NATO-nun konfransına qatılan azərbaycanlı tələbədən maraqlı açıqlamalar

4-10-2018, 08:32           
NATO-nun konfransına qatılan azərbaycanlı tələbədən maraqlı açıqlamalar
Şücaət Əhmədzadə: “Belə bir böyük beynəlxalq tədbirdə Azərbaycandan mütləq bir rəsmi şəxs olmalı və Qarabağ məsələsi ilə bağlı məruzə ilə çıxış eləməli idi”

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq Münasibətlər ixtisası üzrə 3-cü kurs tələbəsi Şücaət Əhmədzadə 26-28 sentyabr tarixlərində Latviyanın Yurmala şəhərində keçirilən NATO-nun “Baltik Rusiya gəncləri forumu”nda, həmçinin Latviyanın paytaxtı Riqada keçirilən Riqa Beynəlxalq Konfransında Azərbaycanı təmsil edib.

Şücaət Əhmədzadə dünən “Yeni Müsavat”ın qonağı olub və iştirak etdiyi tədbir, həmçinin digər məsələlərlə bağlı suallarımızı cavablandırıb.

- NATO kimi mötəbər bir beynəlxalq təşkilatın tədbirində bir tələbə kimi iştirakınız necə reallaşdı?

- Estoniya Transatlantik Təşkilatının açdığı bir müraciət formasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Dağlıq Qarabağ münaqişəsi hibrid diplomatiya kontekstində” adlı bir inşa yazıb göndərmişdim. Göndərilən yazıların içində mənim yazımı seçib bəyəniblər. Mənə seçildiyim və Baltik Rusiya Gənclər Forumuna dəvət edildiyim barədə məktub gəldi. Səfər xərcləri də onlar tərəfindən ödənildi. Orada Azərbaycandan yeganə iştirakçı mən idim. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı forumda çıxış elədim. Bakıdan plakatlar aparmışdım. Forum iştirakçılarına təqdim etdim. Forumda həmçinin Rusiyanın Şərqi Avropa ölkələrinə, o cümlədən Qafqaz ölkələrinə qarşı istifadə elədiyi yumşaq güc, eyni zamanda sərt güc siyasəti müzakirə olundu. Baltik ölkələri və Qafqaz ölkələrində rusdilli əhalinin Rusiya xarici siyasətində necə rol oynadığı müzakirə olundu.

Forumun açılışında çoxlu sayda dövlət rəsmiləri iştirak edirdi. Latviyanın Transatlantik Təşkilatı, NATO-nun ictimai diplomatiya üzrə sədri, müxtəlif ölkələrin səfirlik təmsilçiləri, bir sıra ölkələrdən, o cümlədən qonşu Gürcüstandan, Ermənistandan çoxsaylı iştirakçılar var idi.

Riqa konfransı isə hər il bu şəhərdə keçirilən bütün diplomatik korpus təmsilçilərinin, hökumət üzvlərinin, siyasi xadimlərin, gənclərin iştirak etdiyi böyük konfransdır. Məni həmin konfransa da dəvət etdilər. Mən də iştirak etdim. Konfransda müxtəlif ölkələrdən 1500-ə yaxın şəxs iştirak edirdi. Konfransın təşkilatçısı NATO, Latviyanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi idi. Dəvət mənə Müdafiə Nazirliyindən gəlmişdi. Konfransda çox geniş diskussiyalar oldu. Çıxışlarla yanaşı, iştirakçıların sualları da cavablandırıldı. Mən bu konfransda çıxış eləmədim, müzakirələrə qatıldım, sual verdim. Ermənistandan bu konfransda Ermənistan prezidenti Armen Sarkisyanın müşaviri Tevan Poqosyan iştirak edirdi. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış elədi. Dağlıq Qarabağ münaqişəsinin Avrointeqrasiyaya necə mane olduğu mövzusunda çıxış idi. Azərbaycandan isə bu cür konfransda təəssüf ki, heç bir rəsmi nümayəndə yox idi. Məndən başqa Azərbaycandan nümayəndə iştirak etmirdi.

sucaet ehmedzade2 nato telebe.JPG (6.76 MB)

“Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan konfransda Dağlıq Qarabağ münaqişəsinin Avrointeqrasiyaya necə mane olduğu mövzusunda çıxış etdi”
- Azərbaycandan rəsmi nümayəndə dəvət olunmamışdı, yoxsa dəvət olmuşdu, sadəcə, iştirakçı göndərilməmişdi?

