“Rəsulzadə ilə Şaumyanın elə mükalimələri var ki…” – Brifinq
15-09-2018, 08:55
“Brifinq” layihəsinin növbəti qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohididir. Onunla 100 il öncə bu günlərdə baş verən hadisələr – Bakının işğalı, işğaldan azad edilməsi və az sonra baş verən proseslər mövzusunda həmsöhbət olmuşuq.
(I HİSSƏ)
Rəsulzadənin bu istəyi bolşevikləri narahat edir
Səxavət Həmid: – Solmaz xanım, Bakının işğaldan azad olunmasından danışır və yazırıq, ancaq Bakını kimlərin işğal etdiyinin üzərindən adətən səthi keçirik. Ona görə də gəlin, əvvəldən başlayaq. Bakını kimlər işğal etmişdi? Bu prosesin əsas hərəkətverici qüvvəsi kim idi?
– 1917-ci ildə monarxiyanın devrilməsi ilə bütün Rusiya imperiyası ərazisində ictimai-siyasi vəziyyət dəyişdi. Bütün siyasi qüvvələr, o cümlədən Azərbaycan milli qüvvələri aktivləşdi. Ümumiyyətlə, 1917-ci il azərbaycanlılar üçün çox əlamətdar bir ildir. Aprel ayında Bakıda Ümumqafqaz Müsəlmanlarının Qurultayı keçirilir. Bir ay sonra – mayın 1-dən 11-dək isə Moskvada Ümumrusiya Müsəlmanlarının Qurultayı baş tutur. Bu qurultaylarda yollar axtarılır. Yəni, Rusiya məmləkəti dağılıb, monarxiya devilib, bəs bundan sonra nə olacaq? Çünki bunlar Rusiya imperiyasının təbəələridir. Hər iki qurultayda çox məsələ müzakirə olunub. Ancaq əsas məruzəni Məmməd Əmin Rəsulzadə edib. Məmməd Əmin və onun arxasında dayanan Türküstan, başqırd nümayəndələri hesab edirdilər ki, Rusiya demokratik-federativ bir respublika olmalıdır və bütün bu xalqlara da həmin respublikanın tərkibində milli-ərazi muxtariyyəti verilməlidir. Əslində, bu ərazini ayırmaq dövlətçiliyin əsasını qoymaq idi. Rusiyanın mərkəz ərazilərində yaşayan tatarlar, osetinlər isə milli-mədəni muxtariyyət istəyirdilər. Çox təəssüf ki, bizim də bir qrup islamçılar – “İttihad” Partiyası və sosialistlər də ərazi muxtariyyəti ideyasına qarşı çıxırlar. Qurultaylarda mübahisələr düşür. Hər iki qurultayda Məmməd Əminin irəli sürdüyü tezis qalib gəlir. Sual oluna bilər ki, bunları niyə danışıram? Çünki bunlar işğala gətirən məqamlardır. Ərazi muxtariyyəti söhbəti ta 1918-ci ilin mart hadisələrinədək qüvvədə olub. Yəni, Azərbaycan milli qüvvələri siyasi səhnəyə gəlib və dağılan bu imperiyada özlərinə milli-ərazi muxtariyyəti adlı bir dövlət quruluşu yaratmaq istəyirlər. Bax, bu istək ilk növbədə bolşevikləri narahat edir. Rusiyada qurulan Müvəqqəti Hökumətə gəldikdə isə onlar hələ idarəçilik yaradır, ən azı bir müddət Rusiyadan kənara çıxmaq söhbətlərini yaxına buraxmırdılar. Bu mənada Müvəqqəti Hökumətin ərazi muxtariyyəti qurmaq istəyən azərbaycanlılarla işi yox idi.
