“NAZİRLƏR PARLAMENTƏ GƏLMƏLİDİRLƏR” – “Amma hesab edirlər ki, bu aşağılayıcı addımdır”
21-09-2018, 19:14
“Uzun illər ərzində yalnız bir dəfə mərhum prezident Heydər Əliyev Qarabağ məsələsini parlamentin müzakirəsinə çıxarıb. Tək mən yox, millət vəkillərinin çoxu dəfələrlə parlamentdə məsələ qaldırıblar ki, yenidən bu məsələnin parlamentin müzakirəsinə çıxarılmasına çox böyük ehtiyac var”.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirib. Parlamentdə Qarabağ dinləmələrinin keçirilməsini zəruri sayan BAXCP sədri qeyd edib ki, artıq 25-ci ildir atəşkəs elan olunub və sülh danışıqlarının heç bir nəticəsi yoxdur: “Ona görə də xarici işlər naziri parlamentə dəvət olunmalıdır və o, millət vəkilləri qarşısında hesabat verməlidir. Bilirsiniz, parlamentdə belə bir dinləmənin keçirilməsi iqtidarın nüfuzuna xələl gətirmir. Parlamentdə də iqtidar çoxluq təşkil edir. Odur ki, ali nümayəndəli orqan qarşısında hökumətin bir üzvünün hesabat verməsi iqtidara başıaşağılıq gətirmir. Bəzi nazirlər hesab edirlər ki, parlamentə gəlib hökumətin hesabatında iştirak etmək, deputatların suallarına cavab vermək onların nüfuzunu aşağı salır, yaxud aşağılayıcı addımdır. Əksinə, bu, iqtidarın həm xalq arasında nüfuzunu qaldırar, həm də dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna müsbət təsir göstərər. Ona görə də biz parlament dinləmələrini nəhayət ki, komitələrdə, plenar iclasların özündə adiləşdirməliyik”.
Q.Həsənquliyev qeyd edib ki, parlamentin səlahiyyət müddətinin bitməsinə iki il qalır: “Bu müddət ərzində Qarabağ dinləməsini keçirməliyik və parlamentin hazırkı tərkibinin səlahiyyəti başa çatana qədər ən azından Qarabağın azad olunması üçün müəyyən radikal və qəti qərarlar qəbul edib, ciddi addımlar atmalıyıq”.
Q.Həsənquliyev növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi barədə səslənən iddialara da münasibət bildirib: “Bəziləri deyir növbədənkənar parlament seçkiləri payızda ola bilər. Bu gün Azərbaycan parlamentində 6 boş yer var. Bu dəqiqə parlamentdə olması xüsusi əhəmiyyət kəsb edən insanlar varsa, konstitusiyaya uyğun olaraq həmin yerlərə seçkilər keçirib, onları boş qalan dairələr seçmək olar”.
Amma BAXCP sədri bu istiqamətdə addım atılacağı təqdirdə dəstək verəcəyini də vurğulayıb: “Hökumət növbədənkənar parlament seçkilərinə getmək istiqamətində addım atmaq istəsə, biz partiya olaraq buna dəstək verəcəyik”.