Teatra və efirə yeni qadağa gəlir: Təklif edilən dəyişiklik yaradıcılıq azadlığına müdaxilə sayılır...

19-09-2018, 21:25           
Teatra və efirə yeni qadağa gəlir: Təklif edilən dəyişiklik yaradıcılıq azadlığına müdaxilə sayılır...
Milli Məclisin Mədəniyyət komitəsi 2018-ci ilin payız sessiyasının ilk iclasında Komitə sədri Rafael Hüseynov “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib. O qeyd edib ki, bu sənədlərdəki dəyişikliklər televiziya yayımlarında və teatr tamaşalarında tütün məmulatlarının, tütündən istifadə prosesinin və insan sağlamlığına zərər vuran digər məhsulların reklamına məhdudiyyətlərin qoyulması ilə bağlıdır.

Qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı tətbiq edilən qadağaya etirazını bildirib.

O qeyd edib ki, siqaretə qarşı mübarizə çox yaxşıdır, amma bunu yaradacılıqda tətbiq etmək olmaz: “Elə isə bədii əsər yazanlara da bu qadağa tətbiq edilsin, qəhrəmanları siqaret çəkərkən təsvir etməsinlər. Bu, nə dərəcədə doğrudur?”

Komitə sədri Rəfael Hüseynov isə bildirib ki, burada söhbət nümayişdən gedir, bu, insanların şüuruna daha çox təsir edir: “Kitabı biri oxuyar, biri oxumaz, yəni kitab fərdi qaydada istifadə edilən məhsuldur. Televiziya, radio, teatr isə kütləvi şəkildə informasiya çatdırır. Ona görə də belə məhdudiyyətlərin olması vacibdir”.

Müzakirə edilən bütün sənədlərin Milli Məclisin plenar iclasına tövsiyyə olunması qərara alınıb.

Kinoşünas Tahir Tahirov Strateq.az-a açıqlamasında təklif olunan dəyişikliyə münasibəti lakonik oldu: “Bu sadəcə bekarçılıqdan irəli gəlir və biabırçılıqdır”.

Professor, telejurnalist Qulu Məhərrəmli isə bir sıra məsələlərin qanun və ya qaydalar şəklində təsbit etməyə ehtiyac olmadığnı bildirdi: “Qaydalar tətbiq olunur. Bu, bizim praktikamızda var. Vaxtı ilə filmlərdə, verlişlərədə alkoqollu içkilərin göstərilməsi qadağan idi. Efirdə qara rəngə tuturdular və s. Bu, keçici bir dövr idi, kampaniyalara bağlı olan bir şeydir. Amma insan həyatı belədir ki, o bütün detalları ilə göstərilə bilər – yeməyi də, içməyi də öpüşməyi də. Amma biz bunları hansı şəkildə ekranlara və teatr səhnəsinə çıxarırıq? Mənə elə gəlir ki, burada onu rejissor, əsərə quruluş verən sənətkarlar müəyyənləşdirir. O da çərçivələri dəqiq müəyyən edəndə, elementi, detalı vurğulamaq lazımdırsa, onu normal şəkildə vermək lazımdır. Ona bunun qadağan etmək yolverilməzdir. Sadəcə olaraq kampaniyalarla bağlı məsələləri qanun şəklinə salmaq olmaz. Çünki kampaniyalar keçir gedir, amma qanun daimidir onun gücü, təsiri olur. Onu deməyə ehtiyac yoxdur ki, içki məclislərinin, erotik səhnələrin, yaxud siqaret çəkilməsi səhnələrinin teatrda, ekranda geniş, bəh-bəhlə təqdim olunmasını qanuna yazmadan hər kəs bilir ki, bunu belə eləmək olmaz”.

Qulu Məhərrəmli vurğuladı ki, o şey ki yaradıcılığa, obrazların açılmasına xidmət edir, onu məhdudlaşdırmaq olmaz: “Qanunvericiliyə bu şəkildə qadağaların qoyulması yaradıcılığın məhdudlaşdırılmasıdır. Amma mən inanmıram ki, qanuna bu şəkildə əlavələr olunacaq. Bunun qanuna salmağa, yaradıcı adamlar üçün kənardan çərçivələr müəyyənləşdirməyə ehtiyac yoxdur. Yaradıcı adam özü hər şeyin ölçüsünü, qədərini bilir. Sənət də ona görə sənətdir ki, ölçülər üzərində dayanır. Yaradıcılıq üçün qaydaların, nizamın kənardan verilməsi doğru deyil. Bu sənət də ona görə sənətdir ki, o, ölçülər üzərində dayanır, onun bəlli bir çərçivəsi var. Detalları, elementləri var onun düzülüşünü rejisor bilir. Və bu bilgi adi bir tamaşanı sənət əsərinə çevirir”.

Tanınmış aktyor İlqar Cahangir də Strateq.az-a bildirdi ki, Mədəniyyət komitəsində təklif olunan düzəliş yaradıcılıq azadlığına müdaxilədir. O, eyni zamanda tütün məmulatlarının təbliğat və reklamının da əleyihinə olduğunu dedi.

Hüququşünas Ələsgər Məmmədli isə əksini düşünür. O hesab edir ki, siqaret çəkmək yaradıcılıq yox, daha çox alışqanlıqdır: “Onun təbliğ olunması birmənalı qarşılanmır. Azyaşlı uşaqların buna meyillənməsinə səbəb verir. Teatr ictimai yerdir, orada siqaret çəkilməsinin qadağan olunması normalıdır. İstənilən halda teatrın məqsədi maarifləndirmə, bilgiləndirmə əyləndirmədir. Ona görə də burada etik və qanunla uyğun olan hərəkətlər edilməlidir. Bu konteksdən baxanda mən bu təklifi yaradıcılıq azadlığına müdaxilə saymıram. Tam tərsi, azadlıqlar bəlli məhdudiyyətlər çərçivəsində özünü ehtiva edə bilər. Bu da onlardan biridir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.