Bakının işğalının əsası 1917-ci ildə qoyulur
Ancaq elə ki, bolşeviklər hakimiyyətə gəlir, onlar əvvəla, bütün keçmiş Rusiya ərazisini bərpa etmək, ikincisi isə Bakı neftini ələ keçirmək istəyirlər. Rusiya boğulur, bolşeviklər hakimiyyətə gəlir, bir azdan vətəndaş müharibəsi başlayacaqdı. Bax, Bakının işğalının əsası 1917-ci ildə qoyulur. Bolşeviklər 1917-ci ilin dekabrın 27-29-u tarixlərində verdikləri xüsusi bir dekretlə Qafqaz üzrə fövqəladə komissar Stepan Şaumyanı Cənubi Qafqazda sovet hakimiyyətini qurması üçün bu bölgəyə göndərirlər. Üstəlik, ona tapşırıq verirlər ki, Türkiyəyə də gedib, orda ermənilər üçün bir dövlət qursun. Yəni, bolşeviklərin bu ikili siyasətinə fikir verin. Onlar ermənilərə dövlət qurulması haqqını tanıyır, hələ üstəlik onlara kömək də göndərir. Amma azərbaycanlıların belə bir haqqı tanınmır. Şaumyan əvvəl Bakıya gəlir, sonra Tiflisə gedir. Çünki əvvəlcə söhbət bütün Cənubi Qafqazda sövet hakimiyyətinin qurulmasından gedirdi. Tiflisdə güclü gürcü menşevikləri vardı. Tiflis onların əlində idi. Gürcülər II İnternasionalın üzvü idilər, dünyada tanınır, çox böyük dəstəkləri vardı. Şaumyan orda qarışıqlıq yaratmağa, canişinlik binasını tutmağa çalışır. Aleksandrovski bağında yerli ermənilərin iştirakı ilə nümayiş keçirirlər. Gürcülər çox qətiyyətli mövqe tutur. Onlar nümayiş iştirakçılarına toplardan atəş açır, nümayiş dağıdılır, iştirakçılardan ölənlər olur. Şaumyanın isə həbsinə qərar verirlər. Şaumyan həbsdən qaçır və Bakıya gəlir. Bakıda artıq belə bir qüvvə yoxdur. Düzdür, Tiflis də beynəlmiləl şəhər idi. Amma gürcülər orda hakimiyyəti öz əllərinə almışdılar. Bakıda Fətəli xan Xoyskinin başçılıq etdiyi yerli özünüidarə komitəsi var. Bütün partiyalar da açıq fəaliyyət göstərir. Hərə bir tərəfə çəkir. Burda da Bakı Soveti deyilən bir qurum yaranıb. Onun tərkibinə əvvəl sosialistlər daxil olub, sonra isə bolşeviklər Bakı Sovetini ələ keçirirlər. Bir daha vurğulamaq istəyirəm ki, bolşeviklərin Bakını ələ keçirməkdə xüsusi məqsədi Bakı nefti ilə bağlı idi. Bundan əvvəl isə Müvəqqəti Hökumət 1918-ci ilin yanvarın 5-nə Ümumrusiya Müəssislər Məclisinə seçkilər təyin etmişdi. Bütün bu məsələlər də orda həll edilməli idi. Cənubi Qafqz üzrə keçirilən həmin seçkilərdə gürcülərdən sonra azərbaycanlılar ikinci yerə çıxmışdı. Bütün Cənubi Qafqaz üzrə gürcülər 27, azərbaycanlılar isə 25,1 faiz səs toplamışdı. Azərbaycanlıların aldığı səslərin 65 faizi Müsavat Partiyasının payına düşürdü. Bolşeviklər isə Cənubi Qafqaz üzrə cəmi 3 faiz səs toplayaraq 10-cu yeri tutdular. Qüvvələr nisbəti məlum olduqdan sonra azərbaycanlılara milli hökumət qurmaq hüququ vermək lazım idi və buna gedilirdi. Bax, bolşeviklərin məqsədi o idi ki, ilk növbədə azərbaycanlılara o hüquq verilməsin. 1918-ci ilin mart qırğınlarının və Bakının işğalının da səbəbi Azərbaycanda azərbaycanlıların hakimiyyətə gəlməsinə, yəni, onlara milli hökumət qurmasına imkan verməmək idi.
