Azad Kərimli: “Camaat arasında elə bir xof yaradıblar ki, onkoloji xəstə oldunsa, həyat bitdi”

21-07-2018, 08:49           
Azad Kərimli: “Camaat arasında elə bir xof yaradıblar ki, onkoloji xəstə oldunsa, həyat bitdi”
Azad Kərimli: “Camaat arasında elə bir xof yaradıblar ki, onkoloji xəstə oldunsa, həyat bitdi”
Bu günlərdə mediada onkoloji xəstəliklərlə bağlı qorxunc statistika açıqlandı. Milyonlarla insanın qarşıdakı illərdə onkoloji xəstəliyə düçar olacağı və Azərbaycanda da bu dəhşətli mərəzə yoluxanların sayının getdikcə artması Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə söhbətimizi zəruri elədi. Azad həkimlə söhbətimizdə vətəndaşlarımızı maraqlandıran digər suallara da aydınlıq gətirməyə çalışdıq.

- Azad həkim, bu günlərdə belə bir statistika açıqlandı ki, ötən il Azərbaycanda 105 uşaq xərçəngdən dünyasını dəyişib...

- O məlumatı haradan götürmüsünüz?

- Bu, Dövlət Statistika Komitəsinin məlumatındandır.

- Ola bilər. Mən onu dəqiq deyə bilmərəm. Əvvəlcə qeyd edim ki, 2013-cü ilədək Azərbaycanda uşaq onkologiyası olmayıb. Kimin imkanı var idi, uşaqlarını xaricə aparırdı, imkansızlar da yarı düzgün, yarı qeyri-düzgün müalicələr alırdılar. Sağ olsun ölkəmizin prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva, Respublika Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev. Məhz bu insanların səyi nəticəsində ölkəmizdə uşaq onkologiyası inkişaf etdirildi. Mehriban xanım 2013-cü ildə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının açılışını etdi. Axı bu vaxta qədər o sahə olmayıbsa, deməli, kadr da olmayıb. Açılışa qədər akademik Cəmil Əliyevin göstərişi ilə, bizim Tibb Universitetinin məzunlarından olan həkimlərimizin hesabına milli kadrlar hazırlandı. Həmçinin Belarusdan professor Reyman İsmayılzadə dəvət olundu. Hansı ki, bu gün də Uşaq Onkoloji Klinikasına rəhbərlik edir. Hazırda bizdə Uşaq Onkologiyası var gücü ilə işləyir. Bəli, uşaqlar arasında da bu xəstəlik yayılıb. Bu vaxta qədər olub, sabah olacaq, olmayacaq, bunu Allah bilir.

- Uşaqlar arasında yayılmasının səbəbi nədir?

- Əsasən uşaqlarda emberional xərçəngə təsadüf olunur ki, bu da rüşeymdən başlayır. Bu dəqiqə onkologiyada 100 faiz nə isə demək mümkün deyil. Çünki bunun yaranma səbəbi dünyada tam müəyyən olunmayıb. Amma müəyyən ağlabatan, qəbul olunan amillər var. Amma böyüklərlə müqayisədə uşaqlarda bu xəstəliyə tabe olmaq haradasa 99-100 faiz mümkündür.

- Ölkəmizdə hazırda neçə uşaq xərçəng daşıyıcısıdır?

- Haradasa 600-ə yaxın uşaq müalicə olunur. Ümumiyyətlə, bu xəstəliklə bağlı heç kəsdə xof yaratmaq düzgün deyil!

- Amma rəqəmlərlə müqayisə etsək, onkoloji xəstəliklərdən ölənlərin sayı heç də az deyil.

