Rusiya vaxtilə çox istəyirdi ki, MDB… – Şərh
2-10-2018, 08:51
Rusiya Qərbin sanksiyaları ilə üzləşdiyi üçün son vaxtlar müəyyən beynəlxalq təşkilatlarla, regional qurumlarla əlaqələri daha da yaxşılaşdırmağa çalışır. Müstəqil Dövlətlər Birliyi də bu baxımdan istisna deyil.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, MDB Rusiyaya həqiqətən də çox lazımlı bir qurumdur:
“Bu təşkilat təsis olunanda – 1990-cı illərdə Rusiya çox istəyirdi ki, MDB onun patronajlığı altında fəaliyyət göstərsin. Amma alınmadı. Hazırda MDB-yə daxil olan ölkələrin kifayət qədər müstəqil siyasətləri, özlərinin müstəqil siyasi prioritetləri var. Məsələn, Qazaxıstan, Azərbaycan kimi ölkələr MDB ilə əməkdaşlıq edərək eyni zamanda Qərb ölkələri ilə də yaxınlıq edir, bir sıra layihələrin həyata keçirilməsi ilə məşğul olurlar. Biz Avropa ölkələri ilə münasibətlər qurmuşuq. Həmçinin, Belarus da kifayət qədər müstəqil siyasət yürüdür. Ona görə, ola bilsin ki, vaxtilə MDB qeyd etdiyiniz məqsəd üçün yaradılıb, amma artıq o dövr keçib. Hazırda bu ölkələr MDB çərçivəsində ancaq onların ümumi maraqlarına cavab verən addımlar atırlar. Təbii ki, hansısa qərar onların maraqlarına cavab verməsə ona nə razılıq verər, nə də imza atarlar”.
Sentyabrın 28-də Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasına da münasibət bildirən F.Sadıqov birlik ölkələri rəhbərlərinin vaxtaşırı görüşdüyünü vurğulayıb:
“Əsas məsələ MDB məkanında olan problemlərin müzakirəsidir. Bunlar terrorizmlə mübarizə, sabitlyin təmin olnması kimi məsələlərdir. Azərbaycanı da maraqlandıran və narahat edən kifayət qədər problemlər var. Ancaq, çox təəssüf ki, MDB ölkələri bir çox hallarda qəbul olunan qərarlar çərçivəsində hərəkət etmirlər. Hər bir ölkə öz maraqları çərçivəsində siyasət yürüdür. Aydın məsələdir ki, bu platformada gündəmə çıxarılmayan, açıq şəkildə görünməyən məsələlər də müzakirə olunur. Bundan başqa MDB-nin iclasları çərçivəsində dövlət başçıları ikitərəfli əlaqələrin cari vəziyyətini də müzakirə edirlər. Sonuncu iclas da bu baxımdan istisnalıq təşkil etmədi. Yəni, həm bütün dövlətləri maraqlandıran məsələlərin, həm də ikitərəfli məsələlərin müzakirəsi baş verdi. Düşünürəm ki, bu nöqteyi-nəzərdən MDB-nin Düşənbədəki zirvə görüşü faydalı bir tədbir oldu”.