Qurban Qurbanov: "Belə qələbələrdən sonra qaçqınlar o zülmləri unudurlar"

2-08-2018, 01:41           
Qurban Qurbanov: "Belə qələbələrdən sonra qaçqınlar o zülmləri unudurlar"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi" klubunu 3:0 hesabı ilə yendikləri cavab matçından sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, 45 yaşlı mütəxəssis əvvəlcə mərhələ adladıqları ev qarşılaşması barədə danışıb...

- İlk öncə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu gün oyunumuzu daha da gözəlləşdirən onlar idi. Çox möhtəşəm azarkeşlik etdillər. Futbolçularımızı təbrik edirəm. Tam çalışdılar ki, sonadək düzgün oynasınlar. Rəqibə uğurlar arzulayıram. Cavab matçında da bizə asan olmadı. İstənilən halda, qalib gələrək növbəti mərhələyə adladıq. Gələn həftə keçirəcəyimiz III təsnifat mərhələsinin ilk matçına hazırlaşmağa az vaxtımız olacaq. BATE avrokuboklarda təcrübəli komandadır. Çalışacağıq ki, qarşıdakı 5 gündə yaxşı hazırlıq keçək.

- İnnosent Emeqara debüt matçında penaltini qaçırdı. Bu, ona psixoloji təsir etməyəcək?

- Hər bir oyundan əvvəl penalti müəllifi müəyyənləşdirilir. Sadəcə, Dani Kintana matça 2 saat qalmışadək bilinmirdi ki, oynayacaq, ya yox. Səhər məşqindən sonra özünü narahat hiss edirdi. Emeqara penaltini rahat şəkildə vurmaq istədi və ona görə müdaxilə etmədim. Ancaq ikinci zərbədə bunu etməli oldum. Emeqara penaltini vurmayandan sonra soyuqqanlı oldu. Onunla penaltini vurmamaqla bağlı söhbətləşməyimə ehtiyac yoxdur. O, optimal formasından uzaqdır. Çalışacağıq ki, yaxın vaxtda formasını bərpa etsin.

- BATE haqqında hansı məlumatınız var?

- Açığı, heç bir məlumatım yoxdu. Bu oyun yekunlaşandan sonra diqqətimizi rəqibə yönəldəcəyik. Bunu edərək futbolçularımıza düzgün məlumat çatdıracağıq. Bilirəm ki, bu gün səfərdə 2:0 hesabı ilə irəlidə idilər və sonda 2:1 hesabı ilə qalib gəldilər.

- "Qarabağ"ın sabiq baş məşqçisi Allahverdi Bağırovun qəbri ermənilər tərəfindən dağıdılıb. Bu qələbəni həmin insanın xatirəsinə həsr etmək olar?

- Həsr etməkdə heç bir problem yoxdur. Sadəcə, dəfələrlə demişəm ki, düşüncəmiz, bütün məqsədimiz "Qarabağ" adını yüksəkdə qoruyub saxlamaqdır. İlk dəfə qrupa düşəndə də qələbəni o insanlara, şəhidlərimizə həsr etmişdim. Belə qələbələrdən sonra qaçqın düşən insanlar o zülmləri unudurlar. Hansı qəhrəmanımız varsa, ona həsr edək. Oyunlara formanın üzərində şəhidlərimizin şəkilləri ilə çıxmağa gəlincə, bu, böyük turnirdir. Bilmirəm ki, buna icazə verərlərmi? Hər birini çox istəyirik, onlar qəlbimizdədirlər. Klub olaraq, çalışırıq ki, onların hörmətini saxlayaq. Qələbələrimizi qazandıqca onlar diqqətimizi görəcəklər. Böyük turnirdə kiçik bir şeyə də nəzarət olunur. Məsələni siyasiləşdirməyək, pillə-pillə irəli gedək. Qələbələrimizlə onların ruhu şad olacaq. Hər biri bizim fəxrimizdir.

- Xeyli qol epizodu boşa verildi. Bunu nə ilə əlaqələndirərdiniz?

- Vurmamaqla (gülür). Oyunda həyəcan var idi. Daha çox bununla bağlı idi. İnanıram ki, futbolçularımızda növbəti oyunlarda daha böyük məsuliyyət olacaq və həmin epizodlarda daha soyuqqanlı olacaqlar.

- Mahir Mədətov hücumda özünü göstərə bilmir, narahat hiss edir...

- Qol vurmamağa görə heç kimi tənqid etməmişəm. Mahirin qaçırdığı epizodlar əsasən hücumçuların epizodlarıdır. Mədətov belə epizodları 3-4 dəfə tapırsa, məni qane edir. Onun hərəkətlərindən hücumçu olduğu hiss edilir. Futbolçu o haqda düşünməməlidir ki, qol vura bilmədi. Sadəcə, fərqlənə bilmədiyinə görə ruhdan düşdü. Qol vurmayandan sonra azarkeşlər, futbolçular onu daha çox alqışladılar.

- Qışadək transfer çalışmaları gözlənilir?

- Açığı, bu yöndə çalışmalarımız bitməyib. Axtarışdayıq. danışqılar gedir. Düşündüyümüz alınsa, yeni transfer görə bilərsiniz.

- Hansı xəttə?

- Hücum xəttinə. Yarımmüdafiə və hücuma da axtarışlarımız gedir.

- İslandiyalı qapıçını böyük ümidlərlə transfer etsəniz də, hazırda kölgədə qalıb...

- Belə demək düzgün deyil. İlk oyun idi ki, "18-liy"ə salmışdım. O. düşərgəmizə zədəli gəlmişdi. Qarşıdakı oyunda meydana çıxmaq ehtimalı var. Hər bir qapıçı mənim üçün dəyərlidir. Matçlarda rotasiya etmişik və hər birinin oynamaq ehtimalı var. Dəfələrlə demişəm ki, bu gün oynayanların sabah da əsas heyətdə yer almasıma təminat yoxdu. Heyətimizdə dəyişikliklər rəqibə görə də olur.

- Millidə müdafiənin mərkəzindəki problem son vaxtlar çox müzakirə olunur. Rəşad Sadıqovun qayıtmasınn mümkünlü haqda danışırlar...

- 10 gün olar Ruslan Abışov zədələnib. Ölkədə mərkəz müdafiəçisi problemi var. Ruslan kimi oyunçunun zədələnməsi arzuolunmazdır. Rəşadı qaytarmaq haqda düşünməmişəm. O, milli karyerasını bitirib. Açıqlamasında deyib ki, çox vacib lazım olsa, qayıda bilər. Ancaq bu barədə söhbətimiz olmayıb.

- Tofiq Bəhramov adına Respublika stadionunun qazonu sıradan çıxıb. Bu, BATE-ylə matçda problem yarada bilərmi?

- 4 gün əvvəl daha pis idi. Dünən səhər bir az irəliləyiş vardı. İstilərə görə otun bəzi yerləri yanmışdı. Mütəxəssislər bizə deyiblər ki, növbəti ev matçımızadək minimum belə vəziyyətdə qalacaq. İstəməzdim ki, meydan pisləşsin, İnanıram ki, minumum belə olar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.