İlham İsmayıl: “Talış separatçısı Fəxrəddin Abbasovun məsələsi qalanlara dərs oldu”

13-09-2018, 08:35           
İlham İsmayıl: “Talış separatçısı Fəxrəddin Abbasovun məsələsi qalanlara dərs oldu”
İlham İsmayıl: “Siyasi xarakterli, xüsusilə separatizmlə bağlı şəxslərin tutulub təhvil verilməsi müəyyən danışıqların nəticəsində baş verir”
Xəbər verildiyi kimi, sentyabrın 6-da Moskvanın Lübertsı rayon polisinin əməkdaşları tərəfindən Azərbaycanın beynəlxalq axtarışa verdiyi Fəxrəddin Abbasov (Aboszoda) saxlanılıb. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2, 283.1 maddələri üzrə ittiham irəli sürülüb.

Sentyabrın 7-də Moskva vilayəti Lübertsı şəhər məhkəməsinin hakimi İ.A.Juravlyova Abbasovun Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə onun barəsində 1 ay müddətinə həbs cəzası hökmü çıxarıb. F.Abbasov barəsində cinayət işi 2018-ci ilin iyul ayının 12-də Bakı şəhəri Səbayel Rayon Məhkəməsi tərəfindən başlanıb. İyulun 14-də isə onun barəsində 4 ay müddətinə həbs qərarı çıxarılıb və F.Abbasov beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, 1956-cı ildə Lerik rayonunda anadan olan F.Abbasov 1993-cü ilin yayında qondarma “Talış Muğan Respublikası”nın “parlament sədri” seçilib. 1994-cü ildə Azərbaycanı tərk edib və Rusiyada yaşamağa başlayıb. 2005-ci ildə Azərbaycana qayıdaraq talış dilində “Şavnışt” qəzetini dərc edib və az sonra yenidən Rusiyaya qayıdıb.

F.Abbasov uzun illərdir Azərbaycana qarşı hədyanlar yağdırmaqla, ölkəmizin ərazi bütövlüyü əleyhınə fəaliyyət göstərməklə məşğul olurdu. O, müxtəlif konfranslarda ölkəmiz və qardaş Türkiyə əleyhinə cinayət xarakterli təxribatlar törədirdi. Sirr deyildi ki, o və ətrafındakı dəstə xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetırirdilər. Xüsusilə də ermənilərlə əlbir olub İrəvandan yayımlanan “Talışıstan” televızıyasının fəaliyyətini koordinasiya edirdilər.

Onun yaxın zamanlarda Azərbaycana ekstradisiya olunacağı gözlənilir. Rusiyanın bu jesti müsbət qiymətləndirilir. Hesab olunur ki, Bakı-Moskva münasibətlərinin kifayət qədər inkişaf etməsi şəraitində Azərbaycan dövlətinə qarşı separatçılıq fəaliyyəti ilə məşğul olan digər şəxslərin də həbs edilib ölkəmizə gətirilməsinə nail olmaq mümkündür. Yeri gəlmişkən, illər öncə də Rusiya Azərbaycanın axtarışa verdiyi bəzi şəxsləri ölkəmizə təhvil verib. 4 iyun qiyamının əsas “qəhrəmanı” Surət Hüseynov yalnız 1997-ci ilə qədər Rusiyaya sığına bildi, sonradan Moskva onu Bakıya təhvil verdi. Belə hesab olunur ki, Rusiya hansısa istəklərinin qarşılığında “Sadval”çıları, digər talış separatçılarını, yaxud Qarabağ separatçılarını da cəzalandırmaqla bağlı Bakının istəklərini nəzərə ala bilər. Hətta Rusiyadan tranzit ölkə olaraq istifadə edənlərin də saxlanılması ehtimal olunur.

Sabiq milli təhlükəsizlik zabiti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, F.Aboszadənin Bakıya təhvil verilməsi haqqında qərar varsa, çox təqdirəlayiqdir və Azərbaycanın birmənalı uğurudur: “Özünü talış separatçılarının lideri sayan bu şəxsin zamanında özbaşına fəaliyyət göstərmədiyi məlum məsələ idi. Bu gün F.Aboszadənin tutulub təhvil verilməsi bir profilaktika da olacaq. Azərbaycanda separatçı ideyaları yayan, onu təqdir edənlər az deyil. Bu həbs onların hamısına bir dərs oldu, hətta bəzi rus politoloqlarına da, çünki Satanovski kimiləri hər zaman efirdən Azərbaycanı talış, ləzgi, avar separatizmi ilə hədələyirdi. Bu həm də o mənada dərs olacaq ki, Rusiyanı özünə arxa bilənlər unutmasınlar ki, dövlət maraqları üst-üstə düşəndə satqınları yenidən satmaq çətin deyil”.

Ancaq İlham İsmayıl hesab edir ki, başqa separatçıların da təhvil veriləcəyi az inandırıcıdır: “Moskva təsir və təzyiq vasitələrini tamam sıradan çıxarmağa qərar verə bilməz. Siz dediyiniz kimi olsaydı, elə adları biz tərəfdən verilmiş başqa separatçıları da Aboszadə ilə bir yerdə tutardılar. Rusiya belə məsələlərdə alver etməyi bacarır. Amma yenə də deyirəm, bu, qalanlara dərs oldu ki, onlar Rusiya üçün müqəddəs deyillər, hər zaman öz maraqları naminə Rusiya onları təhvil verməyə hazırdır. Rusiyanın adi kriminalları verməkdə problem yoxdur və verir də. Siyasi xarakterli, xüsusilə separatizmlə bağlı şəxslərin tutulub təhvil verilməsi müəyyən danışıqların nəticəsində baş verir və ya imtina olunur. Ona görə də bu istiqamətdə işi daim diqqətdə saxlamaq lazımdır”.

Bəs Qarabağ separatçılarına qarşı da analoji addımlar atıla bilərmi? Rusiya erməni separatçılarını müdafiə etmədiyini sübut etmək üçün bir nümunə ortaya qoya bilərmi?

İ.İsmayıl deyir ki, Bakı-Moskva münasibətlərini separatizmdən kənar - xüsusilə Qarabağ separatçılarından - normal saymaq olar: “Rusiya ona sığınanları nadir hallarda təhvil verir, çünki bu meylləri və fəaliyyəti o özü yaradır və istiqamət verir. Söhbət yalnız Azərbaycana qarşı olanlardan getmir. Əsgər Akayev, Bakıyev də Moskvaya sığınıblar. Belə bir missiyası olduğundan Rusiya sonadək təhvil verməyə getməyəcək. Avropaya sığınmaqla Rusiyaya sığınmaq arasında böyük mahiyyət fərqi var. Separatçılar bir müddət susa bilərlər, amma sığındıqları dövlət onlara tapşırıq verən kimi yenə başlayacaqlar. İndiki vəziyyətdə onlar bir müddət susa bilərlər. Qarabağ separatizmini yaradan bir ölkə bu işdə əli olanları təhvil verməz. Heç Ermənistana da öz marağında olanları tutub təhvil vermədiyinin bu günlərdə şahidi olduq. Moskvaya sığınan erməni separatçısı kimdir ki? Bütün separatçılar Dağlıq Qarabağda və Ermənistandadır. Sizcə, Zori Balayan Moskvaya gələndə onu tutub bizə verə bilər? Qətiyyən! Rusiya separatçıları müdafiə etmədiyini dildə deyir. Konkret olaraq Moskva Qarabağdan Rusiyaya gələn erməni liderlərini bizə heç vaxt təhvil verməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.