"İmkanı olsa, onları ayağından asar, amma heç həbs etməyə də cəsarəti çatmır" - deputat

10-10-2018, 13:00           
"İmkanı olsa, onları ayağından asar, amma heç həbs etməyə də cəsarəti çatmır" - deputat
Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevlə müsahibəni təqdim edirik:

- Elşən müəllim, Ermənistanda Paşiyan tərəfdarları parlament binasını mühasirəyə alaraq, kütləvi aksiyalara başlayıblar. Paşinyan daha nə istəyir?

- Parlament Paşinyanın əsas hədəflərindən biridir. Çünki, həmin Parlament 80 faiz etibarilə Sarkisyanın adamlarından ibarətdir. Hakimiyyətə gəlişi fors-major durumda və qəfil baş verdiyi üçün Paşinyan qısa müddətdə bir Parlamenti bir də “Qarabağ klanı”nı zərərsizləşdirə bilmədi. Ona görə indi təcili hərəkətə keçib və Parlamenti özününküləşdirmək istəyir. Bacaracaqmı? - Şəxsən mən inanmıram. Ermənistan növbəti xaosun astanasındadır. Artıq bunun ilkin işartıları açıqca görünür. Paşinyanın arzusu və məqsədi bütün siyasi rəqibləri həbsə ataraq alternativsiz, siyasi rəqibsiz hökmranlıq qurmaqdır. Bunu bəlkə də ilkin mərhələdə edə bilərdi. Üsyan başlayan vaxt. İndi isə artıq gecdir. Çünki çox qısa müddətdə özünün nə qədər istedadsız və perspektivsiz siyasətçi olduğunu sübut elədi. Mən bildiyim qədər hazırda onun xalq arasında reytinqi 23, 5 faizdir. Yəni, 5 ay əvvəl ki müddətlə müqayisədə düz 50 faiz aşağı. Belə bir durumda isə Parlamenti islah etmək real görünmür.

- Baş nazirlə Köçəryan, Sarkisyan arasında qarşıdurma nəticə etibarı ilə bu ölkədə vətəndaş müharibəsinə gətirib çıxara bilər?

- Söhbət bir tək Köçəryan və Sarkisyandan getmir. Onlara ünvanlanan həbs şantajı əslində cəmiyyətin nəbzini, impulsunu yoxlamaq cəhdidir ki, görsün xalqın reaksiyası necədir. Sakitlik olsa, təbii, hər ikisini həbs edəcək və vətəndaş qarşıdurması da olmayacaq. Yox əgər görsə ki, vəziyyət hesabladığı kimi getmir, dayanacaq. Paşinyan o cəsarətin sahibi deyil ki, istədiyini edə bilsin. Düzdür, pafos yetərincədir, amma adamın realizə gücü də sıfırın altındadır. Bəli. Vətəndaş müharibəsi Ermənistanda olacaq. Mütləq olacaq. Çox yaxında. Amma həbs minvalı ilə yox, Paşinyanın ardıcıl uğursuzluqlularının nəticəsi olaraq baş verəcək. Dediyim kimi, Ermənistan açıq xaosa gedir. Hər gün bu daha aydın görünür. Çünki, anarxiya, hüquqi nihilizm, kütləvi itaətsizlik ən yüksək həddə çatıb. Təbii, vəziyyətin bu mərhələyə qədər irəliləməsində onun rəqiblərinin də rolu az deyil. Elə ən çox da ona görə Sarkisyana və Köçəryana qıcıqlıdır. İmkanı olsa onları ayağından asar, amma heç həbs etməyə də cəsarəti çatmır.

- Ermənistanında vətəndaş qarşıdurmasının baş verməsi Dağlıq Qarabağda tez-tez təxribatların və atəşkəsin pozulmasına gətirib çıxara bilərmi?

- Ermənistanda vətəndaş müharibəsi başlasa Dağlıq Qarabağda qarışıqlıq yaratmaqda ən çox Paşinyan maraqlı olacaq ki, əlində bəhanə olsun və guya milli maraqlar naminə camaatı sakitləşdirsin. Amma bir məsələ də var: Aprel döyüşlərindən sonra ermənilərin gözü əməllicə qorxub. Anlayırlar ki, Azərbaycanla bu variantlar keçməz, nəticə acı ola bilər. Aprel döyüşlərində ordumuz erməni separatçılarına elə dağ çəkib ki, çox güman hələ 10 illər boyunca həmin döyüşdəki itkilər, aldıqları yaralar yadlarından çıxmayacaq. Ona görə də sərhəddə nəsə təxribat olsa bu Ermənistan üçün ikiqat təhlükə hesab oluna bilər. Paşinyan da bunu anlayır və hətta imitasiya xətrinə də olsa belə risk etməyəcək. Amma bir fikri bölüşüm: Ermənistanda xaos dərinləşsə Paşinyanın gedişi Sarkisyan qədər uzun çəkməyəcək. Uzağı 4-5 saata işi bitirəcəklər. Çünki qeyri-adi qarışıqlıq yaranacaq və bu dəfə hakimiyyət iddiasını artıq bir deyil, bir neçə qüvvə ortalığa qoyacaq. Yəni, başları tam özlərinə qarışacaq. Ona görə də narahat olmağa dəyməz. Azərbaycanın milli ordusu bütün təxribatların qarşısını almağa qadirdir və hər şey nəzarətdədir. (sia.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.