“Paşinyanın arvadı dedi ki, qızılları gətirin...” - Ermənişünas alim

4-10-2018, 09:46           
“Paşinyanın arvadı dedi ki, qızılları gətirin...” - Ermənişünas alim
Teref.az ermənişünas alim İsmayıl Tanrıverdi ilə müsahibəni təqdim edir.

- İsmayıl müəllim, Ermənistanda nə baş verir?

- Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədən İrəvana qayıdanda gördü ki, “Respublikaçılar”, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyaları ona qarşı plan hazırlığındadırlar. O da qabaqlayıcı tədbirlər kimi “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyasından olan 6 nazirin işdən çıxarılması barədə əmr verdi. Eləcə də bütün vilayətlərdə həmin partiyalardan olan rəisləri işdən azad elədi. Parlamentin deputatları isə cavabında dünən axşam toplaşıb Paşinyana qarşı yeni qanun hazırladılar. Konstitusiyada yeni dəyişiklik Paşinyanın vəzifədən götürülməsinə icazə verir. Bunu görən Paşinyan xalqa müraciət etdi. Qanun 67 səslə qəbul edilsə də, baş nazir öz ətrafı ilə birlikdə parlamentin binasına daxil oldu və gördü ki, deputatlar parlament sədri Ara Babloyanın kabinetinə toplaşıblar. Paşinyana təklif elədilər ki, ölkədə siyasi böhranın qarşısını almaq üçün yeganə çıxış yolu istefa verib yenidən keçiriləcək seçkilərdə iştirak etməkdir. Paşinyan əvvəlcə bunu istehza ilə qəbul elədi, sonra xalqa müraciət edib bu qərarı açıqladı. Dedi ki, mənim fikrimcə, doğrudan da ölkədə siyasi böhrandır və onun aradan qalxmasının tək yolu növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Xalq da yenə onu dəstəklədi. Bəyan elədi ki, görürəm, seçkilərin vaxtı çatıb və dekabrın əvvəlində seçki keçirilməli və xalqın canı manqurtlardan qurtarmalıdır. Ölkədə belə bir vəziyyət yaranıb.

- Paşinyan bəyan edir ki, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyasından olan nazirlərin istefaları de-yure təsdiq olundan sonra o da istefaya gedəcək. Bu, realdırmı?

- İstefaya gedəcəyini söyləyir, amma vurğulayır ki, onların mənim qarşıma çıxaracaqları namizədi yoxdur. “Respublikaçılar”, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyaları Paşinyanı yenidən seçkilərdə iştiraka dəvət edir. Paşinyan onların xalq tərəfindən sevilən nümayəndəsi olmadığını bəyan edir. Bu gün parlamentin növbəti iclası olacaq, canlı yayımlanacaq. Zalda hələ deputatların gəlməsini gözləyirlər.

- Düşənbə görüşü Ermənistanda necə dəyərləndirildi?

- Paşinyan hələ Düşənbədə olanda məlumat vermişdi ki, İrəvana qayıdanda Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı söhbət barədə danışacaq. Gəldi, söylədi ki, İlham Əliyev mənə savadlı insan təəssüratı bağışladı, eləcə də atəşkəsin davam etməsi haqda çıxış elədi. Maraqlı bir foto da yayılıb, Düşənbədə zirvə görüşündə Vladimir Putin İmaməli Rohmanla görüşəndə Paşinyan yazıq-yazıq durub onlara baxır.



Daha sonra növbədənkənar parlament seçkiləri barədə məsələni ortaya atdı, dedi ki, seçkilər ən azı ilin sonuna qədər keçirilməlidir. Mediada belə məlumat yayılır ki, Köçəryanın partiyası “Respublikaçılar” və “Çiçəklənən Ermənistan” “Daşnaksütyun”la birləşib Paşinyana qarşı mübarizəyə başlayacaq. Bu partiyalar birləşsə, Paşinyanın vəziyyəti heç də yaxşı olmayacaq. Anti-inqilabi qüvvələrin birləşməsinə dair erməni mediasında bir foto da yayılıb, Sərkisyan Çarukyan və “Daşnaksütyun”un nümayəndəsi ilə müqavilə imzalayır, Köçəryan da arxadan durub seyr edir.



Əslində “Daşnaksütyun”u tez-tez mövqe dəyişməkdə ittiham edirlər. Onlar Serj Sərkisyanla müttəfiq idilər, sonra araları dəydi və Paşinyanın fikirlərini müdafiə etməyə başladılar, indi isə baş nazirə qarşı çıxırlar. Ötən gün Sərkisyanın müavini Vaqram Baqdasaryan Paşinyanı “Armeniya-Mariott” mehmanxanasının yaxınlığında kafeyə dəvət edib 45 dəqiqəlik söhbət elədilər. Jurnalistlər də yığılmışdı, orada Baqdasaryan Paşinyana xəbərdarlıq etdi ki, oliqarxların tərəfdarının sayı sənin arxanda duranlardan çoxdur, istəsək qarşıdurma ola bilər, gəl, bu yoldan çəkin. Bildirdi ki, parlamenti buraxıb yeni seçkilər keçirilərsə, axırı yaxşı nəticələnməyəcək. Maraqlı bir məlumat da yayılmışdı ki, qəhvəxanada kofenin pulunu Paşinyan ödəyib. Baş nazir elə qapıda ikən jurnalistlərə açıqlama verib ki, danışdıq, bəzi şeylərdə razılığa gəldik, bunlarla danışıq prosesini genişləndirməliyik. Bir sözlə, baş nazir anlayıb ki, qarşı tərəf güclənib.

