“Əgər Nuru Paşa bunu etməsəydi, Bakını azad edib, qayda-qanun yarada bilməzdi...”

11-09-2018, 20:01           
“Əgər Nuru Paşa bunu etməsəydi, Bakını azad edib, qayda-qanun yarada bilməzdi...”
Cəmi bir neçə gündən sonra Cümhuriyyətlə bağlı daha bir tarixi hadisənin - Bakının daşnaklar, bolşeviklərdən azad edilməsinin 100 illik yubileyi qeyd olunacaq.

1918-ci il 15 sentyabr tarixində Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu şəhəri işğalçılardan azad edərək, Cümhuriyyət hökumətinin ən böyük problemini həll etmiş oldu.

Bu şanlı tarix miqyası, əhəmiyyətlilik dərəcəsinə görə elə 28 May İstiqlaliyyət Bəyannaməsinin oxunduğu günlə də müqayisə edilə bilər.

Bəs, üstündən 100 il keçsə də biz Nuru Paşa və onun əzəmətli ordusu barəsində nələri tədqiqatlardan kənarda saxlamışıq? Bu tarixi şəxsiyyət və tarixi missiya ilə bağlı nə araşdırılmayıb.

Tarix elmləri doktoru, araşdırmaçı Nəsiman Yaqublu Moderator.az-a açıqlamasında sualla bağlı maraqlı detala toxunub. Onun fikrincə, adıçəkilən mövzu ilə bağlı bir çox detallara müraciət olunmayıb:

“Nuru Paşanın ciddi hərbi rejim və intizam yaratması haqqında daha müfəssəl araşdırmalara gərək var. Həmçinin, onun erməniləri ciddi cəzalandırması məsələsi...O, ingilislərlə ciddi problemlər yaşayıb. Bunların hamısı ciddi şəkildə araşdırılmalıdır. Üstəlik, Osmanlı Türkiyəsi rəhbərliyi ilə razılaşmaq istəməməsi məsələsini də...”
Nuru Paşanın Bakıda yaratdığı ciddi və vacib intizam araşdırmaçının da dediyi kimi, çox araşdırılmayıb. Daha doğrusu, həmin dəmir intizamın lazımlılığı və mövcud situasiya üçün gərəkliliyi, faydaları tədqiqatlardan kənarda qalıb. Bu səbəbdən də, bu məsələyə bəzən, birmənalı münasibət olmayıb. Nuru Paşanın az qala, xilas motivi kimi tətbiq etdiyi intizamı başqa yerə yozublar. Tədqiqatçı açıqlamasında buna da toxunub:

“Nuru Paşa hərbiçi idi. O, bu rejimi tətbiq etməsə idi Bakını azad edib qayda-qanun yarada bilməzdi. Çünki rus və ermənilər bizim müstəqil olmağımızı istəmirdi. Diqqət edin ki, həmin vaxt Azərbaycanda 350 minə qədər rus, 300 mindən çox isə erməni vardı. Bizim toplum isə onlarla müqayisədə yeni siyasiləşməyə başlayırdı.Onlar isə siyasi cəhətdən bizdən hazırlıqlı və həm də silahlı dəstələrə malikdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.