Mariya Zaxarova etik davranış qaydalarına həqarətlə yanaşır: Əflatun Amaşov
17-06-2018, 23:11
“Belə vəziyyətin yaranmasında nazir Sergey Lavrovun da ermənipərəst mövqeyinin böyük təsiri var”
Rusiya Xarici İşlər Nzairliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarova nəinki diplomatik prinsiplərə, bütövlükdə etik davranış qaydalarına həqarətlə yanaşır.
PRESSDAY.az bildirir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov özünün Facebook səhifəsində yazıb.
Əflatun Amaşovun fikrincə, Mariya Zaxarovanı anlamaq olduqca çətindir: “Bəzən elə təəssürat yaranır ki, ölkənin Xarici İşlər Nazirliyinin, ümumiyyətlə, Rusiyaya aidiyyatı yoxdur. Əlbəttə, belə vəziyyətin yaranmasında nazir Sergey Lavrovun da ermənipərəst mövqeyinin böyük təsiri var. Ancaq mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-azərbaycan adasıdır. Bilmirəm, bəlkə nə vaxtsa azərbaycanlı, yaxud azərbaycanlılarla bağlı şəxsi müstəvidə xoşagəlməz yaşantısı olub, ya nədir, konkret söz demək çox çətindir. Ancaq departament direktorunun sivil normaları aşdığı göz önündədir”.
Q qeyd edib ki, bu il iyunun 1-də Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi mətbuat konfransında “Trend” İnformasiya agentliyinin xüsusi müxbiri Artyom Sokolov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda separatçı rejimin nümayəndələrinin də iştirakının vacibliyinə dair fikrini diqqətə çatdırmış və direktor müavindən məsələyə münasibət bildirməyi xahiş etmişdi:
“Artyom Kojin isə suala cavabında bildirmişdi ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar konstruktiv deyil. Bununla bağlı konkret video-görüntü var və buna rəğmən sözügedən brifinqin Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən mətnində Ermənistanın baş nazirinin mövqeyinin deyil, “Trend”in müxbirinin qeyri-konstruktiv olduğu önə çəkilib”.
Əflatun Amaşov Azərbaycanın media ictimaiyyətinin iyunun 5-də məsələ ilə əlaqədar Mariya Zaxarovaya müraciət etdiyini də xatırladıb: “Görünür, üzərindən on gün keçəndən sonra Mariya Zaxarova öz müavini Kojinin əlinə-ayağına bulaşdırdığı mövzuya yeni rənglər qatmaq qərarına gəlib. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, “Trend”in müxbiri mətbuat konfransında, ümumiyyətlə, ağzına su alıb oturmalıymış. Zaxarova Xarici İşlər Nazirliyinin saytındakı açıq təhrifə görə üzrxahlıq etmək əvəzinə həmin təhrifə bir növ haqq qazandırır”.
Onun fikrincə, Mariya Zaxarova bu açıqlaması ilə nəinki diplomatik prinsiplərə, bütövlükdə etik davranış qaydalarına həqarətlə yanaşır: “Onun kor inada hesablandığı aşkar görünən mövqeyini anlamaq həqiqətən çox çətindir. Ortada fakt var. Faktın Rusiyanın Xarici İşlər Nazirliyinin saytında təhrif olunmuş formada təqdimatı var. Görünür, Ermənistan kimi forpost daxilində Kojinin məlum cavabına görə qalxan hay-küy Rusiya kimi böyük ölkənin xarici siyasət idarəsinin nüfuzundan daha vacib və üstündür. Zaxarovanın şəxsində Rusiya Xarici İşlər Nazirliyinin bu duruma düşməsindən bir daha təəssüflənirik”.
Əflatun Amaşov Azərbaycanın media ictimaiyyətinin Rusiyanın müvafiq qurumlarına yeni müraciətlər ünvanlamaq niyyətində olduğunu bildirib: “Görünür, Rusiya Xarici İşlər Nazirliyində mövcud olan məsuliyyətsizlik mühitinə ölkənin geniş ictimaiyyətinin diqqətini çəkmək lazımdır. Buna görə biz Azərbaycanın media ictimaiyyəti olaraq məsələ ilə bağlı Rusiyanın müvafiq qurumlarına yeni müraciətlər ünvanlamağı düşünürük. Çalışmalıyıq ki, Azərbaycanlı jurnalistə münasibətdə həyata keçirilən bu biabırçı yanaşma eyni zamanda Rusiya cəmiyyətində geniş müzakirə olunsun”.