayda sədrliyə namizəd olmayacağınızı söyləmək olarmı?
– Bu, qurultayın səlahiyyətində olan məsələdir və qurultaya qədər hansı proseslər baş verəcəyini deyə bilmərik. Hesab edirəm ki, bunun üçün darılmağa dəyməz.
Təbii ki, nəsillərin estafeti olmalıdır. Başqa partiyaların təcrübəsində kənardan gətirmə var. Bizdə belə təcrübə yoxdur. Amma haqqı olan, layiqli şəxs sədr olmalıdır.
Odur ki, bu qurultayın işidir. İndi yeni hal var və qurultayda dəyəndiriləcək. Burda mənim müsahibəm və yaxud bəyanatım heç nəyi həll eləmir.
– Amma səhv etmirəmsə, ötən qurultayda “Bu, vida qurultayımdır” demişdiz…
– Demişdim… O günün ağırlığı vardı. İndi kimsə sözümü kontekstdən çıxarmaq istəyirsə, başqa məsələ. Amma həmin cümlənin quruluşuna baxmaq lazımdır.
– Ortada bir İsa Qəmbər nümunəsi də var, siz də analoji addım ata bilərsizmi?
– İsa Qəmbərdən sonra Müsavatın halı ortadadır. 2014-cü ildən sonra partiyadan kimlər getmədi, nələr olmadı?!
Biz o halı Elçibəydən sonra yaşamışıq. O zaman Xalq Cəbhəsinin “Şuşa” birliyi, “Xocalı” birliyi, “Yurd” birliyi vardı.
– Yəni, İsa Qəmbərdən sonra Müsavatda olanların eynisinin KXCP-də təkrarlanmaq təhlükəsi hissi edirsiz?
– Mən belə təhlükə hiss etmirəm. Siz Müsavatın adını çəkdiniz. Mən də dedim ki, Müsavatın halı ortadadır.
– Ona görə soruşdum ki, sədrlikdən getsəniz KXCP-nı eyni aqibəti gözləyə bilərmi?
– Mən buna inanmıram.
– Bilirsiniz ki, Oqtay Gülalıyev sədrliyə namizədliyini elan edib…
– Bəli, edib…
– Bu qərarına münasibətinizi bilmək istərdik…
– Bu məsələyə münasibət bildirmək istəmirəm.
– Mirmahmud bəy, söz feysbukdan, ümumiyyətlə sosial şəbəkələrdən istifadə edirsizmi?
– Xeyr, mən sosial şəbəkələrdə yoxam. O sosial şəbəkələrlə partiyaların, ölkənin işlərini düzəldirlər. Virtualda mübarizənin nəyəsə nail olduğuna inanmıram.
Aydındır ki, elmi-texniki tərəqqidir, mütləqdir, sosial şəbəkələr olmalıdır. Amma əvvəldən olmamışam orda, istəmirəm də. Burda nə var ki?
Amma Azərbaycana xeyrini görməmişəm. Bu, enerji itkisidir. Monitor, skayp qarşısına keçir, istədiyini danışır, sonra gedib yatır. Səhər də vicdanı rahat olur ki, istədiyini söylədi.
2011-ci ildə “ərəb baharı” olmuşdu, Azərbaycanda heç nə olmadı. Halbuki, dünyada özünü yandıran ilk satıcı bizdə idi.
İndi sosial şəbəkələr təhqirdən başqa bir iş deyil. Bunun mübarizəyə, cəmiyyətə təsiri nədir? Məsələn, hamı bilir ki, Əliyevlərin offşor zonalarda hesabları var. Bunu bilirlər və bir qulağından girir, o birindən çıxır. Nə xeyri? Hansı reaksiya var?
Mən virtualda sözümü dedim, rahatladım, etiraz enerjimi boşaltdım, amma problemlər həll olmur, yenə qalır. Sən içini tökdün, rahatladın, axı Azərbaycan rahatlamadı.
Azərbaycanda yenə korrupsiya çiçək açır, ölkəni rüşvətə görə AŞPA-dan qovurlar. Qovulan Səməd Seyidov deyil ki? Qovulan Azərbaycanın təmsilçisidir.