“Qadınlar 35-40 yaşından sonra ildə bir dəfə, iki ildən bir mamaqrafiyadan keçməlidirlər. Kişilər...”
- 2017-ci ilin statistik məlumatında 45 756 nəfər qeydiyyatda onkoloji xəstə var. Bunlardan da 17 527 nəfərini 5 il və 5 ildən yuxarı yaşayanlar təşkil edib. Onların arasında 25-30 il yaşayanlar da var. 2017-ci ildə xərçəng xəstəliyindən 7536 nəfər dünyasını dəyişib. İnsanlarda belə bir fikir yarana bilər ki, xərçəng xəstəliyi diaqnozu qoyuldu, adam dünyasını dəyişdi. Yox! Bunların arasında 5 il, 10 il yaşayanlar da olub. Hətta bunların dərinliyinə gedilib tam araşdırılsa, heç bunların əksəriyyəti xərçəng xəstəliyindən dünyasını dəyişməyib. Başqa amillərdən dünyasını dəyişib. Ümumiyyətlə, xəstəliklərin hamısı qorxuludur. Ürək xəstəlikləri qorxulu deyil? Dünyada ölümə görə ürək-damar xəstəlikləri birinci yerdədir. Nevroloji xəstəliklər qorxulu deyil? Görün avtoqəzadan nə qədər insan dünyasını dəyişir. Hamısı qorxuludur.


- Doktor, bayaq dediniz ki, onkoloji xəstəliyin səbəbləri hələ dünyaya məlum deyil. Bəs insanlar bu bəladan qaçmaq üçün nələrə əməl etməlidirlər?

- Gəlin açıq danışaq, xəstəlik haqqında əhali arasında maarifləndirmə işi aparmaq lazımdır. Amma bu, yoxdur. Qardaş, bu, təkcə bizim, Milli Onkologiya Mərkəzinin gücündə olan məsələ deyil. Ümumiyyətlə, xərçəng xəstəliyi ilə tək onkoloqlar mübarizə aparmamalıdır, səhiyyənin bütün sahələrində işləyən həkimlər mübarizə aparmalıdır, bu, bir. Digər tərəfdən, əgər biz bunu qorxulu, təhlükəli xəstəlik kimi qəbul ediriksə, buna qarşı bütün kütlə mübarizə aparmalıdır. Kütlənin də mübarizəsi nədən ibarət olmalıdır: sağlam cəmiyyət, sağlam ekologiya, sağlam qidalanma. Dərinliyinə getsək, bu, təkcə insanlara xas olan xəstəlik deyil, təbiətin xəstəliyidir. Canlı aləm yarandığı gündən digər xəstəliklər kimi, bu xəstəlik də olub. Vəhşi heyvanlarda, bitkilərdə, ağaclarda, ev heyvanlarında olub. İnsanlarda da çox təsadüf olunub. Çünki təkamül, şüur və demoqrafik göstəricilər var. Əhalinin sayı artdıqca təkcə xərçəng yox, digər xəstəliklər də artacaq.

- Bölgələrdə yaşayan insanların mərkəzə gəlib müayinə olunması asan məsələ deyil. Bəs onlarla bağlı məsləhətiniz nədir?

- Dünya təcrübəsində proqramlar var, xəstəliyin vaxtında aşkar olunması üçün. O, bizdə də var. Bizim həyətdə iri maşınlar var. O səyyar maşınların köməyi ilə 14-15 aparıcı mütəxəssislərlə bölgələrə gedirik. Əhali arasında profilaktik baxış keçiririk. Olur ki, bu xəstəliyi 1-ci, 2-ci mərhələdə aşkarlayırıq.

- Bu müayinələr dövlət hesabına aparılır?

- Bəli, o yoxlamaların hamısı təmənnasızdır. Elə bu yaxınlarda Ağcabədi rayonunda, Taxtakörpüdə məskunlaşmış Laçın əhalisini yoxladıq. Biz 15 nəfərdə xərçəng xəstəliyindən şübhələndik və onları Bakıya dəvət etdik. Ordan da Horadizdəki Füzuli camaatını və Cəbrayıldakı Cocuq Mərcanlı əhalisini yoxladıq. Qeyd edim ki, xərçəng diaqnozunu qoymaq elə də asan məsələ deyil, bunun üçün bir çox müayinələrdən keçmək lazımdır. Ən əsas nöqtəni pato-histoloji morfologiyanın nəticəsinə əsasən qoymaq lazımdır. Yəni mikroskop altında götürülən tikə baxılır və ondan sonra dəqiq deyilir ki, burada xərçəngdir, onun hansı növüdür. Praktik həkimlər kimi onkoloqlar o diaqnozu bilirlər, qoyurlar, ancaq yenə də o histoloji müayinənin nəticəsinə əsasən son nöqtə qoyulur. Bu, elə-belə mümkün deyil.