- Ola bilsin ki, dəvət olunmayıb. Lakin rəsmi dəvət olmasa belə, öz istəyinlə, təşəbbüsünlə qeydiyyatdan keçib iştirak etmək də mümkündür. Düşünürəm ki, belə bir böyük beynəlxalq konfransda Azərbaycandan mütləq bir rəsmi şəxs olmalı və Qarabağ məsələsi ilə bağlı məruzə ilə çıxış eləməli idi. Çünki dünyanın əksər ölkələrindən siyasəti xadimlərlə yanaşı, jurnalistlər, redaktorlar çıxışları diqqətlə izləyirdilər. Bu tribunadan Dağlıq Qarabağ məsələsində haqlı mövqeyimizi ifadə etmək üçün istifadə etmək lazımdır. Riqa konfransında mənim çıxış eləməyim mümkün deyildi. Mən yalnız suallar verdim. Dövlət adından rəsmi şəxs kimi çıxış etmək səlahiyyətim yox idi.

- Bu cür beynəlxalq forumlarda iştirakı davam etdirməyi düşünürsünüz?

- Təbii ki, davamlı olmasında maraqlıyam. Gələn il Tallində Avropa İttifaqı ilə NATO arasında keçiriləcək dəyirmi masada iştirak eləməyi planlaşdırıram.

- Təhsil aldığınız akademiyanın bu cür konfranslarda iştirak etməyinizə yardımı dəyirmi?

- Konkret Latviyada keçirilən konfransa getmək məsələsində akademiyadan mənə Dağlıq Qarabağla bağlı bir çox sənədlər, materialları əldə etməyimdə dəstək oldu. Məhz təhsil aldığım ali məktəb mənə sənədlər, plakatlar, lazımi beynəlxalq qətnamələri mən öz fakültəmiz vasitəsilə əldə eləmişəm. Bu tipli beynəlxalq tədbirlərdə iştirakın davamlılığına nail olmaq üçün də Akademiyanın Tələbə Gənclər Təşkilatı ilə bu barədə danışılıb. Belə tədbirlər barədə akademiyanın rəsmi internet səhifəsində paylaşılacaq. Gələn il keçiriləcək foruma Azərbaycandan ən azı 5-6 nəfər tələbənin getməsinə ümid edirik.

- Azərbaycan-NATO əlaqələrinin səviyyəsi barədə bir tələbə, gələcəyin diplomatı kimi hansı fikirdəsiniz?

- Azərbaycan NATO ilə Sülh tərəfdaşlığı üzrə proqramın üzvü olaraq əməkdaşlıq edir. Hazırda NATO ilə əməkdaşlıq səviyyəmiz şəxsən məni qane eləmir. Mən daha sıx əməkdaşlıq gözləyirəm. İstər ordumuzun modernləşdirilməsində, istər hərbi strukturlarda olan islahatlarda mən NATO-nun imkanlarından istifadə etməyin tərəfdarıyam. NATO-Azərbaycan əməkdaşlığının başqa bir xətti isə beynəlxalq sülhyaratma missiyalarında iştirakdır. Biz artıq Kosovada, İraqda, Əfqanıstanda bu missiyalarda iştirak eləmişik. Azərbaycan bu missiyalara öz töhfəsini verməkdə davam etməlidir.

- Azərbaycanda gənclərin əksəriyyəti xaricdə təhsil almaq, təhsilini Avropada davam etdirmək yolunu seçirlər. Bu tendensiya barədə nə düşünürsünüz?

- Mənim özüm bakalavr təhsilindən sonra magistr təhsilmi davam etdirmək fikrindəyəm. İsveçdə təhsil almaq istəyirəm. Konfliktologiya, münaqişələrin öyrənilməsi üzrə elmləri daha dərindən bilmək istəyirəm. Düşünürəm ki, gənclərimizin Avropada təhsil almağa çalışmaları, orada təhsil almaları müsbətdir. Çünki onlar yeni bilik və bacarıqlar əldə edirlər, fərqli mədəniyyətlərlə ünsiyyətdə olurlar, dünyagörüşlü savadlı kadr olaraq yetişirlər. Ancaq problemli məsələ onların bir çoxunun ölkəmizə qayıdıb işlə təmin olunmamasıdır. Bu məsələ təəssüf ki, hələ tam olaraq həllini tapmayıb. Gənclərimizin xaricdə təhsil alması ölkəmizin gələcəyi üçün vacibdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.