– Müxalifətdə bəyənməzlik sindromu var, sosial şəbəkələrin təsiri yoxdur, iqtidar seçkini istədiyikimi keçirir. Bəs necə olsun? Hansı yollar görürsünüz?
– Mən belə görürəm ki, siz sosial şəbəkələr haqda dediklərimlə razılaşmırsız. Amma xalq əvvəl-axır başa düşəcək ki, inflyasiya gedir, qiymət artımı var, gömrük xərcləri vətəndaşın büdcəsinə, cibinə dəyir. Bax o zaman çıxış yolları olacaq. Bu gün ölkədə müxtəlif bazarlar var.
Hətta el arasında “qul bazar”ı adlanan iş yerləri var. Günün birində “qul bazar”ları ayağa qalxıb haqqını tələb edəcək.
Gül bayramında heykəl yazanı cibinə nəşə qoyurlar. Hakimiyyətin nə qədər narkotik bazası var ki, hər vətəndaşı bu maddə ilə tuta bilir. Bu insanlar əfv olanda təşəkkür etməyəcəklər, çünki azadlıq onların haqqı idi.
Və yaxud bizə hərbi sənayedən danışmaq qadağan olunub. Deyirlər ki, uğurumuza sevinək. Uğur olsun ki, sevinək də. Sən Cocuq Mərcanlını azad etmisən?
Cocuq Mərcanlı harda idi ki, onu işğaldan azad etmisən. Hamının əsgərə sayğısı, qayğısı olmalıdır.
Sən nə qədər əsgəri aldadacaqsan? 25 il qabaqkı əsgərlər indi atadırlar. Bizim məddah politoloqlar da çıxışlar edirlər ki, Ermənistan dağılır, boşalır. Ermənistan almağa torpaq qoymayıb.
İqtisadiyyatı belə, təhsili bəlli, səhiyyəsi bəlli…Hakimiyyətin insana, seçiciyə münasibəti ortadadır.
– Son sualım, feysbukda məsciddən yayılan videoda bir əzadar ağı deyir, Hacı Şahin ağlayır. Bu məsələ Rəsul Mirhəşimli ilə Fazil Mustafa arasında gərginlik yaradıb.
Fazil Mustafa həmin şəxsləri və müdafiə edənləri cahil adlandırıb. Siz də inanclı birisiniz, dində necə olmalıdır? Və ümumən məzhəblərarası problemimiz varmı?
– Cəmiyyətdə təriqətlərarası, dinlərarası münasibət gərgin deyil. Pyotrun vəsiyyəti olub, çar Rusiyasında da, sovet vaxtı da çalışıblar ki, qarşıdurma yaransın.
Klassiklərimizin də bu məsələyə münasibəti olub. Seyid Əzimin, Sabirin, Nəvvabın fərqli münasibətləri var.
Bu məsəldə baş yarmaq, ağlamaq, insanın içindən olmalıdır. Mirzə Cəlil də tənqid edirdi, yazırdı ki, Azərbaycanın Kərbəlası Qarabağdır.
Bu məsələdə istəsələr belə qarşıdurma yaratmaq mümkün deyil. Təssüf ki, məsələnin müzakirəsi təhqirə gedib çıxır. Mən Rəsul Mirhəşimlini də, Fazil Mustafanı da tanıyıram. Görünür ki, o belə başa düşüb.
Ancaq sən krişnanı, ateisti təhqir etmirsən, vəhhabiyə heç nə demirsən, çünki arxası güclüdür, Səudiyyənin ticarətinə pullar axır, amma şiələr haqda bel danışırsan.
İndi bu adam gözünü açıb, heç nə əlindən gəlmir, ağlayır. Son illərdə yaxşı ki, baş yarmaq yoxdur, qanvermə aksiyası keçirilir.
Mən həmin video materiala baxmamışam, amma təəssüf hissi keçirirəm. İmanlı insan qarşısındakına hörmət etməlidir.
AzEuroNews.com