Şaumyanla Məmməd Əminin elə mükalimələri var ki…
Ümumrusiya Müəssislər Məclisinin taleyini də bilirsiniz. Bütün Rusiya üzrə bolşeviklər 23,9 faiz səs toplaya bildilər və məclisdə üstünlüyü 62 faizdən çox səs toplamış eser və menşeviklər bloku əldə etdi. Bu tərkibdə işə başlayan Ümumrusiya Müəssislər Məclisi bolşevik platformasında durmadığı üçün bolşeviklərin bir gün sonra verdiyi dekretlə buraxıldı. Müəssislər Məclisi buraxılandan sonra Cənubi Qafqazdakı qüvvələr artıq bolşevik hakimiyyətini qəbul etmədilər və dedilər ki, biz ayrılırıq. Müəssislər Məclisinə seçilən deputatlar yığışıb Zaqafqaziya Seymini yaratdılar və idarəçiliyi öz üzərlərinə götürdülər. Seym yaranandan sonra Şaumyan “Bakinski raboçi” qəzetində yazırdı ki, burada özlərinin xan-bəy hökumətini yaratmaq istəyən Azərbaycan milli qüvvələri bir yığın xarabalıqlar alacaqlar. Məmməd Əminlə onun elə mükalimələri var ki… Məmməd Əmin onu oxuyur, yaxşı-yaxşı cavablar verir. Yəni, qəzetlərdə böyük bir fikir, həyatda isə əməl mübarizəsi gedir.
Bütün bu fikir və əməl mübarizəsi, bu mübarizədə bolşeviklərin məğlub olması isə mart hadisələrinə gətirib çıxarır. Bolşeviklər başa düşürlər ki, Bakıda hakimiyyəti yalnız silahlı yolla ala bilərlər. Böyük hazırlıq gedir. Xalq bundan xəbər tutur. Mart hadisələrinin sonluğu o oldu ki, Bakı şəhəri tamamilə işğal olundu. Bakı ilə eyni gündə Şamaxı görünməmiş soyqırıma məruz qalıb. Bakı, Quba qırğınları onun yanında şükürlü olub. Yeganə şəhərdir ki, yerlə-yeksan edildi.
Şamaxı soyqırımında molokanların böyük rolu var
Qurban Yaquboğlu: – Mövzudan uzaqlaşmaq olmasın, amma “niyə Şamaxıya qarşı elə amansız olublar” sualını verməkdən özümü saxlaya bilmədim…
– Xüsusi səbəb odur ki, Şamaxıda erməni kəndləri çox idi. Şamaxıda elə bir müqavimət də göstərilməyib. Şəhərə iki dəfə yürüş olub. Birinci yürüş Bakı ilə eyni gündə başlayıb və 4 gün davam edib. Birinci yürüş vaxtı məscidlərə toxunmayıblar. İsmayıl xan Ziyadxanov Gəncədən 800 atlı ilə şamaxılıların köməyinə gəlib, sonra ermənilərin dalınca Mədrəsəyə gedib. Ermənilər hamısı Mədrəsədən qaçıb molokanların yaşadığı Hilmilli kəndinə gediblər. Şamaxının o hala düşməsində molokanların böyük rolu var. Stepan Lalayevin başçılığı ilə 3 min nəfərlik toplu-tüfəngli qoşun Bakıdan Şamaxıya gəlib. O qoşunun qarşısında Ziyadxanovun 800 nəfərlik atlısı nə edəcəkdi? Gəlib deyib çıxın, bunlar da çıxıblar. O Lalayev də zalımın biri olub. Özü də şamaxılıdır. Ata-anasını da onun 12 yaşı olanda – 1905-ci ildə müsəlman-türk müharibəsi zamanı öldürüblər. Yəni, Şamaxı kimi bir faciə olub. Ordan Göyçay qəzasına keçiblər. Kürdəmir qəsəbəsini dağıdıblar. Cavad qəzasında da qırğınlar olub. Lənkərana da giriblər. Ancaq rus sərhəd qoşunları qaldığı üçün ayrı-ayrı kəndləri topa tutmaqla kifayətlənməli olublar. Beləliklə, Bakı quberniyası bütünlüklə işğal olunub. Mart qırğınları başa çatandan sonra bolşeviklər Bakı Soveti əvəzinə yeni hakimiyət qurumu olan Bakı Komunnasını yaratdılar.