- Bəs Serj Sərkisyan niyə seyrçi mövqedədir, proseslərə qoşula bilərmi?

- Serj Sərkisyan açıq şəkildə öz partiyasında iclas keçirib dedi ki, yenidən siyasətə başlayacağam və Paşinyana qarşı mübarizəni genişləndirəcəyəm. Aktiv siyasətə qayıdacağını açıqladı və söylədi ki, Paşinyan siyasəti bilmir, Rusiya daxil olmaqla xarici ölkələr ondan narazıdır. Sərkisyan qardaşları ilə xarici ölkədə dincəlməyə getmişdi, o özü qayıtdı, qardaşları isə yığdıqları pulu, deyəsən, xaricdə xərcləmək istəyir.

- Ötən gün sosial şəbəkədə Serj Sərkisyan barədə maraqlı informasiya paylaşmışdınız, saflanmaq üçün İordan çayına getdiyini yazmışdınız...

- Bəli, erməni mətbuatı Serj Sərkisyanın öz günahlarını yumaq üçün İordan çayına girdiyinə dair foto da paylaşıb. Əslində bu foto 4 il əvvəl çəkilibmiş, mətbuat təzə əldə edib. Deyilənə görə, İsa peyğəmbər də burada olduğu üçün dünyanın ən müqəddəs məkanlarından biri sayılır. Amma Sərkisyan kimi insan qatili burada saflana bilməz. O, hətta orada and içib ki, bundan sonra saf və təmiz olacaq.

- Yeri gəlmişkən, Sərkisyanın anasına baş çəkmək bəhanəsi ilə Qarabağa səfərinin alt qatında nə dayanır?

- Xəlvəti getmişdi, anasını bəhanə edib Qarabağda separatçılarla görüşdü. Qarabağla əlaqəni kəsmək istəmir ki, “Qarabağ klanı” tam məhv olsa, Qarabağa sığınsın. Sərkisyana İrəvanda 1 milyon dollar qiymətində yeni ev almağı təklif ediblər. O da yalandan bəyan edib ki, məndə o evi almağa pul yoxdur. Sərkisyanın iki kürəkəni Köçəryanın oğlanları və kürəkəni ilə birlikdə xaricdə ən böyük şirkətləri idarə edirlər. İndiki dövrdə onların qazancları oradan gəlir.

- Eks-prezident Robert Köçəryan hansı addımlar atmağı düşünür?

- Robert Köçəryan parlamentdə iştirak üçün partiya yaratmaq istəyir. O, partiya yaradandan sonra o biri partiyalarla birləşməlidir. Çünki deputatların yarısı Paşinyanın tərəfini saxlayır və seçkilərdə onun partiyasına səs verəcəklərini açıqca bəyan ediblər. Belə olan halda 50-dən yuxarı səs toplamalıdırlar ki, məğlub olmasınlar. Məğlub olmamağın yeganə yolu isə birləşmədir. Sərkisyanın nümayəndəsi Baqdasaryan Paşinyanla görüşüb mövqelərini ifadə elədi. Paşinyan özbaşına hərəkət etdiyi halda milli qırğın qaçılmaz olacaq. Çünki Ermənistanda oliqarxlar elə varlanıb ki, oğurladığı pullar hesabına ailələrinin büdcəsi Ermənistanın dövlətin büdcəsi qədərdir. Jurnalistlər Paşinyana sual ünvanladılar ki, Düşənbədə Azərbaycanla danışıqlardan sonra ola bilərmi, bizi aldatsınlar? Paşinyan da cavabında dedi ki, ona görə də mən hərbi sahə üçün büdcəni 13,6 faiz artırıram.

- Amma Paşinyan hakimiyyətə gələndən hərbçilərlə, generallarla yola getmədi. İndi vəziyyət necədir?

