“Qarabağ problemini həll etmək üçün pəncərədən yox, öz qapımızdan keçməliyik” - Ayaz Mütəllibov

1-10-2018, 10:17           
“Qarabağ problemini həll etmək üçün pəncərədən yox, öz qapımızdan keçməliyik” - Ayaz Mütəllibov
Rusiya prezidentinin Bakıya son səfəri Qarabağ ətrafındakı müzakirələri yenidən ön plana çıxarıb. Ermənistan rəhbərliyinin ziddiyyətli mövqeləri və Kremllə soyuq münasibətləri fonunda Bakı-Moskva münasibətlərindəki nəzərə çarpan dinamika Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün əlverişli şərait yaradıb. Bu mövzuda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla söhbət etdik.

- Ayaz müəllim, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ətrafında müzakirələr davam edir. Bu səfərin görünməyən tərəflərindən daha çox danışılır. Sizdəki məlumatlar və müşahidələr nə deyir: Bakı səfərində əsas müzakirə mövzusu nə olub?

- Sevindirici haldır ki, bu gün Azərbaycan-Rusiya əlaqələri çox yüksək səviyyədədir. Bu ikitərəfli dostluq, əməkdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsinə, prezidentlərin şəxsi dostluq, qarşılıqlı etimad münasibətlərinin olması birbaşa təsir edir. Prezidentin apardığı siyasət kifayət qədər şəffafdır, heç bir qaranlıq, görünməyən tərəflər, məqamlar barədə fikir yürütməyə ehtiyac yoxdur. Hansısa gizli razılıqlar, müqavilələr barədə yayılan fikirlər ciddi xarakter daşımır.

- Rusiyanın aparıcı media orqanları yazır ki, Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsinə razılıq verib. Bu, nə dərəcədə real məsələdir? Sizcə, Kreml Bakının torpaqları hərbi yolla azad etməsinə razılıq verəcəkmi? Yoxsa bunlar, sadəcə, ötən illərdəki kimi, hansısa məqsədlərlə Rusiyadakı dairələrin dövriyyəyə buraxdığı saxta məlumatlardır?

- Dağlıq Qarabağı və 20 faiz torpaqları min cürə təxribat edən, işğal edən Ermənistandır, Rusiya yox. Biz torpaqların qeyri-şərtsiz işğaldan azad edilməsini Ermənistandan tələb edirik və hələlik ermənilərin və onların havadarlarının, belə desək, “şıltaqlıqlarına” səbir nümayış etdiririk. Təbii ki, Rusiyanın bu problemin həllində təsir mexanizmi digər vasitəçilərdən güclüdür. Hamı bunu bilir və müxtəlif vasitələrlə Rusiyanın Cənubi Qafqazda nüfuzunu zəiflətmək istəyirlər, təbii ki, öz maraqlarına uyğun şəkildə. Bu prosesdə Qarabağ problemi əsas vasitələrdən biridir. Ona görə bu gün Rusiya ictimaiyyəti, siyasətçiləri problemin tez həll olunmasında maraqlıdırlar. Çünki Ermənistanda hər neçə ildən bir bütün region üçün təhlükə mənbəyinə çevrilə bilən hadisələr baş verir. Heç kim təminat verə bilməz ki, sabah Ermənistanda daha hansı fitnəkarlıqlar, oyunbazlıqlar baş verəcək.

- Diskussiyalara səbəb olan digər məsələ Moskvanın Qarabağ dəstəyinin qarşılığında Azərbaycanın vahid gömrük məkanına, Avrasiya İttifaqına və KTMT-yə qoşulması perspektivi ilə bağlıdır. Səhv etmirəmsə, vaxtilə siz Azərbaycanın bu qurumlarda təmsilçiliyini mümkün saymısınız. Bu gün hansı fikidəsiniz? Rusiya 5, yaxud 7 rayonun qaytarılması vədi ilə Azərbaycanı “tor”a sala bilərmi?

