Aramızda təhlükəli insanlar dolaşır - Gah kişi olurlar, gah qadın
9-10-2018, 10:48
Təhmasib Cavadzadə: "İranda belə xəstələrə yardım üçün dövlət pul ayırır"
Son illər insanları narahat edən mövzulardan biri də homoseksuallıqdır. Homoseksuallar cəmiyyət tərəfindən birmənalı qəbul edilmirlər, əksər hallarda təzyiqlərə məruz qalırlar. Məhz bu səbəbdən bir çox homoseksuallar öz xəstəliklərini gizlədirlər və həyatı boyu bunun əzabını çəkirlər.
Psixoloq, psixoterapevt və seks terapevti Təhmasib Cavadzadə Sputnik Azərbaycan-a müsahibəsində bu xəstəliklər haqqında ətraflı məlumat verib.
- Doktor, homoseksuallığı xəstəlik adlandırmaq olarmı?
— Əvvəllər homoseksualizm xəstəliklər siyahısında idi. 1970-ci illərdən sonra isə xəstəlik kimi qəbul edilmir. Çünki bu xəstəlik sağalmır, bu, insanın oriyentasiya fərqidir.
- Homoseksual şəxs bunu özündə necə müəyyənləşdirir?
— Belə insanlar öncə psixoloqlar tərəfindən yoxlanılır. Əgər, həqiqətən də özlərini mövcud olduqları oriyentasiyada görmürlərsə, o zaman onlara müəyyən dövr verilir. Bir müddət cəmiyyətdə qadın kimi geyinib, qadın kimi hərəkət edirlər. Əgər bu, onlara tam uyğun gəlirsə, onlar əməliyyat olunurlar. Hətta İranda belə xəstələrə yardım üçün dövlət pul da ayırır. Əməliyyatlarının xərcinin bir hissəsini dövlət ödəyir. Eyni şey qadın homoseksuallara da aiddir.
- İranda?
— Bəli, qəribə gəlsə də, belədir. Öncə xəstə psixoloqdan keçir. Psixoloq təsdiqləsə ki, bu adam homoseksualdır, ondan sonra 2 il terapiya keçir. İki il də bu proses gedəndən sonra transseksual əməliyyat edilərək istədiyi cinsin nümayəndəsi olur. İranda belə xəstələr çox olduğundan dövlət bunu qanuniləşdirib. Hətta bir cərrah dostum var, o deyir ki, indiyədək 700-800 homoseksualı əməliyyat edib. Mən özüm də orada təhsil aldığım zaman belə hadisələrin şahidi olmuşam.
- Həmin şəxslər əməliyyat olunduqdan sonra İran cəmiyyəti onları normal qəbul edir?
— Yaxşı olar ki, şahidi olduğum bir hadisəni danışım. Bir oğlan transseksual idi. Öncə ailəsi bunu qəbul etməmişdi, onu döyüb evdən qovmuşdular. Həmin oğlan illərlə işləyib pul yığmışdı və nəhayət əməliyyat olunaraq qadına çevrildi. Hətta onun oğlan sevgilisi də oldu, sevgilisinə homoseksual olduğunu demişdi. Sevgilisi bunu biləndən sonra onu tərk etsə də, 10 gün sonra geri qayıtmışdı və ailə qurmaq istədiyini demişdi. Bu müddətdə həmin homoseksual artıq ailəsi ilə də barışmışdı. Oğlanın ailəsi onlara elçi getmişdi. Ailələrin söhbəti zamanı oğlanın ailəsi qızın əsgərlikdə olduğunu öyrənmişdi. Oğlanın qohumları şoka düşüb geri qayıtmışdılar. Bundan sonra qızın ailəsi yenidən onu evindən qovmuşdu ki, "bizi ikinci dəfə biabır etmisən". Daha sonra isə oğlan ailəsini razı saldı və onlar evləndilər.
- Belə şəxslərin izdivacı zamanı hansısa problem yaşanmır?
— Qadına çevrilən homoseksualların ancaq bir problemləri olur. Onların heç vaxt uşağı olmur. Qalan məsələlərdə heç bir problem yoxdur.
- Bəs transvesistlər kimlərdir?
— Bunlar isə görünüşünü dəyişməyənlərdir. Qadın paltarı geyinirlər, qadın kimi davranırlar və ya kişi paltarı geyinib, kişi kimi davranırlar. Transseksualların arzularıdır ki, əks cinsin nümayəndəsinə çevrilsinlər, transistlər isə yox, onların əksəriyyəti pula görə bədənlərini satır. Onlar, adətən gündüz kişi, axşam qadın olurlar.
- Homoseksuallar, biseksuallar, hetraseksualların. Bunların fərqi nədir?
— İnsanlar üç hissəyə bölünür: hetraseksuallar, biseksuallar, homoseksuallar. İnsanların çoxu hetraseksualdır. Yəni əks cinsinin nümayəndələri ilə cinsi münasibətdə olmağı sevirlər. Biseksuallar isə hər iki cinsdən olan insanla cinsi münasibətdə olmağı sevirlər. Qeyd edim ki, belə insanlar cəmiyyətdə kifayət qədər çoxdur və ən təhlükəlisidir. Çünki bir müddət sonra onlar başqa birini sevə bilərlər. Homoseksuallar isə birmənalı olaraq öz cinslərindən olan insanlara maraqlı olurlar.
- Biseksual və homoseksualların müalicəsi var?
— Tam olaraq mümkün deyil. Sadəcə həmin insana kömək edərək, onu bu yoldan bir qədər çəkindirə bilərik. Amma tam olaraq mümkün deyil. Hətta pedofillər də özlərini homoseksual kimi qələmə verirlər. Amma araşdırma göstərir ki, pedofillərin əksəriyyəti uşaq vaxtı təcavüzə məruz qalan insanlardır. Onlarda bu, psixoloji problemdir.
- Sizə müraciət edənlər arasında kişi, yoxsa qadın transseksuallar çoxluq təşkil edir?
— Xəstələr arasında kişilər daha çoxluq təşkil edir. Əsasən 20-30 yaş arası olur. Bəzən övladın transseksual olmasında valideynlərin də günahı olur. Onlar bilmədən övladlarını düz tərbiyə etmirlər. Məsələn, oğlan anaları oğlanlarını qadın məclislərinə aparır, onlara uşaq vaxtı makiyaj edirlər. Beləliklə, oğlan uşağı qadın məclislərində böyüdüyü üçün artıq özünü belə hiss edir.
- Heç xəstələrinizdən sizə eşq elan edəni olubmu?
— Olub. Hətta bir xəstəm dəfələrlə sevgi etirafı etdiyi üçün müalicəni yarımçıq saxlayıb, onu otaqdan qovdum. Çünki o, artıq mənə həkim kimi baxmırdı. Digər iki xəstəm də bu barədə fikir bildirsələr də, onlara etdiyim xəbərdarlıqdan sonra münasibətləri dəyişib və müalicələri davam edib. Mən, ümumiyyətlə, xəstələrimlə dost olmuram, onlarla məsafəli davranıram ki, müalicələri daha effektli olsun.