Pərviz Cəbrayıl: “Azərbaycanda adam ətinin alveri gedir…” – Müsahibə
10-09-2018, 08:26
Yazıçı Knut Hamsunu acından öldürən Norveçdə indi nəinki əli qələm tutanların aldığı qonorar onlara lüks həyat nəsib edib, adi adamlar arasında yaxşı yaşamağın monotonluğundan bezar olub intihar edənlərə də rast gəlinir.
35 yaşında səfil gündə ölən və müalicəsinə pul tapa bilməyən, öləndən sonra əsərləri satanları varlandıran rəssam Amadeo Modilyani də kaş İtaliyada indi rəssamların necə yaşamasına vaqif olaydı.
“Mən pul üçün yazmağa başlamışam, şöhrət haqda fikirləşməmişəm. 12 yaşlı oğlumla Londonda vəziyyətin ağırlığından fahişələrlə eyni evdə yaşamalı olmuşam”, – deyən və heç zaman qürurunu, qələmini əyməyən ingilis yazıçısı Dorris Lessinqin ölkəsində də yaradıcı adamlar üçün bu problemlər çoxdan geridə qalıb.
Bizdə isə yazmaq marazmı ilə qoşa addımlayan yoxsulluq, işsizlik bəlası get-gedə hamını çulğalayır, sözə işləyən imzalar bu girdabın içində çabalayırlar.
Kafkanın təbirincə desək, yazmaq zərurəti həm xoşbəxtlikdir, həm işgəncə… Bu işgəncələrin getdikcə şiddətlənməsinin qulaqbatıran səsləri eşidilməkdədir – Azərbaycanın istedadlı, xarakterli qələm adamları yoxluğa yuvarlanırlar.
Elə bu dərin yaranı qanatmaq məqsədi ilə AzEuroNews.com-da “Yazıçının günü” müsahibə–rubrikasına start vermişik. Və layihənin ilk qonağının dostum, yazıçı-jurnalist Pərviz Cəbrayıl olmasını istədim…
– Pərviz bəy, bizim rubrikanın adı “Yazıçının günü”dür. Necə keçir gününüz?
– Komsomolun canı it canı, yazıçının günü it günüdü. Rubrikanın adı maraqlıdı. İkibaşlıdı. Birici mənası bir günün təsviri olmalıdı ki, bu, məişət zəminində olacaq. Belə demək olarsa, üst qatda hamı kimi. Alt qat üçünsə artıq nəsr lazımdı. O da bir müsahibəlik şey deyil. İkincisi isə oynaq mənalıdı. İkinci, oynaq mənanın cavabı budu ki, yazıçının günü olmur.
Ən azı bu ölkədə. Ancaq istənilən yazıçının hədəfi odu ki, bir gün onun da günü olsun. Ona görə də bütün günlərini, bütün ömrünü göy əskiyə düyünləyir yazıçı.
“Neft isə, sadəcə, bizim ədəbiyyatın rəngidi…”
– Sizcə, nə vaxtsa, doğrudan bir gün yazıçının günü olacaqmı bu həyatda, bu ölkədə?
– Bu həyatda bəlkə də ola, ancaq bu ölkədə olacağına inanmıram. Bu düzən, bu sistem, bu ədəbi təsərrüfat reallıqları ancaq ona işarə edir ki, bizim yazıçıların iztirablarının perspektivi yoxdu.
Bizdə yazıçı, sadəcə, bir şeyə nail ola bilər – ən ideal olan şey – şedevr yaratmaq. Ancaq bu ölkədə şedevr yaratmaq öz qəbrini öz əlinlə qazmaq kimi bir şeydi.
Şedevr yaradan yazıçı bundan nə qədər sevinsə də, həyatı psixoloji baxımdan daha cəhənnəmə çevriləcək. Çünki onda bu ölkə üçün nə qədər gərəksiz olduğunu min qat artıq anlayacaq.
Təsəvvür elə, pulla qızların baş hərfindən şeir yazıb rahat gün-güzəran keçirən bir alverçini, onun qazancını görəcək, qəhr olacaqsan. Ona görə yox ki, o şeir adıyla qaz vurub, qazan doldurur, yox, ona görə ki, sənə yaxınların deyəcək: “Bax, görürsən?..” Hə, bax onunla müqayisə olunduğunu eşidəndə qəhr olacaqsan.
Azərbaycan gerçəkliyi yazıçının üstünü elə basdırıb ki, o, neft yatağı olsa belə, kimsə onu görməyəcək. BP belə görməyəcək. Neft isə sadəcə bizim ədəbiyyatın rəngidi. Qaralar altında basdırılan qara… Kim görə bilər ki?
“Səni müəyyən qədər pulla satın alırlar, sağ qalmaq şansı verirlər, ancaq ədəbiyyatda öldürürlər, perspektiv ölünü alırlar”
– Bəs, onda Çernişevski demişkən, nə etməli? Bu haqda fikirləşirsinizmi? Axı bu Sizif günü ilə bərabər, yazıçının bir də ailədəki günü var – gündəlik qayğılar, məişət problemləri…
– Əxican (bu iki dostun çox qədim xitabıdır – E.S), bəlkə də Azərbaycanda bundan ağır sual yoxdu: nə etməli? Gecə-gündüz başını sındırsan da, heç nə hasil olmur.
