“Azərişıq” sisteminə kənar müdaxilə iddiası yenidən gündəmdə

12-09-2018, 20:53           
“Azərişıq” sisteminə kənar müdaxilə iddiası yenidən gündəmdə
İyul ayı Azərbaycanın enerji təchizatı sistemində yalnız 3 iyul qəzası ilə yadda qalmadı. Yayın ən qızmar ayı olan iyul həm də əhalinin elektrik sayğaclarının ən yüksək məbləğləri “yazması” ilə diqqəti çəkdi. Ay başa çatandan bir həftə-on gün sonra sosial şəbəkələrdə fantastik enerji sərfiyyatını əks etdirən bildirişlər nümayiş olunmağa başladı. Bütün ölkə boyu əhalinin narazılıqları aşıb-daşdı. Hamı sərfiyyatın heç vaxt olmadığı qədər yüksək hesablanmasından narazılıq edirdi. Məsələn, “Yeni Müsavat”ın əməkdaşı iyul ayının yarıdan çoxunu Bakıdan kənarda yaşayıb. Ayın sonunda isə aldıqları bildirişdə elektrik enerjisinə görə 86 manat borclu olduqlarını öyrəniblər. Əməkdaşımız deyir ki, 1 ay byunca evdə kondisioner və digər məişət cihazları işlədəndə bu, 50 manatı keçməyib. Belə faktlar minlərlədir. Bu isə əhalidə haqlı narazılıqlar doğurur.

“Azərişıq” ASC-nin ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirdiyi izahedici görüş belə bu narazılığı azaltmadı. Xatırladaq ki, həmin görüşdə qurum rəsmiləri sayğaclara, ASC-nin ümumi sisteminə kənar müdaxiləni birmənalı olaraq istisna edərək, yüksək sərfiyyat göstəricilərini iyul ayında havanın isti keçməsi ilə bağlı əhalinin daha çox elektrik enerjisindən istifadə etməsi ilə əsaslandırmağa çalışdılar.

Onu da qeyd edək ki, həmin görüşdə iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, kənardan “Azərişıq”ın sayğaclarına müdaxilə olunması ehtimalı var: ““Ağıllı sayğac”larla bağlı qısa bir araşdırma aparandan sonra qənaətim budur ki, son aylarda “Azərişıq”ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar var.

Yəni mediada müzakirə mövzusuna çevrilən çoxsaylı şikayətlər şübhələnmək üçün əsas verir ki, əslində evlərdəki elektrik avadanlıqları az enerji sərf edib, “ağıllı sayğac” bunu çox göstərib. Daha doğrusu, sayğac texniki səbəbdən və ya məqsədyönlü olaraq sərfiyyatı düz hesablamayıb. Qısa araşdırmada görmək olar ki, belə bir problem çox yerlərdə olubmuş. “Ağıllı sayğac”lara qarşı ciddi ittihamlar çox olub. Hətta elə ölkələr olub ki geriyə, köhnə sayğaclara keçid təklif olunub”.

Ekspert deyir ki, köhnə sayğaclardan “ağıllı sayğac” ın əsas fərqi odur ki, onun sadəcə yaddaşı var və ekranda olan məlumatlar, gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni “Azərişıq”a ötürülür: “Sistem elə qurulub ki, “Azərişıq” uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən də ola bilir.

Buradan belə qənaətə gəlmək olar ki, sayğacların düz işləməməsi və sərfiyyatın çox yazılması ilə bağlı problem bir sıra səbəblərdən yarana bilər. Birincisi budur ki, “ağıllı sayğac ”ların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki, hansısa səbəbdən iş prinsipi pozulub. Yəni sərfiyyatı sadəcə düz hesablamır. İkinci səbəb bu ola bilər ki, “Azərişıq”ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir billing sistemə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qazananlar oldu). Daha bir variant budur ki, insan amili rol oynayıb. Yəni manual olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan bu inandırıcı görünmür. Bundan əlavə, ola bilər ki, “Azərişıq”ın real billing sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub. Və rəsmilər də manual olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.

Sosial mediada bəzən səslənir ki, bu, “Azərişıq” tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib.

Dərhal qeyd edim ki bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdırmaq mümkündür”.

Mütəxəssis deyir ki, hazırda sistem elə qurulub ki, “Azərişıq həm məhsul (enerji) satır, həm onun çəkisini ölçmək üçün tərəzisini (sayğacı) özü quraşdırır, bu məlumatı özü mərkəzə ötürür və həm də arxada, serverdə onun hesablamasını özü aparır: “Proqram təminatlarını da özləri daxildə yazıblar. Düşünürəm ki, bütün bu proseslərin hamısı həm digər aidiyyəti dövlət qurumlarımız və beynəlxalq qurumlar tərəfindən, yaxşı olar ki, həm də müstəqil ekspertlər tərəfindən audit olunmalıdır. Fikrimcə, həm dövlət nəzarəti gücləndirilməlidir və həm də ictimai nəzarət üçün imkanlar yaradılmalıldır. Yalnız bundan sonra sistemin güvənliliyinə təminat vermək olar”.

O.Gündüz hesab edir ki, dövlət qurumlarının informasiya sistemlərinin auditinə cavabdeh qurum olan Xüsusi Dövlət Mühafizə Xidməti, həmçinin eGov üzrə səlahiyyətli qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Energetika Nazirliyi “Azərişıq”ın bütün şəbəkəsini və billinq sistemini audit etməlidir.

Maraqlıdır ki, sentyabrın əvvəlində əhaliyə təqdim olunan bildirişlərdə sərfiyyat göstəriciləri iyul ayı ilə müqayisədə bir neçə dəfə aşağı məbləğlə ifadə olunur. Bir çox sosial şəbəkə istifadəçiləri bunu iyul ayı üzrə göstəricilərin saxtalaşdırılmasının təsdiqi kimi qiymətləndirirlər. “Azərişıq” İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev isə əksinə, bu fikirdədir ki, avqust ayı üzrə aşağı sərfiyyat göstəricisinin gəlməsi iyulda sistemdə heç bir yanlışlıq olmadığının, sayğacların məhz əhalinin istifadə etdiyi enerjini yazdığının göstəricisidir: “Avqust ayında havalar iyuldan qat-qat sərin keçdi. Ona görə də sərfiyyat göstəriciləri indi qat-qat aşağıdır”.

T.Mustafayev ASC-nin billing sisteminə hər hansı kənar müdaxilənin mümkün olmadığı fikrindədir: “Sayğaclara da kənardan müdaxilə mümkün deyil. Yalnız fərdi qaydada, fiziki müdaxilə ola bilərdi, lakin hamıya eyni vaxtda bunu etmək də mümkün deyil. Burada yeganə səbəb oldur ki, iyul ayında anomal istilər olduğuna görə əhali enerjidən daha çox istifadə edib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.