- Yenə də gərginlik qalıb. Generalları izlədir, rüşvətə görə həbslər davam edir. Vəziyyət elə olub ki, Paşinyanın adamı olan milli təhlükəsizlik idarəsinin sədrini də məhkəməyə vermək istəyirlər. Xüsusi istintaq idarəsinin rəhbərinə qarşı da iddia qaldırıla bilər. Serj Sərkisyan deyir ki, məndə olan dəqiq məlumatları açanda siz istər-istəməz həbs olunacaqsınız. Qarışıqlıq yaranıb, hamı bir-birini dəlillərlə şantaj edir. İkisini təxribatlarına cavab olaraq biz güllələyiriksə, ikisi də özü-özünü güllələyir, orduda anarxiya hökm sürür. Paşinyanın xanımı Anna Akopyan oliqarx xanımlara açıq şəkildə müraciət edib ki, bahalı qızıl-zinət əşyalarınızı gətirin, aprel döyüşlərində yaralananlara kömək edək. Onu da kim gətirəcək? Paşinyan guya oğlunu Qarabağa hərbi xidmətə göndərib, oraya yollanandan 1 həftə sonra mətbuat yazdı ki, Stepanakertdə kirayə ev axtarırlar. Onlar Müdafiə naziri David Tonoyanın oğlu da bir yerdədirlər. Paşinyan yalandan hay-küy salır.

- Ölkədə sosial vəziyyət nə yerdədir?

- Axır vaxtlar hər şeyin qiyməti qalxıb. Kartof, çörək, hətta pomidorun qiyməti belə 30-40 faiz artıb. Paşinyanın yeganə məqsədi odur ki, heç olmazsa, elektrik enerjisinin qiymətini aşağı salsın. Neftə girişə bilmirlər, çünki neft necədirsə, elə də qalır. Oliqarx Samvel Karapetyan Sərkisyanın zamanından Ermənistanın elektrik enerjisinin özəlləşdirib özü idarə edir. Ermənistana enerjini o paylayır. Vəziyyətin yaxşılaşdığını desələrdə də, qəzetlərdə hər gün belə məlumatlar yayılır ki, bu gün İrəvanın 4 rayonunda işıq, su olmayacaq. Növbə ilə İrəvanın ayrı-ayrı prospekt və küçələrində gündəlik işıq olmur. Eləcə də Gümrüdə, ətraf rayonlarda elektrik enerjisi tez-tez kəsilir. Paşinyan da deyir ki, sən milyardersən, işığın qiymətində güzəştə get. O da birbaşa Putinə tabe olan adamdır, Paşinyanın sözlərinə qulaq asmaq istəmir.

- Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan KİV-ləri nə yazırlar?

- Yerli qəzetlərdə həqiqəti yazanlar var. Ki, bu məsələ belə davam edə bilməz, mütləq barışığa getmək lazımdır. Xaricdə ermənilər Paşinyanın xanımı Anna Akopyandan tələb etmişdilər ki, biz nə qədər sizi pulla təmin edəcəyik, bu, nə qədər davam edəcək? Hər ay ailələr pul yığıb onlara göndərirlər. Ermənistanda 22 radio və 10-dan çox televiziya kanalını diaspor təşkilatları maliyyələşdirir. Artıq onlar da cana yığılıblar. İtaliyada diaspor təşkilatının sədri mənə məktub yazmışdı, 2 dəfə yazdı, sildim, növbəti dəfə mənə “İsmayılcan” deyə müraciət etdi, düşündüm xoşməramlı şəxsə oxşayır, dinləyim. Dedim ki, sizi eşidirəm. Mənə Qarabağ haqda suallar ünvanladı ki, görürəm bizi yıxıb-sürüyürsən, ermənişünas kimi fikrin nədir? Dedim, 1994-cü ildə atəşkəs əldə ediləndə qərar qəbul edildi ki, gələcəkdə müqavilə bağlananda Qarabağ Azərbaycanın tərkibində qalmaq şərtilə sizə böyük status verəcəyik, bundan artıq nə istəyirsiniz? Soruşdu ki, onu dəqiqliklə necə öyrənək, sonra aldanmayaq. Söylədim ki, xarici təşkilatlar, ölkələr var, hamısı nəzarət edəcəklər, ola bilsin sülhməramlı əsgərləri gətirib düzdülər. Qayıtdı ki, 30 ildə yeni nəsil bizdən, yenisi sizdən yetişib və bir-birini görməyə gözləri yoxdur, bunun axırı necə olacaq? Cavabında dedim ki, bütün bunlar yavaş-yavaş öz yerini tutacaq, amma Azərbaycan öz dediyindən dönməyəcək, geci-tezi torpaqlarımızı qaytaracağıq. Dedim türkün gücünü çox gözəl bilirsiniz, sonda söylədi ki, İtaliya diasporu olaraq dünya erməni diasporuna müraciət edəcəyik ki, bu məsələyə son qoyulsun. Başa düşürük ki, bu problem qaldıqca uduzuruq, istəyirik münaqişəyə son qoymaq üçün yüksək status verəsiniz, ermənilər orada tam müstəqil olsunlar, ünvan olaraq Azərbaycan Respublikası Qarabağ vilayəti qeyd edilsin. Dedim elə biz də bu fikirdəyik, razılaşan kimi müqaviləyə imza atacağıq. Axırda dedi ki, “ay qadan alım, İsmayıl”. Mən də təşəkkür elədim...

Müəllif: Nərgiz Ehlamqızı
Teleqraf.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.