Türklər gəlməsəydi, Azərbaycan olmayacaqdı
S.Həmid: – Bəs, Bakının azad edilməsi prosesi necə başladı?
– 1918-ci ilin martın sonu, aprelin əvvəlində Azərbaycan milli qüvvələri bu hadisələrin hara getdiyini başa düşürdülər. Başa düşürdülər ki, türklərlə əməkdaşlıq, onların köməyi olmasa, Azərbaycanın aqibəti ağır olacaq. Gəncədə də bir qədər başqa ab-hava var idi. Artıq o aylarda Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanlını, Aslan bəy Səfikürdskini çox çətinliklə Trabzona göndərir. Ordakı türk qoşunlarına müraciət edirlər ki, gəlin, Azərbaycana yardım edin. Ancaq bunlar hələ ki, şəxsi müraciətlər idi. Türklər özləri də gəlmək istəyirdilər. Onlar düşünürdülər ki, meydan açılıb, daha rus qoşunu-filan yoxdur, böyük bir Turan dövləti yaratmaq ideyası da ortadadır və Azərbaycan da o Turan dövlətinin bir hissəsidir. Bu, bizim milli qüvvələrin, xüsusilə Məmməd Əminin sayıqlığı nəticəsində baş tutmadı. Ancaq bu da faktdır ki, türklər gəlməsəydi, Azərbaycan olmayacaqdı. Bu, yüz faiz idi. Bakı isə artıq yoxdur. İyunun 10-da bolşeviklər 16 minlik qoşunla Gəncənin üstünə gedirlər.
Q.Yaquboğlu: – Nuru paşanın gəlişi necə baş verdi?
– Trabzon danışığının nəticəsi olaraq mayın 25-də Nuru paşa artıq Gəncədə idi. O, 300 nəfərlə gəlmişdi. Onunla danışıq aparan qüvvələr inandırmışdılar ki, bizə zabitlər və silah-sursat lazımdır. Özümüz isə 30 min əsgər verəcəyik.
Səfərbərlik keçirildi, cəmi 37 nəfər yığıldı
– Amma verə bilmədik…
– Gəldilər, səfərbərlik keçirdilər. Cəmi 37 nəfər yığıldı. Nuru paşanı Nəsib bəy Yusifbəyligil dəvət etmişdilər. Onlar da düşünürdülər ki, Azərbaycan bizimkidir. Bir az Turan əhval-ruhiyyəsi var idi. Ancaq sonra Zaqafqaziya Seymi səviyyəsində də rəsmi müraciət edildi və Batum müqaviləsinin IV maddəsi ilə rəsmiləşdi. Həmin maddədə göstərilirdi ki, ehtiyac yarandığı təqdirdə Osmanlı dövləti Azərbaycana hərbi köməklik edəcəkdir. Bunun kökündə İrəvanı ermənilərə vermək şərti var idi. Şərt qoyulmuşdu ki, Bakının azadlığı İrəvandan keçir. Yəni, o şəhər birbaşa təzyiq altında güzəştə gedilib. Amma real olaraq şəhərdə hakimiyyət ermənilərin əlində idi.
Türklər gəlib gördülər ki, azərbaycanlıların cəmi 600-800 nəfərlik qoşunu var. Yəni, ordu yaratmaq üçün yetərli sayda əsgər yoxdur. Burdan İstanbula nə qədər kiçik və orta zabit heyəti, nə qədər silah-sursatın göndərilməsi ilə bağlı məktublar yazıldı. 10 min dəst əsgər geyimi, nə qədər at, nə qədər dəvə, nə qədər səyyar əsgər mətbəxinin göndərilməsi ilə bağlı məktublar göndərildi. Bakının azad edilməsi istiqamətində böyük bir əməliyyat başladı.
Onlar Turan fikri ilə yaşayırdılar
– Əməliyyat Gəncədən başlayır?