- Milli Onkoloji Mərkəzin imkanlarının artması vətəndaşların xaricə, müayinə üçün axınını dayandıra bilibmi?

- Bizdə atalar sözü var: “Qonşudan qalma dala”. Müstəqil ölkənin müstəqil vətəndaşlarıyıq. Hamının seçim etmək hüququ var. Heç kimə demək olmaz ki, sən bura getmə!

“Vaxtında diaqnoz qoyulduqda xərçəng yüz faiz müalicəyə tabe olan xəstəlikdir”
- Bu da sirr deyil ki, uzun illər əksər insanlarımız “ucuz müalicə və keyfiyyətli dərmanlar” üçün İrana axın elədi.

- Xeyr, onlar hamısı camaatın arasında gəzən söhbətlərdir. İrana getdi, nə oldu? Ya Türkiyəyə getdi, nə dəyişdi? O xəstələr haraya getsələr, əvvəl-axır buraya müraciət edirlər. Çünki Azərbaycanda, burada qeydiyyata düşməlidirlər. Onunla heç nə dəyişmir. Düzdür, axın xeyli azalıb, ancaq yenə gedirlər. Mən ona görə də deyirəm ki, əhali arasında maarifləndirmə işi aparmaq lazımdır, o da tək bizim gücümüzdə deyil. Bu gün ən böyük təbliğat maşını nədir? Televiziyalar. Gəlin açaq istədiyiniz kanalı. “Filan müğənni bu il harada istirahət edəcək”, “Bu, filankəsin qarderobu”. Mən bilmirəm, bunlar camaat üçün çox maraqlıdır? Bunun nə mənası var? Dilləndirəndə də deyirlər ki, “camaat sevir, baxır”. Sən bunu göstərirsən, camaat yazıq buna baxır da. Başqasını göstərsən, ona baxarlar. Ya da “filan aktrisanın ad günü”. Ay qardaşım, bu ölkədə bir professor-fizik, professor-kimyagər, professor-həkim yoxdurmu çıxarıb onun ad gününü keçirəsən? Axı onun bu cəmiyyətə, xalqa verdiyi xeyir o birisindən çoxdur. Heç olmasa, ayda 2-3 dəfə televiziyalarda elmi-publisistik proqram olsun. Mən demirəm orada söhbət tək onkologiyadan, səhiyyədən, təbabətdən getsin, elmin bütün sahələrini əhatə eləsin. Bu, həm şagirdlər, həm tələbələr üçün vacibdir. Orada elə mövzu qoymaq olar ki, hamıya maraqlı olar, hamı baxar.

- Amma telekanallar özəl tibb müəssisələrini təbliğ edirlər. Bəs buna münasibətiniz necədir?

- Çünki ödənişlidir. Normal sivilizasiyalı ölkədə tibb sahəsində də özəl sektor olmalıdır, bu, normaldır. Amma onlar onkoloji xəstəni əməliyyat edirlər. Onkoloji prinsiplərə uyğun edirlər? Yox. Onkoloji cərrahi əməliyyatın da öz prinsipləri var, onlara tam riayət olunmalıdır, bu, birmənalıdır. Xəstələr 3-5 ildən, 15 ildən sonra da olsa, bura gəlirlər. Ancaq ilk gündən bura müraciət etsələr... Bizim mərkəzdə Diaqnostika, Cərrahiyyə, Müalicə, şüa terapiyası korpusları, Uşaq Onkologiyası var, bunlar hamısı bir şəhərciyin içindədir. Yəni burada xəstəni izləmək asandır. Xaricdə əməliyyat edirlər, ancaq şüa müalicəsi almaq üçün şəhərin bu başından o biri başına gedir. Amma burada hamısı bir yerdədir və bizim işimizi xeyli asanlaşdırır. Bizə xaricdən çoxlu qonaqlar gəlir. Təcrübə mübadiləsi də var, elmi mübadilə də, maraqlananlar da.

