QARABAĞ MİTİNQİNDƏ İQTİDAR VƏ MÜXALİFƏT BİR ARAYA GƏLƏ BİLƏR
15-09-2018, 19:34
Fəzail Ağamalı: “Bu mitinqə müsbət yanaşıram”
Xəbər verdiyimiz kimi, Qarabağ Komitəsi sentyabrın 29-da saat 15:00-dən 17:00-a qədər “Qarabağa azadlıq” şüarı ilə “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “Məhsul stadionu”nda mitinq keçirməyi planlaşdırır. Artıq yer üçün sentyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.
İndiki vaxtda belə bir aksiyanın təşkil olunmasının vacibliyini sayanlar çoxluq təşkil edirlər. Amma bununla belə BŞİH-in mitinqə icazə verib-verməyəcəyi suallar doğurur. Eyni zamanda, Qarabağ adının olduğu bu yerdə iqtidar və müxalifətin bir arada olmasının vacibliyindən söz açılır.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bunları dedi: “Azərbaycan demokratik bir ölkədir. Hər bir vətəndaşın, qurumun öz fikirlərini azad ifadə etmək hüquqi var. Belə mitinqlərin keçirilməsi üçün Bakıda yer ayrılıb. Mitinq təşkilatçıları Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edirlər, onlar da öz səlahiyyətləri çərçivəsində məsələni həll edirlər. Düşünürəm ki, əgər doğrudan da orada Qarabağla bağlı fikirlər ifadə olunacaqsa, bu mitinq onun təşəbbüskarlarının vətənpərvərliyinə, ölkəmizin ərazi bütövlüyünə xidmət edən çağırışlarla keçiriləcəksə, bu mitinqə müsbət yanaşıram. Əks halda çətir altında radikal çağırışlar olarsa, bu qəbuledilməzdir və buna imkan verilməməlidir. Hazırda çox kövrək bir zamandır. Dünyada gedən prosesləri, baş verən hadisələri özümüz üçün götür-qoy etməli, ondan nəticə çıxarmalıyıq. Bəllidir ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq orada mövqe dəyişikliyi yoxdur. Paşinyan Serj Sərkisyandan daha radikal mövqedə dayanmaqdadır. Ən müxtəlif xarakterlə ziddiyyət daşıyan fikirləri biz izləyirik. Görünən odur ki, Paşinyan danışqlara getməyə hazır deyil. Onun çağırışları problemin sülh yolu ilə həll olunmasının qarşısına alır. Hadisələr daha ciddi bir müstəviyə keçməkdədir. Belə olan halda bütün məsuliyyət Paşinyan və onun komandasının üzərinə düşür. Azərbaycan bu vəziyyətdə konkret addımlarını atmalıdır. Necə ki, onlar parlamentdə Azərbaycana müharibə elan etmək haqqında qərar qəbul ediblər. Biz bir millət olaraq torpaqlarımızın işğalı ilə barışmaq fikrində deyilik. Hər zaman bütün səviyyələrdə xalqımız, ayrı-ayrı siyasi partiyalar, heç şübhəsiz ki, ölkəmizin prezidenti də birmənalı olaraq torpaqlarımızın işğaldan azad edilməsi iradəsini ortaya qoyur. Bu şəraitdə mitinqin keçirilməsinə mənfi yanaşmıram, amma yuxarıda da qeyd etdiyim kimi məqsəd Qarabağ olacaqsa. Həm iqtidar, həm də müxalifətin indiyə qədər vermiş olduqları milli məsələlərlə bağlı bəyanatlarda hər hansı bir fikir ayrılığı olmayıb. Bundan sonra da bu şəkildə iradəmizi ortaya qoymalıyıq. Baxın, Ermənistan cəmiyyətinə. Görəcəksiniz ki, torpaqlarımızı işğal altında saxlamaq üçün o cəmiyyət həm xalq, həm də iqtidar olaraq onlar bir mövqedədirlər. Buna görə də indiyə qədər torpaqlarımızın sülh yolu ilə azad edilməsində ciddi çətinliklər var. Demirəm ki, onlardan nümunə götürək. Ermənistan nümunə götürüləcək nə bir xalqdır, nə də bir ölkədir. Torpaqlarımızın azad edilməsi üçün bütün siyasi ambisyalarımızı, fərqli baxışlarımızı kənara qoyub, biz bir millət olaraq iradəmizi cəmləşdirməli, vahid mövqedən çıxış etməliyik. Dünya görməlidir ki, Azərbaycan heç bir halda torpaqlarının bir qarşını belə düşmənə güzəştə getməyəcəkdir. Biz həmin xalqıq ki, 1988-ci ildən başlayaraq, yəni Qarabağda məlum proseslər başladığı zamanda milyonlarla insan, bütün Azərbaycan ayaqüstə idi. Bir daha çağırış edirəm ki, siyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı işğal edilmiş torpaqlarımızın azad olunması üçün vahid bir mövqedən çıxış etməli, millət və dövlət olaraq bu işğala son qoymaq üçün bütün imkanlarımızı qoymalıyıq”.
“Yeni Müsavat” qəzeti
Cavanşir Abbaslı
15 sentyabr 2018-ci il