Yaqub Mahmudov: Bakının azad olunması ilə ermənilərin şəhəri gələcək paytaxtları etmək siyasətinin qarşısı alındı (MÜSAHİBƏ)

14-09-2018, 07:44           
Yaqub Mahmudov: Bakının azad olunması ilə ermənilərin şəhəri gələcək paytaxtları etmək siyasətinin qarşısı alındı (MÜSAHİBƏ)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun Trend-ə müsahibəsi

- 1918-ci ildə Bakının iş­ğal­dan azad edil­mə­si Azər­bay­can döv­lət­çi­li­yinə hansı mühüm töh­fəni verdi?

- 15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindən biridir. Bu şanlı hadisə şəhərin daşnak quldurlarının əlindən xilas olunması və Bakının Azərbaycan xalqına qaytarılması demək idi. Uzun zaman Azərbaycan Şirvanşahlar dövlətinin paytaxtı olmuş Bakıya 1918-ci ildə yenidən paytaxt statusu verildi.

O zaman Bakını milli şəhər statusundan çıxarmaq istəyir, ermənilər isə ona gələcək paytaxtları kimi baxırdılar. Bakının azad olunması ilə bu mənfur siyasətin qarşısı alındı və Bakı milli qüvvələrin cəmləşdiyi Azərbaycan şəhərinə çevrildi.

Osmanlı-Azərbaycan hərbi əməkdaşlığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi qorundu, Azərbaycan Ordusu yaradıldı və Bakı şəhəri azad edilərək Azərbaycanın paytaxtına çevrildi. Ən əsası isə 1918-ci ilin yazından başlayaraq erməni-bolşevik dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar dayandırıldı. Bakının azad edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir.

- Ba­kı iş­ğal al­tın­da olan zaman mil­li hö­ku­mə­tin ix­ti­ya­rın­da cə­mi 600 nə­fər­lik hər­bi qüv­və­ var idi. Be­lə bir ağır və­ziy­yət­də türk hərbi qüvvələri Bakının işğaldan azad edilməsinə hansı yardımı göstərdilər?

- Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə erməni-bolşevik dəstələrinə qarşı birgə savaşıblar. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev Bakının azad olunmasını belə xarakterizə edib: “Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır”.

Bakının azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq göstəricisidir. Qeyd edək ki, Nuru Paşanın rəhbərliyi altında olan hərbi qüvvələr Azərbaycan xalqından təcrid olunmuş halda və Azərbaycanın milli hərbi qüvvələri ilə əməkdaşlıq etmədən üzərinə götürdüyü tarixi vəzifələri layiqincə yerinə yetirə bilməzdi. Qafqaz İslam Ordusu Azərbaycanda formalaşdırılıb. Xatırladaq ki, Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanlıya bu sözləri deyib: “Bütün vəziyyəti Osmanlı dövlətinə anlat, de ki, xalqımız müstəqil yaşamağa əzm etmişdir, bu yolda hər cür fədakarlıq göstərmişdir. Azərbaycanın dörddə üçü bu gün rusların hakimiyyətindən qurtarmış vəziyyətdədir. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar, istiqlalımızı elan etməyimizə kömək etsinlər. Ancaq bizi özlərinə ilhaq etmək istərlərsə, onda gəlməsinlər. Biz öz yağımızda qovrulub, başımıza çarə taparıq”.

Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən zabitlərimiz, generallarımız çox böyük rol oynadı.

Azərbaycanın görkəmli hərb xadimi Əliağa Şıxlinski Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələri və könüllü dəstələrinin döyüş fəaliyyətini təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə getmiş və Bakının azad olunması zamanı şəhər ətrafındakı qərargahdan Nuru Paşa ilə birlikdə döyüşlərin idarə olunmasında bilavasitə iştirak etmişdir. Nuru Paşa uzun xidmət yolu keçmiş Əliağa Şıxlinskinin təcrübəsinə, onun hazırlıq səviyyəsinə böyük hörmətlə yanaşır və onun bilik və təcrübəsindən istifadə edilməsinə xüsusi dəyər verirdi. Həbib bəy Səlimov isə Əlahiddə Azərbaycan Korpusunun qərargah rəisi və Qafqaz İslam Ordusunun Cənub qrupunun komandanı idi.

Bakının azad olunmasında Bakı əhalisi, o cümlədən Azərbaycan süvari və könüllülərindən təşkil olunmuş Maştağa dəstəsi fəal iştirak edib.

O dövrün din xadimləri arasında Təzəpir məscidinin axundu Ağa Əlizadə xüsusi fəallığı və milli təəssübkeşliyi ilə seçilib. Bakı Soveti rəhbərliyi Ağa Əlizadədən Osmanlı əsgərlərinin hərəkətlərini lənətləyən fətva verməyi tələb edib. Hədə-qorxulara baxmayaraq, axund Ağa Əlizadə onların bu tələbini rədd edib.

Qeyd edək ki, Osmanlı imperiyası Qafqaz İslam Ordusu sıralarında vuruşmuş çoxsaylı Azərbaycan hərbçilərini orden və medallarla təltif edib.

- Azər­bay­can ta­ri­xçiləri tariximizin bu şanlı səhifəsi ilə bağlı hansı faktları üzə çıxara biliblər?

- Türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. AMEA-nın Tarix İnstitutunda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. İnstitut ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. “Cümhuriyyət İli” çərçivəsində Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” və “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitablarını çap etdirib. İnstitutda Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu, Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü, Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi, Bakı nefti və Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi, böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində və digər mövzularda elmi araşdırmalar aparılır.

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Tarix İnstitutu Bakıda və bölgələrdə beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edib.

Bu günlərdə AMEA-da “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium keçirdik. Simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunmuşdu.

Xalqımızı Bakının işğaldan azad olunması, doğma şəhərimizin özümüzə qaytarılması münasibətilə təbrik edirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.