Fazil Mustafa: “Həmin tikililərin hamısının sahibləri könüllü şəkildə bu yerləri Sərhəd Qoşunlarımızın balansına versinlər”

14-09-2018, 10:54           
Fazil Mustafa: “Həmin tikililərin hamısının sahibləri könüllü şəkildə bu yerləri Sərhəd Qoşunlarımızın balansına versinlər”
“Avropa İttifaqı ilə imzalanacaq sazişə süni əngəl yaradacaq məsələləri dərhal çözməliyik”

“Baxış bucağı”

Deputatların yay tətili artıq başa çatıb və komitə iclasları başlayıb. Bir neçə gündən sonra Milli Məclisin “Cümhuriyyət ili” çərçivəsində xüsusi iclası keçiriləcək, daha sonra isə payız sessiyası başlayacaq. Deputat, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa ilə söhbətimizdə parlament müzakirələri ilə yanaşı, gündəmimizdə aktual olan digər mövzulardan da danışdıq.

- Fazil bəy, yay tətilində harada dincəldiniz? Sizin üçün harada istirahət etmək daha sərfəli və rahatdır, ölkə daxilində, ya xaricdə?

- Neçə illərdir yay tətilini Bakıda, Xəzərin sahilində keçirirəm. Sübh tezdən həftədə iki-üç dəfə qum futbolu oynayıram, qalan vaxtları da 7-8 kilometr yürüyürəm. Sonra da dənizə baş vurub evə dönürəm. Kimsə söyləyəndə ki, yayda hansısa xarici ölkəyə istirahətə getmişəm, mənə təəccüblü gəlir. Necə ola bilər ki, insanlarımız bu qumun, bu dənizin faydasını görməzdən gəlib başqa yerlərə gedə bilirlər? Doğrudur, xidmət sektoru bizdə aşağı səviyyədədir, lakin bu qumu başqa yerlərdə tapmaq çətindir. Bəzən dostlarımız dənizin çirkliliyini bəhanə göstərirlər və bu məsələdə insaf naminə haqlıdırlar da. Ancaq ən azı dənizin havasının və qumunun dəyərini anlayandan sonra bu çirklilik bəhanəsini də asanlıqla unuda bilirsən.

- Təqribən yarım aydan sonra Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Siz yeni sessiyaya hansı təkliflərlə gedirsiniz?

- Payız sessiyasının başlanmasına az qalır. Bu sessiyadan öncə sentyabr ayının 20-də AXC Parlamentinin 100 illiyi münasibətilə yubiley iclasımız keçiriləcək və orada iştirak edəcəyik. Mən adətən sessiyada qaldıracağım məsələlərin sıralamasını ilk öncə ayrı-ayrı vətəndaşların bizə ünvanladığı müraciətlərdəki təkliflərlə başlayıram. Xeyli maraqlı və ağlabatan təkliflər alıram və bunların qanunvericilikdə yer almasına çalışıram. Əhalinin sosial durumunu yaxşılaşdıracaq təkliflər də hazırlamışam və iclaslarda səsləndirəcəyəm. Bir də komitələr tərəfindən təqdim olunan qanun layihələrində zəruri müddəaların əks olunması üçün təkliflər hazırlamışam. Xüsusilə də dövlət büdcəsinin formalaşması prosesində səsləndirəcəyim fikirlərə diqqət yetirirəm və qeydlərimi müntəzəm aparıram.

- Qeyd etdiyiniz kimi, payız sessiyasına qədər Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illiyi münasibətilə parlamentin xüsusi iclası keçiriləcək. Həmin iclasla bağlı hansı düşüncələriniz var?

- Parlamentimizin 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi olduqca müsbət bir hadisədir və tariximizin bu qürurlu anını qeyd etmək bizlərin bir vəfa borcudur. Açığını deyim ki, bu iclasın hazırlıq prosesi ilə bağlı hər hansı bilgiyə sahib deyiləm, ümid edirəm ki, o böyük şəxsiyyətlərimizin ruhuna layiq olduqları sayğını ifadə edəcək bir tədbir gerçəkləşəcək.

- Fazil bəy, Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar hərbi parad da keçiriləcək. Həmin mərasimlərdə Türkiyə prezidentinin də iştirakı gözlənilir. İndiki həssas durumda Türkiyə və Azərbaycan arasında hansı anlaşmanın əldə olunmasını istərdiniz? Yeri gəlmişkən, bu arada Türkiyənin Naxçıvanda hərbi baza yaradacağı, Qarabağdakı PKK-çılara qarşı əməliyyatlara başlayacağı barədə fikirlər səslənir. Bu istiqamətdə razılaşmalar realdırmı?

