“Onlayn media dövlət tərəfindən maliyyələşərsə…” - Əflatun Amaşov

14-06-2018, 00:01           
“Onlayn media dövlət tərəfindən maliyyələşərsə…” - Əflatun Amaşov
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonun yaranandan sonra dövlət çap mediasına dəstək göstərir. Hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır. Elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Lakin məsələ öz həllini tapmayıb.
Saytların əhəmiyyətinin böyüklüyü, Azərbaycana qarşı informasiya müharibəsində rolu danılmazdır. Hazırda reklam bazarının hələ də tam formalaşmadığını nəzərə alsaq, saytların da maliyyə dəstəyinə ehtiyacı var.

Məsələyə Mətbuat Şurasının sədri Əflatun Amaşov münasibət bildirib. Ə.Amaşov hesab edir ki, internet resurslarının dövlət tərəfindən maliyyələşməsinə ehtiyac var: “Bu gün ictimai fikir əsasən internet resursları vasitəsi ilə formalaşır. Artıq bu sahədə təcrübə mövcuddur. KİVDF qəzetləri maliyyələşdirir. Qəzetlərin də iqtisadi baxımdan problemləri var. Ümumiyyətlə, bu gün Azərbaycanda medianın reklamla, gəlir əldə etməsi ilə bağlı problemləri tam həll edilməyib. Ona görə də dövlət medianın bu vəziyyətini nəzərə alaraq, ona yardım edir. Bu yardım indiki şəraitdə yazı mətbuat vasitələrinə edilir. Artıq son illərdə bütün dünyada ictimai fikir daha çox onlayn media vasitəsi ilə formalaşır. Onlayn jurnalistika dünya mediasında önəmli yer tutur. Azərbaycanda da onlayn medianın sayı durmadan artır və ictimai fikir onlayn media vasitəsi ilə formalaşır. Belə bir məqamda Azərbaycan informasiya məkanında internet resurslarının rolu kifayət qədər artıb. Ancaq onun iqtisadi baxımdan problemləri həll də həll olunmayıb. Reklamı azdır, başqa gəlir sahəsi isə yoxdur. Belə olan halda onlayn jurnalistika gerçəkliyi obyektiv əks etdirirmi? Bu barədə düşünməliyik. Onlayn jurnalistika belədir ki, oraya kənardan müdaxilə etmək mümkündür”.

Mətbuat Şurasının sədrinin sözlərinə görə, onlayn jurnalistika dövlət tərəfindən maliyyələşərsə, daha müstəqil işləyər: “İstər ölkə daxilində olsun, istər ayrı-ayrı adamlar – məmurlar, iqtisadi, siyasi qruplar özləri üçün onlayn media yaradırlar və rəqibləri ilə mübarizə aparmaq üçün internet resurslarından istifadə edirlər. Onlayn jurnalistikanı asanlıqla ələ ala bilirlər. Eyni zamanda, xaricdən Azərbaycanla maraqlı olan qüvvələr də buna əl atırlar. Belə olan halda onlayn jurnalistika nə qədər ki, reklam vasitəsi ilə özünü maliyyələşdirə bilmir, mütləq yazılı mətbuat vasitələri kimi onlar da dövlət tərəfindən maliyyələşməlidir. Belə olan halda onlayn jurnalistika daha müstəqil olar, ayrı-ayrı qruplar, siyasi mərkəzlərdən, Azərbaycana maraqlı olan xarici təşkilatlardan asılı olmaz”.

Media eksperti, professor Qulu Məhərrəmli bildirir ki, hökumətin media materiallarının məzmununa qarışmamaq şərti ilə ona maliyyə ayırması yaxşı haldır(musavat.com).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.