"Məktəb və universitetlər onların dədəsinin dükanı deyil ki, istədikləri kimi hərəkət etsinlər"

3-09-2018, 12:27           
"Məktəb və universitetlər onların dədəsinin dükanı deyil ki, istədikləri kimi hərəkət etsinlər"
“Elə rektorlar var ki, onların qəbuluna düşmək üçün yüz adama ağız açmaq lazımdır”


Məktəbin direktoru təyin edilməməlidir, onu kollektiv seçməlidir, həmçinin universitetlərdə də rektorları kollektiv seçməlidir ki, sabah rektor həmin kollektivin qarşısında hesabat versin...

Son zamanlar valideynlərin uşaqlarını rus bölmələrində oxutması il-ildən artır. Artıq bu il rus bölmələrinə yerlər dolub. Statistik məlumatlara görə Azərbaycanda 4 min 427 orta məktəbdən 360 rus bölməsi var. Ekspertlər isə müxtəlif fikirdədirlər, hesab edirlər ki, rus dilindəki dərsliklər daha keyfiyyətlidir və Azərbaycan dilindəki dərsliklərdə islahatların aparılmasına ehtiyac var.

Moderator.az-a açıqlamasında sabiq təhsil naziri, görkəmli türkoloq Firudin Cəlilov bildirdi ki, buna səbəb Azərbaycan dilində olan dərsliklərin və tədrisin keyfiyyətinin rus dilinə nisbətən aşağı olmasıdır:

“Son zamanlar uşaqların rus bölmələrində təhsil alması məsələsi gündəmdə çox yer alıb və bunun da gerçək səbəbləri var. Bu ondan ibarətdir ki, orta məktəblərdə rus bölmələri ilə Azərbaycan bölmələri arasında çox böyük fərq var. Rus bölmələrində tədris keyfiyyətli qurulub, dərsliklər mükəmməldir, professional pedaqoqlar, alimlər tərəfindən bu dərsliklər hazırlanıb. Azərbayacan dili dərsliklərində isə kim gəldi dərslik yazır. Dərslik çox ciddi məsələdir. Orta məktəbdə şagirdin formalaşmasında üç əsas faktor var: müəllim, mətkəbin təlim-tərbiyyəsi və dərsliklərin keyfiyyəti. Azərbaycan dilində olan dərsliklər bərbad vəziyyətdədir, müəllimlərin şagirdlərə qarşı münasibəti də o qədər ürəkaçan deyil, niyə? çünki əmək haqları azdı deyə dərslərini həvəslə demirlər. Bundan başqa məktəblərə çox ciddi pedaqoji nəzarət olmalıdır. Hər məktəbin ailə üzvlərindən ibarət şuraları yaradılmalıdır ki, hər ay bir dəfə toplaşaraq problemləri müzakirə etsinlər.

Bir də məktəblərin direktor məsələsi problemi var. Məktəbin direktoru təyin edilməməlidir, onu kollektiv seçməlidir. Həmçinin universitetlərdə də rektorları kollektiv seçməlidir ki, sabah rektor həmin kollektivin qarşısında hesabat versin. Amma indi elə rektorlar var ki, onların qəbuluna düşmək üçün yüz adama ağız açmaq lazımdır. Belə biabırçılıq olmaz, axı. Məktəb və universitetlər direktorların, rektorların dədəsinin dükanı deyil ki, istədikləri kimi hərəkət etsinlər. Bu məsələlərə ciddi yanaşamaq lazımdır. Bütün bunları nəzərə alanda, valideynlər görür ki, rus bölməsində oxuyan uşağın intellektual səviyyəsi daha yuxarıdır ona görə də uşaqlarını ora qoyurlar, amma bu da yalnış addımdır. Azərbaycan dili bölmələrində çalışmaq lazımdır ki, sadaladığım problemlər aradan qaldırılsın və bu kimi problemlər yaşanmasın. Uşağın rus bölməsində təhsil alması onu öz mədəniyyətindən, ədəbiyyatından ayrı salır. Bu kimi problemlərimiz televiziyalarımızda, mətbuatda müzakirə olunaraq valideynlərə izah olunmalıdır ki, bunu etməsinlər. Bunu ancaq belə düzəltmək olar, yoxsa ki, əmr verməklə deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.