- Belə bir paradın keçirilməsi möhtəşəm bir tarixi hadisədir. İllərdir bu mövzuda təkliflərimizi göndərmədiyimiz hansısa qurum qalmayıb və nəhayət ki, buzların sınması baş verdi. Türkiyə cumhurbaşqanının gəlişi də bu təntənənin önəmini daha da artıracaq. Bu, bizim istiqlalımız üçün şəhid olmuş Anadolu aslanlarının qarşısında birbaşa vəfa borcumuzu idrak etməmizin nümayişi olacaq. Bakının işğaldan azad olunmasını millətimiz ən böyük milli bayram kimi keçirməlidir. Bu, həm də dünyaya Türkiyə-Azərbaycan qardaşlığının yeni mesajı kimi anlaşılacaq. Türkiyənin Naxçıvanla bağlı atdığı addımlar olduqca vacib və faydalıdır, bütün hallarda güvəndiyimiz qardaş ölkənin məmləkətimizə bu və ya digər formada dəstək verməsi və bölgədə tədricən söz sahibinə çevrilməsi bizim istəyimizdir, hərbi sahədə də əməkdaşlığımız məhz bu istək əsasında gerçəkləşdirilir.

- Sizin zaman-zaman səsləndirdiyiniz bir təklif var ki, bu günə qədər nəzərə alınmayıb. Necə bilirsiniz, bir əsr əvvəl Azərbaycanın xilaskarı olmuş Nuru Paşaya abidə qoyulmasını əngəlləyən səbəblər hansılardır?

- Nuru Paşa şəxsiyyətinə qarşı ögey münasibətin səbəbini anlamaqda hələ də çətinlik çəkirəm. Abidə məsələsinə, adının əbədiləşdirilməsi təkliflərinə qarşı soyuq münasibət çox güman ki, bu paraddan sonra tədricən aradan qalxacaq. Sevindirici bir məqam var, artıq Azərbaycanda insanların çoxu anlayır ki, Nuru Paşa bu millətin xilası, bu dövlətin qurulması üçün təkrarolunmaz bir iş görüb. O, milli qəhrəmanımızdır, xilaskarımız və həm də qisasçımızdır. O, millətimizi 31 mart faciəsinin məzlumluğundan altı ay keçməmiş, 15 sentyabr müzəffərliyinə qovuşduran böyük şəxsiyyətdir. Onun adına hərbi təqaüd təsis olunmalıdır, hərbi məktəblərdən birinə, prospektlərin birinə adı verilməlidir, Bakıda və Gəncədə ən möhtəşəm bir yerdə at belində abidəsi ucaldılmalıdır.

- Nəhayət, Türkiyə ilə viza məsələsinin aradan qaldırılmasının vaxtı çatmayıbmı?

- Fikrimcə, Azərbaycanın həm Türkiyə, həm də İran arasındakı viza rejimini ortadan qaldırmaq lazımdır, bu da həm iqtisadi, həm də siyasi münasibətlərin daha da genişlənməsinə faydalı olardı. Bu gün insanların sosial durumunu yaxşılaşdırmaq üçün bütün süni maneələri azaltmalıyıq. Əgər təhlükəsizliklə bağlı problemlər dövləti narahat edirsə, müasir dünyada bunu önləmək üçün kifayət qədər modern texniki vasitələr var, onlardan yararlanmaq mümkündür. Əgər Gürcüstan vətəndaşı vizasız Avropa məkanına çıxış əldə edə bilmişsə, heç olmazsa Azərbaycan vətəndaşı da bölgənin hər üç dövlətinə vizasız gediş-gəliş imkanından yararlanmalıdır. Bu addım ölkəmizdə turizmin inkişafına da fayda verərdi.

- Fazil bəy, Cümhuriyyət ilində Azərbaycanın “Rus NATO”suna - KTMT-yə üzvlüyü ilə bağlı müzakirələrin aparılması sizə nə deyir? Sizcə, Azərbaycan hakimiyyəti bu addımı ata bilərmi?

- Azərbaycanın maraqları naminə hər hansı müzakirədən imtina etmək yanlışdır. Mahiyyətcə, MDB də, KTMT də, Gömrük İttifaqı da, Avrasiya Birliyi də Rusiyanın bölgədə ağsaqqallığını nümayiş etdirən formal xarakter daşıyan qurumlardır, lakin heç bir halda bizim əvvəllər düşündüyümüz kimi, müstəqilliyimizi sıfırlayacaq qurumlar deyil. Diqqət yetirsək, görərik ki, indiyədək MDB-də təmsilçilik bizim Avropa ilə inteqrasiyamıza, yaxud da müstəqillikdən uzaqlaşmamıza səbəb olmadı. Unutmayaq ki, istər Avropa məkanında, istər də digər məkanlarda aparılan müzakirələr müstəqilliyimizi gözləyən mümkün təhlükələrlə bağlı həm də manevr xarakteri daşıyır. Azərbaycanın müstəqilliyinə xələl gətirəcək, onun ərazi bütövlüyünü şübhə altına alacaq hər hansı bir addımdan və ya niyyətdən söhbət gedə bilməz. Lakin reallıqları gözardı etməklə özünü aldatmaq bizə daha çox problemlər yarada bilər. Kimin ağlına gələrdi ki, ON il öncə NATO-nun önəmli sərhəd ölkəsi Türkiyə ilə Rusiya arasında bu cür yaxınlaşma baş verəcək? Yaxud da ABŞ-ın xarici siyasətindəki bu qədər sərt kataklizmləri kim proqnozlaşdırırdı? Müzakirələri və alternativ axtarışları məhz bu səbəbdən anlayışla qarşılamaq lazımdır.