– Yox, Gəncədən başlamır. Türklər Gəncəyə gələndən sonra – iyunun 17-18-də şəhərdə məşhur ağır iclas olur. Əlimərdan bəy Topşubaşov bir az sonra gəlir. Bolşeviklər onu tutmuşdular, o, Bakıda həbsə idi. Sonra həbsdən qaçır və Gəncəyə gəlir. Azərbaycan cəmiyyətinə misilsiz xidmətlər göstərən böyük mütəfəkkirimiz, alimimiz Əhməd bəy Ağayev o dövrdə qatı türkçü idi. O və Əli bəy Hüseynzadə ancaq Turan fikri ilə yaşayırlar.
– Nuru paşa ilə birgə o da Azərbaycana gəlmişdi...
– Bəli, mülki işlər üzrə müşavir qismində gəlmişdi. Onlarla Məmməd Əmin Rəsulzadənin fərqi nədə idi? Məmməd Əmin o dövrdə başa düşürdü ki, Osmanlı dövlətinin türk dünyası yaratmaq imkanları yoxdur. Yazılarında da bu var. Başa düşür ki, yavaş-yavaş bunlardan ayrılmaq lazımdır.
Trabzona, Batuma gedən nümayəndə heyətləri deyirmişlər ki....
– Deyəsən, heç hökuməti də tanımırlar...
– Heç birini tanımır. Bunlara deyirlər ki, sizə istiqlal bəyannaməsi qəbul etməklə, müstəqil dövlət yaratmaqla bağlı heç kim səlahiyyət verməyib. Azərbaycanlılar müstəqil yaşaya bilməzlər, ona qadir deyillər. Nuru paşa təbii ki, bu fikirləri söyləyənlərin arxasında dayanırdı. Ancaq deyirdi ki, mənlik deyil. Mən hərbçiyəm, gedin özünüz həll edin. Halbuki, ideya da 100 faiz ondan gəlir. Mülkədarlar da hesab edirlər ki, cümhuriyyətçilər çox demokratikdir, nəyimizə lazımdır. O boyda dövlət var (Osmanlı imperiyası nəzərdə tutulur-S.Həmid), gedib onlara birləşək. Mindən artıq imza toplanır. Aprel-may aylarında isə Trabzona, Batuma dəstə-dəstə nümayəndə heyətləri gedirmiş ki, bizi qəbul edin, Osmanlıya birləşmək istəyirik. Məmməd Əmingil ordan bura – Nəsib bəyə və digərlərinə məktublar yazırlar ki, bunları yığışdırın, bu adamların qabağını alın, qoymayın gəlsinlər. Yəni, Osmanlıya birləşmək məsələsi bu dərəcədə ciddi idi.
Mən bu il həmin günlərdə Gəncədə idim. Onlar “Azərbaycan Milli Şurasının ilk iclası burda keçirilib” deyərək bunu çox təntənəli surətdə qeyd edirdilər. Mən dedim, elə ən ağır iclası da burda keçib.
– Ağırlıq nədə idi?
– Ağırlıq istiqlalın, müstəqil Azərbaycan taleyinin həll olunmasında idi. Təklif olunur ki, gedin Milli Şuranı da, hökuməti də buraxın, qurtardı, hamımız birləşirik. Bunu Nuru paşa özü demirdi, Əhməd bəy Ağayev deyirdi. Bilirsiniz bu fikirlərin qabağını Azərbaycan milli qüvvələri nə ilə alıblar? Başa salıblar ki, siz elə bir iş etsəniz, yəni, Milli Şura və hökuməti buraxmaq məsələsi olsa, Osmanlı hətta, Bakını azad etsə, bu, türk-Osmanlı ordusunun Azərbaycanı işğalı kimi qəbul olunacaq. Türklərin qarşısını bu arqument saxlayıb. Əks təqdirdə yüzdə yüz Azərbaycan Osmanlı dövlətinə birləşdiriləcəkdi.
– Həm də çox mürəkkəb dövr idi...
