Xızının baş həkimi icra başçısının hicab qadağasından danışdı: “Kimsə səsini qaldırıb desin ki...”
26-09-2018, 22:42
Xızı rayonunun icra başçısı Xəzər Aslanov tebeliyində olan rayonun orta məktəblərində hicaba qadağa qoyub.
Məlumata görə, Xəzər Aslanov məktəb direktorları, idarə rəhbərlərilə keçirdiyi iclasda hicablılarla bağlı xəbərdarlıq edib.
Bununla bağlı rayondakı bütün məktəblərin kollektivi və valideynlərə də ciddi xəbərdarlıq olunub. Məlumatlarda deyilir ki, hətta Xəzər Aslanov bu qadağanı təkcə orta məktəblərdə deyil, xəstəxanalarda da tətbiq edib. Bu isə rayonda birmənalı qarşılanmayıb. Məsələ ictimiyyətdə də geniş müzakirələr yaradıb.
Xızı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bektaş Nəbiyev Cebhe.info-ya açıqlamasında deyib ki, səhiyyə işçisi və baş həkim olaraq ona hicab qadağası ilə bağlı hər hansı göstəriş gəlməyib:
“Ümimiyyətlə, bizim xəstəxanada radikal islamçı yoxdur. Hər kəs öz inancında azaddır. Hamımız müsəlmanıq. Heç kimə deyilməyib ki, baş örtüyünüzü açın. Bu haqda mənə göstəriş verilməyib. Bu məlumatlar boş şeydir. Kimsə səsini qaldırıb desin ki, mənə bu qadağa qoyulub. Xəstəxanada cəmi 3 nəfər hicab bağlayır. Onlar da həmin formada işə gəlir”.
Məktəblərdə hicab qadağasına gəlincə, Bektaş Nəbiyev bundan xəbərsiz olduğunu deyib:
“Amma məktəbli formasına görə nəsə deyilibsə, onu bilmirəm. Yəni, o haqda məlumatım yoxdur. Bir jurnalist kimi gəlib araşdıra bilərsiniz ki, burda neçə nəfər hicablı var. İstənilən adam başını bağlaya bilər. Hicab bağlayan xanımlar da elə düşüncədə deyillər ki, nəsə başqa hərəkət etsinlər”.