"Nə yazıq ki, Azərbaycanın ən yaxşı mühəndisi Türkiyədə çalışır" - Hüseyn Arabul...

10-07-2018, 01:10           


İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) 1-ci və 6-cı enerji blokunda partlayış oldu. Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayandı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və bölgələrdə elektrik verilişinin tədricən bərpa edildiyi açıqlandı. Baş vermiş qəza ilə əlaqədar olaraq Dövlət Komissiyası da yaradılıb. Mingəçevir İES-də baş verən qəza ilə bağlı keçmiş «Barmek Azərbaycan» şirkətinin rəhbəri Hüseyn Arabulun “Azadlıq” radiosuna müsahibə verib.

Moderator.az həmin müsahibəni oxuculara təqdim edir:

– Hüseyn bəy, Azərbaycanın elektrik enerjisi sistemində son qəza haqqında Sizin dəyərləndirmənizi xahiş edirik. Azərbaycan bu sahədə çalışıbsız. Sizin fikrinizcə, bu miqyasda qəza niyə baş verdi?

– Bu cür olaylar hər zaman ola bilər. Olmaması üçün tədbirlər görülməlidir. Belə bir qəza baş verirsə, başqa nöqtələrdən enerji qaynaqları tapmaq lazımdır. Mən orda olan zaman (Bakıda işlədiyi dövrü nəzərdə tutur-red.) belə bir qəza baş verdi. Bu qəza necə baş verdi? 340 kV-luq enerji blokunun altında otlaq sahəsi vardı. İnəklər orda otlayırdı, tədbir görülməmişdi deyə, yanğın baş verdi. Amma tezliklə qarşısı alındı. Belə vəziyyətdə də öncədən tədbirlər görmək lazımdır. Mən Azərbaycana gələndə Bakının işıqları hər gün kəsilirdi. Bir-iki ay sonra isə bu kəsilmələr yox oldu. Nədən yox oldu? Çox böyük dəyişiklik etmədik. Harada, necə və nə qədər istifadə edilməsiylə bağlı koordinasiya etdik, bununla da elektrik kəsilmələri dayandı… Bu tip qəzalar Amerikada da olur. Amma 4-6 saat elektrik kəsintisi olmamalıdır.

– Sizcə, bu cür olayların baş verməməsi üçün hansı addımlar atılmalıdır?

– Hər şey bir stansiyanın üzərinə düşməməlidir. Elektrik ötürücülərinin yüklənməməsi üçün düzgün koordinasiya etmək lazımdır. Bununla bağlı tədbirlər görülməlidir. Bu tədbirlər olarsa, Mingəçevirdən gələn bir xətt elektriksiz qalar, digər xətlərdən olan enerji ötürülər. Belə də bütün ölkə işıqsız qalmaz.

– Məsələn, Siz indi Azərbaycanda çalışsaydınız, hansı alternativ işləri görərdiz?

– Mən Bakıda olsaydım, bu cür olaylar olmasına imkan verməzdim. Ən azından Bakı, Sumqayıt elektriksiz qalmazdı… Mənim zamanımda qəza baş verəndə belə 6-7 saat elektrik kəsintisi olmayıb. Bu işləri yaxşı bilən ən yaxşı mühəndis də hazırda mənim yanımda çalışır. Azərbaycanda olan zaman Ağayevi («Barmek»in texniki direktoru olmuş Vəfa Ağayevi nəzərdə tutur-red.) həbsə atdılar. Niyə həbs etdilər? İstədikləri cavabı almadıqları üçün tutdular… Nə yazıq ki, Azərbaycanın ən yaxşı mühəndisi burada (Türkiyədə-red.) çalışır. Halbuki, Azərbaycanın ən yaxşı mühəndisi Azərbaycanda olmalıydı, orda işləməliydi.

– Bu olay baş verəndə rəsmilər havaların isti olmasını, elektrikdən daha çox istifadə edilməsini, bir sözlə, yüklənmənin həddindən artıq olduğunu söylədilər…

– Mart, aprel, iyun aylarında elektrikə tələbat artar. Söhbət Azərbaycandan gedir. Amma bu elektrikin kəsilməsi üçün səbəb ola bilməz. Məncə, bu, idarənin bacarıqsızlığıdır. Mənə görə, bu belədir, başqa söz deyə bilmərəm.

Xatırlatma

«Barmek» 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb. H.Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə həmçinin, Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar verib. 2009-cu ildə isə həbs olunub. İttihama görə, H.Arabul Azərbaycandan Gürcüstana keçmək istəyərkən saxlanılıb. O və şirkətin altı əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilib. Elə həmin ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Amma təxminən bir ay sonra Gəncə Şəhər Apellyasiya Məhkəməsi H.Arabul barədə 2 illik həbs cəzası ilə bağlı məhkəmə hökmünü ləğv edib. Bir neçə gün sonra isə H.Arabul Azərbaycanı tərk edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.