– Həm çox mürəkkəb dövr idi, həm də bunların nöqteyi-nəzərləri var idi. Ona görə də qınamaq olmaz. Burda hər kəsin gələcəklə bağlı özünün mövqeyi var idi. Şəxsi maraqdan söhbət getmirdi. Məsələn, Nəriman Nərimanov. Onu qınayaq ki, sən niyə bolşevik idin? Nəzəri o idi ki, xilas yolu budur. Nə yaxşı ki, bizim tariximizdə Nərimanov var. Nərimanov olmasaydı, biz də, sovet Azərbaycanı da yox idi.
– Ancaq bütün hallarda Milli Şura hökuməti buraxsa da, özünü buraxmadı...
– Yox, Milli Şura hökuməti buraxmayıb. Özünü buraxıb. Türklərlə kompromisə gəlinir ki, ən azı hökumət qalsın, hökumətin səlahiyyətləri genişləndirilsin, Milli Şuranın müəyyən səlahiyyətləri ona verilsin. Ancaq istiqlal söhbətini dəyişmək hüququ verilmir. Yəni, istiqlal qalır. Milli Şura buraxılan kimi hökumət də buraxılır, sonra ikinci hökumət formalaşdırılır. Bu kimi səbəblər üzündən 23 ay ərzində 5 dəfə hökumət dəyişilir. 23 ay ərzində 5 hökumətin dəyişilməsini onların başına qaxınc etmək lazım deyil. Baxmaq lazımdır ki, hansı şəraitdə bu hökumətlər buraxılır, yeni kabinetlər təşkil olunurdu. Yeni hökumətin təşkilini Fətəli Xan Xoyskiyə tapşırırlar. Yeganə məqsəd vardı - hamının fikri Bakının azad edilməsinə yönəlir.
Milli Şuranın iclası iyunun 17-18-də olur. Elə həmin günlərdə bolşevik qoşunları dəmiryolu ilə gəlib Hacıqabula çıxırlar.
Ermənilər Gəncədə 15 türk əsgərini öldürür
S.Həmid: – Əməliyyat necə başlayır?
– Gəncənin bir tərəfi, çayın bir üzü erməni məhəllələridir. Nuru paşanın ilk əməliyyatları orda olur. Bilir ki, erməni əhalisi hamısı silahlıdır. Onlara silahları təhvil verməyi təklif edir. Onlar təbii ki, razı olmurlar. Bir az əsgər göndərilir. Həmin əsgərlərdən 15 nəfərini ermənilər bağların içində öldürür. Bundan sonra türklər tamamilə o məhəllələrin içinə girib onları saf-çürük edirlər, öldürdüklərini öldürür, öldürmədiklərini tamam tərksilah edib zərərsizləşdirirlər.
Yelenendorfdakı almanlar da ermənilərə dəstək olurlar
Sonra məlum olur ki, Gəncə yaxınlığındakı Yelenendorf alman yaşayış məntəqəsi də silahlanıb, 4 ədəd də topları var. Biz bunu çox zaman demirik. Ancaq mən bu barədə məlumatlara rast gəldim və yazdım. Ancaq almanların silahlanması bir qədər özünümüdafiə xarakteri daşıyır. Təbii ki, qeyri-müsəlmanlar ermənilərin yanındadırlar. Türklər Yelenendorfdakı almanlarla danışıqlar aparırlar. Deyirlər, ya tərksilah olursuz, silahlarınızı alırıq, sizə dəymirik, ya ayrı yolla sizi tərksilah edirik, ya da silahlarınızı saxlayıb bizim tərəfimizə keçirsiniz. Almanlar da ağıllı xalqdır, başa düşürlər ki, burda ayrı söhbət ola bilər. Öznümüdafiə dəstəsi kimi qalırlar, qismən də bu qoşunla əməkdaşlıq edirlər. Gəncədən qurtardıqdan sonra türklərin məqsədi bolşevikləri Yelizavetpol quberniyasının ərazisinə buraxmamaqdan ibarət olur. Türk ordusu işğal olunmuş Bakı quberniyasının sərhədinədək özü gəlir. Bundan sonra artıq döyüşlər başlayır. İlk döyüş Göyçayın Qaraməryəm kəndi yaxınlığında olur. Dörd günlük bu döyüş çox ağır keçir. Türk qoşunları ilk döyüşdə məğlub olublar. Hansısa