""Yaşıl teatr"dakı konsertin təşkilatçıları ilə müqavilə bağlamışam ki, kanallarda çıxış etməyim"

2-08-2018, 09:45           
""Yaşıl teatr"dakı konsertin təşkilatçıları ilə müqavilə bağlamışam ki, kanallarda çıxış etməyim"
Əməkdar artist Baloğlan Əşrəfov uzun zamandır efirlərdə görünmür.

B.Əşrəfov Moderator.az-a müsahibəsində gələn ay "Yaşıl Teatr"da baş tutacaq konsertinə hazırlaşdığını bildirib.

Əməkdar artistlə qısa müsahibəni təqdim edirik:

- Baloğlan müəllim, uzun zamandır görünmürsünüz?

- Sentyabrın 8-də "Yaşıl Teatr"da konsertim olacaq və konsertin təşkilatçıları mənimlə müqavilə bağlayıb ki, kanallarda çıxış etməyim, çünki konsertdə tamaşaçıların sayı çox olsun.

- Televiziya kanallarından dəvətlər varmı?

- Əlbəttə, dəvətlər var. Zəng vururlar deyirəm ki, konsertə hazırlaşdığıma görə vaxtım yoxdur.

- Baloğlan müəllim, bu gün sizi daha çox narahat edən nədir?

- Mən musiqiçiyəm, öz sənətimlə məşğulam. Siyasətlə maraqlanıram, amma qarışmıram. Mən də Azərbaycan vətəndaşları kimi bir ömür sürürəm.

- Vaxtilə çox ağır bir əməliyyat keçirdiniz. İndi səhhətiniz necədir?

- Səhhətim əladır. Ondan sonra mən nələrə nail olmadım. Konsertlər verdim, on il ərzində Azərbaycanı qarış-qarış gəzdim. Elə bir rayon, elə bir yer qalmadı ki, iştirak etməyim. Dövlət tədbirlərində də iştirak etdim və hal-hazırda da bu davam edir.

-Bəzən deyirlər ki, siz keçirdiyiniz o ağır əməliyyatdan sonra qazandığınızı insanlara paylamalı idiniz. Bu fikirə münasibətiniz necədir?

- Mənim işim oxumaqdır. Bizim əlimizdən nə gəlirsə, insanlar üçün edirik. Orda-burda etdiyim xeyirxah işlərə görə arxamca kamera gəzdirən deyiləm ki. Uşaq evlərində, qocalar evində konsertlərim olub. Bəziləri kimi bunu nəyinsə xatirinə etməmişəm. Adam etdiyini deməz, Allahın yanında günaha bataram. Tamaşaçılar da başa düşür ki, mən təzədən həyata qayıdıb ailəmi dolandıra bilirəmsə, heç kimə boyun əymirəmsə, bu Allahın mənə bəxş etdiyi bir ömürdü. Bu günə kimi əlimdən nə gəlib etmişəm. İmkanı olmayan o qədər adamın toyunda oxumuşam. Bunu Allah bilir. Etdiklərimi mətbuat vasitəsi ilə kiməsə bildirsəm, onda doğru olmaz axı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.