- Azərbaycanı nə indi, nə də gələcəkdə heç kəs tora sala bilməz. Bizdə hələ də bolşevik inqilabı xofu, müstəqil cümhurriyətin süqutu ilə nəticələn proseslərin xofu qalmaqdadır. Amma əsrimiz internet, yüksək texnologiyalar əsridir. Kim deyə bilərdi ki, bir neçə il bundan qabaq Azərbaycanın öz süni peyki olacaq? Bu gün bizim artıq 3 peykimiz fəaliyyət göstərir. Belə bir zamanda müstəqilliyimizi heç bir qüvvə əlimizdən ala bilməz. Mən indi də o fikirdəyəm ki, nəinki Avrasiya İttifaqı, vətənimizə, xalqımıza xeyir gətirəcək, vətəndaşlarımızın həyat şəraitini yaxşılaşdıracaq bütün iqtisadi qurumlarla əməkdaşlıq etməyimiz məqsədəuyğun olardı. Siyasi, iqtisadi müstəqilliyimizə ziyanı olmayan birliklərdə təmsil olunmağımızın yalnız xeyri ola bilər. O ki qaldı hərbi birlik olan KTMT-yə üzvlük məsələsi, bu qurumda təmsil olunmağımız Azərbaycanın tutduğu indiki siyasi kursa uyğun gəlmir. Vaxtilə mərhum prezident Heydər Əliyev belə bir qurumda Azərbaycanın iştirakını məqsədəuyğun saymamışdı. Faktiki düşmənimiz olan, torpaqlarımızı işğal altında saxlayaraq öz övladlarını Qarabağa, Azərbaycan vətəndaşlarını öldürməyə göndərən Ermənistanla bir hərbi blokda təmsil olunmağımız ən aşağısı ciddi bir fikir deyil. Onlar öz işğalçılıq siyasətlərindən əl çəkəcəyi və torpaqlarımızı qeyri-şərtsiz azad edəcəyi təqdirdə bu barədə düşünmək olar.

- Paşinyan hökuməti Rusiya ilə münasibətləri qoruyub-saxlamağa çalışsa da, Qərbə doğru can atır. Bəzi ekspertlər, məsələn, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, Rusiya Ermənistandan getməyə hazırlaşır. Sizcə, NATO ölkəsi ilə həmsərhəd ərazidə hərbi bazası olan Rusiya belə bir qərar verərmi?

- Bizi Rusiya-Ermənistan münasibətlərinin hansı formada olması narahat etməməlidir. Yetər ki, Rusiya ilə bizim münasibətlərimiz indiki, qarşılıqlı hörmət və maraqların balanslaşdırılması istiqamətində davam etsin. Rusiyanın Ermənistandan gedəcəyi fikrinə münasibət olaraq yada salmaq istəyirəm ki, burada söhbət 1812-ci ildə Moskvanı yandıraraq fransızlara təslim edən, 1-ci Dünya Müharibəsində Piteri almanlara buraxıb sonra geri alan xalqdan gedir. İndi necə düşünürsünüz, Rusiya belə asanlıqla Cənubi Qafqazdan gedəcək?

- Qarabağ torpaqlarının qaytarılması üçün şans yarandığı fikrinə münasibətiniz maraqlıdır. Eldar Namazov bu günlərdə deyib ki, Azərbaycan üçün hazırda torpaqları azad etmək üçün “imkanlar pəncərəsi” yaranıb və bir müddət sonra Ermənistanda Rusiyameyilli iqtidarın iş başına gəlməsi ilə bu pəncərə qapana bilər. Bu yanaşma ilə razısınızmı? Hazırda hərbi əməliyyatlar üçün münbit şərait varmı?

- Ermənistan hal-hazırda kifayət qədər riskli bir əraziyə bənzəməkdədir. Bu, orada yaşayan xalqlar üçün də baş ağrısına çevriləcək. Bir şeyi başa düşmək lazımdır ki, Qərbmeylli, Rusiyameylli iqtidar anlayışları ermənilərin Qarabağ məsələsinə baxışlarında heç bir dəyişiklik yaratmır. Qarabağ məsələsini həll etmək üçün pəncərədən yox, öz qapımızdan keçməliyik. Hərbi əməliyyatları o vaxt başlamaq olar ki, danışıqlar yolu ilə problemin həlli variantları tükənsin. Bir xalq olaraq başa düşməliyik ki, iqtidarın sülh danışıqlarına səbir etməsinin bir səbəbi də Azərbaycan analarının bacardığımız qədər övlad acısını yaşamamasıdır. Bəli, bu fikirlə də razılaşmalıyıq ki, Vətəni canımızla müdafiə etmək müqəddəs borcumuzdur. Amma sülh variantları tükənəndən sonra.

- Ayaz müəllim, siz də hesab edirsinizmi ki, Rusiya ətraf rayonları Azərbaycana qaytarmaqla “sülhməramlıları”nı bölgədə yerləşdirmək istəyir?