məqamları düz hesablamayıblar. Elə orda 200-dən çox itki veriblər. Türk əsgərlərinin ilk qəbirləri Göyçayda, Kürdəmirdə yaranır. Onları elə ordaca dəfn edirlər. Özü də çox şəhidləri islam qanunlarına görə döyüşdə şəhid olduqları üçün kəfənə sarımırlar, qanlı paltarları ilə dəfn edirlər. Yəni, bu hallar da olub. Beləliklə, artıq Bakının azadlığı başlayır. İki xətt ayrılır. Kürdəmir-Hacıqabul dəmiryolu ilə Azərbaycan orduları gedir. Şamaxı yolu ilə isə Nuru paşa, Xəlil paşa, Mürsəl paşanın orduları. Ərazilər alındıqca türk ordusunun vəziyyəti mürəkkəbləşir. Təchizat qalır arxada, bunlar isə tutaq ki, 100 kilometr irəliləyib. Su yox, yemək yox, çox ağır bir şəraitdə irəliləyirlər. Şamaxıda Amazasp Srvantstyanın qoşunları var, Anastas Mikoyan onların siyasi rəhbəridir, xeyli də molokan gətirib töküblər. O molokanlar ki, onların dini inancına görə, ümumiyyətlə hərbi işlərə qoşulmağa ixtiyarları yoxdur. Şamaxıda türk ordusuna çox güclü müqavimət göstərilir. Bu proses zamanı türklər molokanlara deyirlər ki, ya yığışıb gedin, ya da sizin hamınızı qıracaq və ya tərksilah edəcəyik. Bunların böyükləri gəlir, molokanlar hamısı silahlarını qoyub qaçırlar və ailələrinin yanında otururlar. Bu zaman bolşevik ordusu yavaş-yavaş dağılmağa başlayır. Şamaxı şəhəri dağılıb, amma kəndlər ermənilərin əlindədir. Camaat kəndinə qayıtmaq istəyir, ermənilər bir də girib öldürürlər, əllərində nə varsa, alırlar. Nə qədər kənd o döyüşlər zamanı dağıdılıb. Türk ordusu kənd-kənd onları ermənilərdən alır. Şamaxı ilə Bakı arasında yol başlayanda Amazasp qoşununu qoyub Bakıya qaçır. Onun ardınca da qoşunu qaçır. Belə olduğunu gördükdə Mikoyan Şaumyana məktub yazır ki, “o, xaindir, onu tutub güllələmək lazımdır”. Şamaxı tamamilə təmizlənir, ancaq qoşun qaçdığı üçün onu tam məhv edə bilmirlər. Onlar artıq Bakıya yığılmağa başlayır. Avqustun 5-də artıq türk ordusu Bakıya yetişir və Qurd Qapısı yaxınlığında dayanır. Ancaq silah-sursat yoxdur. Güllə atmağa ancaq döyüş vaxtı icazə verilir. Görəndə ki, gülləsiz döyüşmək mümkündür, süngü döyüşü başlayırdı. Ona görə də Bakının alınması 40 gün ləngiyir.
Q.Yaquboğlu: – Demək olar ki, əlavə kömək gözləyiblər...
– Həm əlavə qüvvə gözləyiblər, həm də bir az dincəlmək, güc toplamaq istəyiblər.
Baqratuni Şaumyana deyir ki, artıq sənin ordunda entuziazm qalmayıb
S.Həmid: – Bu vaxt Bakıda vəziyyət necə idi?
– Bu vaxt Bakıda vəziyyət son dərəcə gərgin idi. Bolşevik hökuməti tamamilə böhran içində idi. Bir-iki dəfə eserlər bunları devirmək istəyir, sonra fikirlərindən daşınırlar. Şəhərdə aclıq hökm sürür. Mart hadisələrindən sonra onsuz da müsəlman əhalisi arasında böyük aclıq və xəstəlik var idi. Bolşeviklər şəhəri qida və digər zəruri vasitələrlə təmin edə bilmirlər, neft pulsuz daşınır. Belə bir ağır məqamda digər tərəfdən də müharibə gedir. Bolşeviklərin öz arasında böyük bir münaqişə yaranır. Yeganə çıxış yolunu ingilislərin dəvət olunmasında görürlər. İngilislər də İranın Ənzəli limanında hazır dayanıblar və bütün prosesləri izləyirlər.