- Rusiya-Azərbaycan münasibətlərinin perspektivini necə görürsünüz? Azərbaycan bu münasibətlərdən yararlanıb torpaqlarını azad edə bilərmi?

- Rusiya ilə münasibətlərimizin bir qədər irəli getməsi məndə narahatçılıq doğurmur. Bizdə əvvəllər o düşüncə vardı ki, Rusiyanın dəstəyi ilə Ermənistan torpaqlarımızı işğal edib, ona görə də Avropa-ABŞ cinahı ilə daha yaxın təmaslarımız Rusiyanın neytrallaşmasına və maraqlarımızın daha ciddi şəkildə dəstəklənməsinə gətirib çıxara bilər. Son iki on illiyin təcrübəsindən anladıq ki, qarşımıza həm Avropadan, həm də ABŞ-dan ingiliscə, fransızca danışan erməni sifətləri daha çox çıxmağa başladı. Kimsə bizə görə Rusiyaya xoşagəlməz söz söyləmədi, qəbul etdikləri qətnamələrin arxasında durmadılar. O halda özümüzün Rusiya ilə dialoq halında olmamız, Rusiyanın ənənəvi siyasətində dəyişiklik üçün çalışmamız niyə pis qarşılanmalıdır? Əlbəttə, bu yaxınlaşmada ən prioritet məsələ Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş ərazilərin geri qaytarılması üçün real irəliləyişə varmaqdır. Bunun üçün də Rusiya məkanında Azərbaycanla dostluq barədə çağırışların çoxalmasını, praqmatik baxışların artmasını, xarici siyasətdə faydamıza olan dəyişikliklərin baş verməsini addım-addım reallaşdırmalıyıq.

- Bakının Baş Planının təsdiqi və merinin seçilməsi məsələsi daim müzakirə olunur. Necə bilirsiniz, Hacıbala Abutalıbovdan sonrakı rəhbərlik qanunsuz tikililər sırasına Xəzər sahilindəki hasarları da daxil edə biləcəkmi?

- Bundan sonra Bakının Baş Planı təsdiq olunsa belə, şəhər infrastrukturunun dağınıqlığının ortadan qalxması mümkün olmayacaq. Almanlar kanalizasiyanı, su xəttini çəkmədən bina tikmirlər, biz isə binanı tikəndən sonra xəttin çəkilişi barədə düşünürük. Baş Plan 25 il öncə olsaydı, bu qədər dərininə “gecəqondulaşma” baş verərdimi? Bir də Bakının əsas problemi regionlarla bağlıdır, regionlarda statistik həyat deyil, real həyat canlandırılmalıdır ki, insanların könüllü mərkəzdənqaçması baş versin, şəhərin yükü əhəmiyyətli dərəcədə azalsın. Xəzərin hasarlanmasına gəldikdə isə, əslində bunlar ayrılıqda müdafiə səngərlərinə, yaxud da hansısa sunamidən qorunma vasitələrinə bənzəyən bir görüntü verir. Xəzərdə sunami ehtimalı olmadığından, görünür bu hasarlar və içindəki villalar daha çox Xəzərdən gələ biləcək mümkün xarici təhlükənin qarşısını almaq üçün vətənpərvərlik duyğuları ilə tikilib, o halda müraciət etmək lazımdır ki, həmin tikililərin hamısının sahibləri könüllü şəkildə bu yerləri Sərhəd Qoşunlarının balansına versinlər və ölkəmizin müdafiə qabiliyyəti daha da güclənsin.

- Fazil bəy, oktyabr ayında Avropa İttifaqı ilə yeni saziş imzalanacaq. Sizcə, həmin sənədin imzalanmasınadək ölkə daxilində hansı addımlar atılmalıdır ki, əleyhdarlarımız dövlətimizə qarşı “qara piar”la çıxış etməsinlər?

- Əgər yeni sazişin imzalanması baş tutarsa, bu, xarici siyasətimizdə ən uğurlu addımlardan biri olacaq. Çünki biz bütün hallarda geosiyasi məkanlar arasında balansı qorumaq siyasətini davam etdirməliyik və hamısında mövcudluğumuzu göstərməliyik. Avropa İttifaqı ilə imzalanacaq sazişə süni əngəl yaradacaq məsələləri indidən sistemləşdirərək, dərhal çözməliyik. İstər onların “siyasi və ya vicdan məhbusu” hesab etdikləri, istərsə də “neqativ” saydıqları digər təzahürləri özümüz ortadan qaldırmaqla daha ciddi irəliləyiş əldə edə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.