Nə edəcəyini bilirsən hətta. Ancaq necə və nəylə edəcəyini bilmirsən. Əlbəttə, yazıçının edəcəyi, etməli olduğu tək şey yazmaqdı. Və tək inqilabi borcu da yaxşı yazmaqdı.
Ancaq az qala yazıçı üçün bu haqda düşünməyə vaxt, beynində bunun üçün yer və güc qalmır. Çünki ancaq ailə problemlərini, sosial qayğıları, yəni “nə etməli”ni düşünür.
Əgər özünü yazıçı kimi müəyyən qədər göstərə, imzaya çevrilə bilibsə, dərhal ədəbiyyatın bic balası azərbaycansayağı jurnalistikadan təklif gəlir, ya özün təklif edirsən, sonra səni alırlar.
Bəli, səni müəyyən qədər pulla satın alırlar. Sənə həyatda sağ qalmaq şansı verirlər, ancaq ədəbiyyatda öldürmək şərtilə. Bir növ sənin ölünü, yaxud perspektiv ölünü alırlar.
Satılmayan qəzetlər geri qayıdıb makulatura olandan sonra necə meyvə-tərəvəz alverçilərinə, təndir çörəyi sexlərinə, ev təmiri ustalarına ucuzuna, özü də topdan satılırsa, yazıçı da elə. Çünki onun da bu cəmiyyətdə o qəzetlər kimi alıcısı yoxdu, geri qayıtmış kağız kimidi.
Yazıçı həyatı bilir, fantaziyası var, hər şeyə yaradıcı yanaşır. Ona imkan versən, hətta yaxşı fermer də ola bilər, bunun elə ABŞ yazıçıları arasında da gözəl nümunələri var.
Mənim gözəl ideyalarım var hansısa biznes qurmaq üçün, yeri gəlmişkən, bütün ideyalarım torpaqla, kənd təsərrüfatı ilə bağlı olur. Özüm də torpaq işarəsi altında doğulmuşam.
Ancaq o ideyaları gerçəkləşdirmək üçün vəsait lazımdı. Nəhayət, gecə-gündüz düşünməkdən yorulub həkdən düşürsən, o qənaətə gəlirsən ki, heç nə etməməli. Eləcə, çürüyə-çürüyə yazmalı və bir gün ölməli.
“İndi bu “ət biznesi”ylə məşğul olan rəhbərlər ki var, onlar bir növ hanniballardır, adamın ayağından başlayıb, sonunda başını yeyirlər”
– Amma indi deyəsən qələm əhlinin heç ölüsünü də almırlar. Sanki daha istismarçılar üçün lazımsızlaşıblar. Hərçənd 3 il qabağadək başlarına şabaş səpirdilər.
Yəni, hazırda bir batalyona bərabər şair, yazıçı, jurnalist işsizdir. Bildiyim qədər, sizin də yazmağa tək bir yeriniz var. Bəlkə gedəsiz ölkədən?
– Maraqlıdı, elə bir az əvvəl sanki bu sualın cavabı üçün yazdığım yazımı redaktə edirdim, “Ayna”ya göndərəcəm. Bəlkə elə bu müsahibədən əvvəl sayta qoyuldu. Yazının çox sadə başlığı var: “Mən niyə ölkədən getmədim…”
Bircə onu deyə bilərəm ki, bu ölkədən yalnız teokratik dövlət qurulacağı halda gedərəm. Bu haqda “Yad dildə” romanımda var, oxuyanlar bilir.
O yerdə ki, hökmlərə şübhəylə, tənqidi yanaşmaq, sorğulamaq olmaz, demək, nəinki azadlıq, orada insan deyilən şeyin özü bilmərrə yoxdur. Sadəcə, rəsmi qeydlərdə mövcudluq, heyvan kimi qidalanmaq və nəsilartırma ilə kifayətlənmək.
Sualın o hissəsi də gerçəklikdi: “daha qələm əhlinin heç ölüsünü də almırlar”. Doğrudu. Ancaq daha alası yer də yoxdu. Ən az hələlik.
Məqsəd öldürmək idi, öldürdülər, indi yeni bir dalğa gələcək, o dalğa ilə yeni nəsil qələm adamları zühur edəcək, onları da aclıqdan xilas etmək adıyla ətlik üçün alacaqlar. Beləcə, onları da öldürəcək, yenilərini gözləyəcəklər.
Bəli Azərbaycanda adam ətinin alveri ilə məşğul olanlar var. Ət sexi açıblar. O ət sexi daim çalışır, o, boş dayana bilməz, dayanmadan ağzına ət atmalısan. Ət də ədəbiyyatda itinə tök.
Hətta bir az mübaliğəli olsa da, deyərdim, indi bu “ət biznesi”ylə məşğul olan rəhbərlər ki var, onlar bir növ hannibal, adamyeyəndilər, adamın ayağından yeməyə başlayıb, sonunda başını yeyirlər. Kim qaçıb canını qurtara bilirsə, nə mutlu ona. Ona görə də işsizliyin dərdini çəkmək yerinə, qurtuluşa sevinmək lazımdı…
AzEuroNews.com