– Həmin vaxt Bakıda hakimiyyət dəyişikliyi də baş verir...
– Bu məlumatı mən erməni mənbəyindən götürmüşəm və bolşeviklərin hakimiyyəti necə təhvil vermələrinə dair tamamilə alternativ fikirdir. Bütün erməni qoşunlarının komandanı, çar ordusunun general-mayoru olmuş Yakov Baqratuniyə 1918-ci il martın 15-də Bakıda sui-qəsd edilmişdi, onun ayağını amputasiya etmişdilər. Yeri gəlmişkən, onu da deyim ki, general Baqratuni sonradan Sentrokaspi Diktaturası tərəfindən hərbi nazir təyin olunur. Bakı azad olunan günün səhərisi – sentyabrın 16-da erməni silahlı birləşmələri ilə birgə Ənzəliyə qaçır. O, axsaya-axsaya özünü zorla gedib gəmiyə çatdırır.
İyulun 26-27-də hamı onun yatağının başına – hospitala yığışır. Yəni, məsələni kabinetlərdə yox, hospitalda müzakirə edirlər. Bakı Komunnasının rəhbərliyi – Şaumyan, Prokofi Çaparidze, Şvaldayev və bütün erməni daşnak qüvvələr yığışıblar. Erməni mənbəyində iclasda iştirak edənlərin hamısının adları var. İngilislərin çağırılması məsələsi müzakirə olunur. Baqratuni soruşur ki, nə qədər ehtiyatınız var? Şaumyan cavab verir ki, 1000-1500 nəfər adamımız var. Baqratuni cavab verir ki, çox azdır. Biz bu sayda adamla türk ordusunun qabağında dayana bilmərik. Kimə ümid edirsiz? Şaumyan deyir ki, Moskvadan kömək gözləyirik. Sonradan doğrudan da Moskvadan Qriqori Petrovun qoşunu köməyə gələcəkdi. Özü də Lenin onu Ukrayna cəbhəsindən çıxararaq Bakıya göndərir. Bakının azad olunması həm də bu səbəbdən ləngiyir. Baqratuni Şaumyana deyir ki, artıq sənin ordunda entuziazm, qələbə ruhu qalmayıb. Əgər qələbə ruhu olsaydı, hətta bu qüvvələrlə də Bakını saxlamaq mümkün olardı. Bakını da bunlar öz şəhərləri bilirlər. Hesab edirlər ki, türk ordusu işğala gəlir. “Nə etmək” sualı üzərində baş sındırırlar. Daşnaklar deyirlər ki, ingilisləri çağırmaqdan başqa çarəmiz yoxdur. Şaumyan deyir, ingilisləri heç bir vəchlə çağıra bilmərik. Belədə onların cəbhəsində vəziyyət son dərəcə gərginləşir. Həmin iclasda Şaumyana deyirlər ki, ingilislərin gəlişini istəmirsən, özün də döyüşməyə qadir deyilsən, o zaman hakimiyyətdən get. Şaumyan buna razılaşır və deyir ki, mən hakimiyyətdən gedirəm. İyulun 31-də Bakı Komunnası hakimiyyətdən gedir və Sentrokaspi, yaxud Mərkəzi Xəzər diktaturası deyilən qarışıq bir hökumət yaranır. Bu hökumətin üzvü olan 2 erməni dərhal Ənzəliyə gedərək Britaniya ordusunun general-mayoru Lionel Denstervillə danışıq aparırlar. Onlar ingilis qüvvələrini Bakıya dəvət edirlər.
Q.Yaquboğlu: – Sentrokaspi hökumətinin başçısı kim olur?
(Ardı var)
Müəllif: Səxavət Həmid
Teleqraf.com