“Mitinqə ona görə getmədim ki, hökumətə istefa tələbləri meydana çıxdı” – Müsahibə

3-10-2018, 21:05           
“Mitinqə ona görə getmədim ki, hökumətə istefa tələbləri meydana çıxdı” – Müsahibə
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə ötən həftə keçirilən Qarabaq mitinqindən danışmışıq. ADP liderinin AzEuroNews.com-a müsahibəsini təqdim edirik:

– Sərdar bəy, deyəsən Qarabağ Komitəsində təmsil olunmursunuz?

– Xeyr, olunuruq.

– Amma mitinqdə çıxış eləmədiniz…

– Partiya üzvləri iştirak edirdilər.

“Hökumətin problemi danışıqlar yolu ilə həll edəcəyi iflasa uğrayıb”


– Mitinqə əvvəlcə YAP deputatları dəstək versə də, meydanda bunu görmədik. Stadiona 4-5 min müxalifətçi yığışmışdı. Səbəbi nə idi?

– Bilirsiniz, Dağlıq Qarabağ problemini iqtidar müstəsna səlahiyyətlərinə daxil edə bilməz. Guya bunu ancaq hökumət həll edir, belə mövqe yanlışdır. Eləcə də müxalifətin iqtidardan münaqişəni həll et, ya da istefa ver tələbi yanlışdır.

Çünki Qarabağ mürəkkəb məsələdir və iqtidarın iradəsi ilə həll olunmur. Bu problemin həllində xalqın iradəsi olmalıdır. Mitinq xalqın iradəsini ortaya çıxarır. Hökumət də xalqın iradəsini görəndə effektli addımlar atır. Ona görə də hər iki tərəfin mövqeyi yanlış idi.

– Sizcə, xalq iradəsini ortaya qoydumu?

– Qarabağ müharibə ilə həll olunmalıdır. Xalqın müharibə istəməsi, könüllülərin iştirakı vacibdir. Çünki hökumətin problemi danışıqlar yolu ilə həll edəcəyi perspektivi yoxdur, bu məsələ iflasa uğrayıb.

Əgər Paşinyan BMT-nin Ali Tribunasından bəyan edirsə biz Qarabağı qaytarmayacağıq, onda bir məsəl var – donuzu kötəklə çıxarmaq lazımdır. Azərbaycan müharibənin başlamasını beynəlxaq hüquq normaları ilə əsaslandırmalı, xalqı müharibə haqda məlumatlandırmalıdır.

Əslində, mən mitinqə həm də buna görə getmədim ki, orda hökumətə istefa tələbləri meydana çıxdı. Bu faktdır ki, Elçibəyin dövründə 2 rayonumuz işğal olunub. Əgər indiki hakimiyyəti istefaya çağırırıqsa onda Elçibəyi də istefaya çağırardıq. İstefa şüarı səslənməməliydi.

Əksinə, YAP da belə mənasız bəyanatlar verməməli, 100 minlik mitinq təşkil olunmalıydı. Məsələn, Xocalı soyqırımı ilə bağlı tədbirlərimizə az adam gəlir.

İqtidar bu tədbiri təşkil edəndə yüzminlər küçəyə çıxır. Bunu Qarabağa görə də təşkil etmək lazımdır. Eyni zamanda mitinqin zamanı da yanlış idi. Mitinq Putin Bakıya gələndən qabaq olmalıydı, minlərlə insan küçəyə çıxmalıydı. Onda bu, problemin həllində irəli atılmış addım olardı.

– Yəni, mitinqləri davam etdirmək lazım deyil?

– Bundan sonrakı mitinqlər birgə olmalıdır. Kiçik mitinqlərin aparılması Qarabağın həllinə problem yaradır, böyük mitinqlər isə həllini sürətləndirir. Ona görə ötən dəfəki ümummilli mitinq olmadı. Orada komitəyə üzv qüvvələr var idi.

İndi Müsavat, AXCP və başqaları mitinqdə iştirak etmirsə, o deməkdir onlar Qarabağın həllini istəmir? Belə deyil axı?! YAP da, digər qüvvələr də birgə nəhəng Qarabağ mitinqi keçirməlidirlər. Kiçik mitinqlər yox.

“Beş rayon söhbət xalqın başının altına yastıq qoymaqdır”


– Amma rus ekspertlər, ayrı-ayrı analitiklərin dilindən tez-tez 5 rayonun qaytarılacağı proqnozları səslənir.

– Müharibə olmasa heç bir qarış torpaq da gözləmirəm. Çalışacaqlar, ki bir az da torpaq qoparsınlar. Beş rayon söhbət xalqın başının altına yastıq qoymaqdır. Son 5 ildə, hətta prezidentlərin çıxışlarında bu cür fikirlər səslənib ki, 5 rayon, 7 rayon qaytarılması gözlənilir. Bu, xalqı arxayın salmaqdır.

Reallıq budur ki, Ermənistan Bişkek protokolunun bəndlərini, şərtlərini pozmaqdadır. Məsələn, aeroport tikirlər, tikinti aparırlar, ermənilər əkin-biçinlə məşğul olurlar. Bunlar Bişkek protokolunun şərtlərinə ziddir. Amma iqtidarın davranışına fikir verin, protokolun şərtlərinə yalnız atəşkəsin pozulması, təmas xəttində güllə atmaq kimi baxır.

“İqtidarın Bişkek protokoluna yanaşması yanlışdır”


Yəni, atəşkəs pozulmursa, vəssalam. Biz nə qədər sakit otururuqsa, ermənilər həyasızlıq edirlər, ABŞ-da Artsax küçəsi açırlar. İqtidarın Bişkek protokoluna yanaşması yanlışdır.

Protokolun digər şərtlərinin pozulmasını gündəmə çıxarmırlar. Niyə ermənilər əlavə səngərlər, istehkamlar qururlar, əkin-biçinlə məşğuldurlar? Biz susacağıq, onlar taxıl əkəcəklər, tikinti aparacaqlar.

– Bu halda sual yaranır, iqtidar müharibə ikə problemi həll etmək istəyirmi?

– Hər şey iqtidarın iradəsindən asılı deyil. Müharibəyə getməsə belə, bəzi şərtlər məcbur edə bilər və ya apreldə olduğu kimi, müharibə etmək istəyəndə Rusiya qoymaz. Biz ədalətli, beynəlxalq sülhə söykənən müharibə apardığımızı bəyanb etməliyik, erməni-rus birliyinə qarşı türk konfederasiyası yaratmalıyıq, Türkiyə, Pakistan burada olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.