Samir Abasov: "Oyun qurucusunun olmaması, Azərbaycan futbolunun problemidir"
1-10-2018, 07:22
“Danışmaq çətindir. Oyunumuz alınmadı, çox pis mübarizə apardıq”.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
Ardıcıl məğlubiyyətləri nə ilə əlaqələndirərdiniz?
- Təzyiq altındayıq, məğlub olduqdan sonra vəziyyətimiz daha da pis olur. Bizə bir qələbə lazımdır, ancaq bunu qazanmaq üçün vaxta ehtiyacımız var. Komandamızın gələcəyi var, rəhbərliyimiz bizə dəstək olur. Komandaya yaxın olan adamları, azarkeşləri başa düşürəm. İnanıram ki, yaxşı vəziyyətə gələcəyik. Bəzi oyunçularımız çətinlik çəkirlər. İndiki vaxtda radikal addım atmaq düzgün deyil. Qışa qədər səbr etməli, sonra fikirləşməliyik.
Bəzi baş məşqçilər legioner axtarır. Ancaq sizin legionerlərinizin çox hissəsi ehtiyatda oturmuşdu. Bunun səbəbi nədir?
- Futbolçular oyunda nəyə qadir olduqlarını göstərməlidirlər. Aleksandr Dedovdan narazı idim, buna görə ehtiyatda idi. Bu gün Mirsahib Abbasova şans verdik, yoxladıq. Mirsahib özünü daim ehtiyatda qalmağa öyrəşdirib. Ondan çox şey gözləyirdik, lakin istədiyimizi əldə edə bilmədik.
46-cı dəqiqədə əvəzetmə limitinizi başa vurdunuz. Qapıçı Anar Nəzirov zədə alsaydı, onu kiminlə əvəz edəcəkdiniz?
- Bir nəfəri tapıb qapıya qoyacaqdıq. Vüqar Mustafayevin zədələnməsi planlarımızı pozdu.
Komanda hücuma çıxmaqda çətinlik çəkir. Oyun qurucusunun olmaması fikri ilə razısınız?
- Bəli, oyun qurucumuz azdır. Açığı, oyunçu axtarışındayıq, danışıqlar aparırıq. Bu mövqe ümumiyyətlə, Azərbaycan futbolunun problemidir.