- Xəstələr necə?

- Xəstələr də gəlir. İrandan, Qazaxıstandan, Orta Asiyadan, Rusiyanın bizə yaxın bölgələrindən gələnlər olur.

- Bizimkilər İrana gedir, demək, oradan da bura gəlirlər?

- Bəli, gəlirlər. Ona görə də deyirəm ki, camaatda inam oyatmaq lazımdır. Birincisi, heç vaxt xəstəlikdən qorxmaq lazım deyil. Vaxtında diaqnoz qoyulduqda xərçəng yüz faiz müalicəyə tabe olan xəstəlikdir. Mən heç kəsin ürəyinə qorxu salmaq istəmirəm, əksinə, həmişə istəyirəm ki, camaat ürəkli olsun. Gəlsinlər, vaxtlı-vaxtında müayinə olunsunlar. Biz arzu edirik ki, heç kəsdə nəinki onkoloji, digər xəstəliklər də aşkar olunmasın, hamı salamat yaşasın. Qadınlar 35-40 yaşından sonra ildə bir dəfə, iki ildən bir mamaqrafiyadan keçməlidirlər - süd vəzilərini yoxlatmaq üçün. Çünki qadınlar arasında ən çox təsadüf olunan süd vəzinin və uşaqlıq borusunun xərçəngidir. İndi baxaq, görək gəlib keçirlər? Yox. Gedəcək öz gözəlliyi ilə bağlı hansısa bir əməliyyat etdirəcək, düzdür? Amma qadının gözəlliyi onun süd vəziləridir. Bu gün gənc analar uşağa süd vermir ki, görünüşü pozular. Hansı ki, bunlar da fəsadlar yaradır. Elə şeylər var ki, onlar təbiətin yazdığı və qaçılmaz qanunlardır, onlara hökmən riayət etmək lazımdır. Kişilərdə ən çox ağciyərin, prostat vəzin xərçənginə təsadüf olunur. Bu xəstəliklərə qarşı vaxtında mübarizə aparmaq lazımdır. Heç kəsi qolundan tutub müayinəyə aparmaq mümkün deyil. Hər kəsin öz canında olmalıdır. İbn Sinaya sual edirlər ki, ən ağır xəstəlik hansıdır? Deyir: “Öz sağlamlığına qarşı laqeyd qalmaq”.

Yenə deyirəm, əsas güc gəlib dayanır maarifləndirmənin üstündə. Biz də camaatla görüşürük. Görürsən deyirlər ki, “yaman çoxalıb e bu xəstəlik”. Deyirəm haradan bilirsən? Qayıdır ki, “o gün onkologiyaya getmişdim, nə qədər millət var”.

- Bəli, eyni sözləri çox eşidirik...

- Ay qardaşım, bir xəstənin yanında gəlməyəndə 4 nəfər gəlir. Gəlsinlər, amma nəticədə insanların arasında başqa fikir formalaşır axı. Ki, “xəstəlik geniş yayılıb”. Xəstəyə deyirsən ki, get, UZİ kabinetində müayinədən keç! Onunla birgə 4 nəfər də gedir orada durur. Qıraqdan baxana da elə gəlir ki, bu xəstəlik necə artıb!

- Milli Onkologiya Mərkəzində neçə çarpayı var?

- 1200. Bizə yaxın digər ölkələrlə nisbətdə Azərbaycanda onkoloji xəstələrin sayı azdır.

- Ölkəmizdə qeydiyyatda 45 min xəstənin olması ilə bağlı rəqəm real görünürmü? Bəlkə insanlar özləri xəstəliyindən xəbərsizdir, yaxud müalicə olunmaq imkanları yoxdur deyə, statistikadan kənarda qalıblar?

(davamı növbəti sayımızda)
Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.