- Qarabağ işğaldan azad olunandan sonra orada yaşayan bütün xalqların, o cümlədən ermənilərin təhlükəsizliyini təmin etməkdən ötrü hansısa qüvvələrə ehtiyac olacaq. Yenə təkrar edirəm, tale elə gətirib bu iki xalq qonşu olaraq yaşamağa məhkumdur. Bu qüvvələr necə adlandırılmasından asılı olmayaraq, xalqlar arasında düşmənçiliyin aradan götürülməsinə xidmət etməlidir. Yaxşı olardı ki, bu vasitəçilik missiyasında Azərbaycan, erməni və Rusiya nümayəndələrindən əlavə, qardaş Türkiyənin də qüvvələri iştirak etsinlər. Bu missiya da müvəqqəti xarakter daşımalıdır.

- Paşinyan BMT tribunasından sərt çıxış etdikdən və dünyaya meydan oxuduqdan iki gün sonra Düşənbədə tamam ayrı qiyafədə göründü. Hətta Azərbaycan prezidenti ilə ayaqüstü söhbətindən məmnunluğunu ifadə etdi. Üstəlik, son 4 ay ərzində ilk dəfə cəbhədə gecənin sakit keçməsindən şad olduğunu bildirdi. Onun bu yanaşması nədən xəbər verir? Rusiya Ermənistanın arxasında olmayacağını Paşinyana sızdırıb, yoxsa...

- Paşinyanın o hay-küylü çıxışları, sərt bəyanatları daxili auditoriyaya hesablanıb. Amma Azərbaycan prezidenti ilə görüşlərdə tam fərqli ampluada çıxış etməlidir, təbii ki, məmnun qalmalıdır. O da haqsız olduğunu çox gözəl başa düşür. Bu yaxınlarda Paşinyanın həyat yoldaşının müraciəti, Rusiya ictimaiyyətinin xanım nümayəndələri ilə Qarabağa səfər edib Azərbaycan analarına müraciət etmək təşəbbüsü haqqında yayılan xəbərlər onun əsas məqsədindən xəbər verir.

- Bakıdakı Qarabağ mitinqini izlədinizmi? Sizin bu aksiya ilə bağlı fikirləriniz necədir?

- Söz, ifadə, mətbuat azadlığı demokratik cəmiyyətlərə xas xüsusiyyətlərdir. Bu baxımdan qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində aksiyaların keçirilməsində maneələr olmamalıdır. Qarabağ mitinqi də icra orqanları ilə razılaşdırılmış bir aksiya idi. Hesab edirəm ki, nəinki Qarabağ məsələsində, digər ümummilli, dövlət əhəmiyyətli məsələlərdə xalq və dövlət həmrəyliyi vacibdir.

- Milli Məclisdə Qarabağ müzakirələrinin keçirilməsi təklif olunur. Siz bu barədə nə deyə bilərsiniz?

- Qarabağ dərdinin həll olunması istiqamətində atılan hər addım, görülən hər bir iş alqışlanmalıdır. Azərbaycanın müstəqilliyinin keşiyində dayanmaq, ərazi bütövlüyümüzü qorumaq siyasi mənsubiyyətindən, sosial vəziyyətindən, dinindən, millətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

- Rusiya-Azərbaycan-Türkiyə formatında və İran-Azərbaycan-Rusiya formatında əməkdaşlıqlar davam edir. Bu əməkdaşlıq bizə Qarabağ məsələsində nə vəd edir?

- Bu formatda əməkdaşlıqlar Azərbaycanın iqtisadi müstəqilliyin möhkəmlənməsi baxımından vacibdir. Respublikamız iqtisadi, hərbi baxımdan nə qədər güclü olarsa, qarşıya çıxan bu və ya digər problemləri aradan qaldırmaq daha da asanlaşar.

- PKK-çıların Ermənistan və Qarabağda yerləşdiyi, təlim keçdiyi barədə də xəbərlər yayılmaqdadır. Sizcə, Türkiyə Suriya və İraqda olduğu kimi, Qarabağda da terrorçulara qarşı hərbi əməliyyatlar keçirə bilərmi?

- Qeyd etdiyim kimi, bir çox səbəblər üzündən, o cümlədən də ermənilərin Qarabağ müharibəsini beynəlxalq ictimaiyyətə müsəlman-xristian qarşıdurması kimi təqdim etməsi cəhdlərinin boşa çıxarmaqdan ötrü Azərbaycan dövləti geniş hərbi əməliyyatlara getmir, kütləvi tələfatın qarşısını alır. Şübhəsiz, Azərbaycan ordusu bu gün kifayət qədər güclüdür, müasir silahlarla təmin olunub və belə bir fürsət yaranacağı təqdirdə Qarabağda olan bütün separatçı - təxribatçı qüvvələr ordumuzun qabağından qaçacaq. Beləliklə, bu problem də öz həllini tapacaq və qardaş Türkiyəni narahat etməyə ehtiyac qalmayacaq.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.