“Putin bilir ki, Paşinyan...” – Zərdüşt Əlizadə ilə Müsahibə

12-10-2018, 10:35           
“Putin bilir ki, Paşinyan...” – Zərdüşt Əlizadə ilə Müsahibə
Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

- Zərdüşt bəy, Ermənistan növbədənkənar seçkilərə gedir. Bu seçkilərdən hansı gözləntiləriniz var?

- Ermənistan konstitusiyasına görə, erməni müxalifəti parlamentdə 30 faiz yer almalıdır. Hamı bilir ki, parlamentin 70 faizini Paşinyanın tərəfdarları əldə edəcək. Orada müxalifət partiyalar arasında 30 faizə yerə sahiblənmək uğrunda mübarizə gedəcək. Əsas mübarizə bunun uğrunda olacaq. Kim daha çox itaət etsə, parlamentin buraxılmasına razı olsa, onlar daha az əks-inqilabçı adını qazanacaq və mümkündür ki, gəlib parlamentə düşəcək. Çiçəklənən Ermənistan, Respublikaçılar Partiyası, Daşnaksütun və digər kiçik partiyalar əsasən, 30 faizlik yer uğrunda mübarizə aparacaq. Məsələn, 5 faiz səs toplayan 13 faiz mandat əldə edəcək. Ancaq gözlənilməz hadisə baş verməsə, Paşinyan parlamentin əksəriyyətinə söykənən güclü baş nazir kimi işləyə biləcək. Bundan sonra erməni xalqı bir il ərzində ondan möcüzələr gözləyəcək. Daha çox iqtisadiyyat, ictimai ədalətin bərqərar edilməsi və Dağlıq Qarabağ münaqişəsində.

- Ancaq 5 faiz səs toplayan partiyaya parlamentdə yerlərin 10-15 faizinin verilməsi maraqlı yanaşmdır...

- Corc Buş vaxtilə rəqibindən 100 min az səs almışdı, amma 8 il ABŞ prezidenti oldu. Tramp rəqibi Klintondan 3 milyon az səs almışdı, lakin 3 ilə yaxındır ki, ABŞ prezidentidir. Biz deyə bilmərik ki, ABŞ-da demokratik seçkilər keçirilməyib. Sadəcə, onların qaydaları belədir. Bir var qaydaları pozasan, bir də var qaydalara uyğun seçkilər keçirəsən. Əgər qaydalara uyğun seçki keçirilirsə, deməli demokratik seçkidən danışmaq olar.

- Amma Ermənistanda demokratik seçkilərin olacağına inanmaq çətindir...

- Zorakı da olsa, Respublika Partiyası referendumla Ermənistana yeni konstitusiya sırıyıb. Həmin konstitusiyada yazılıb ki, Ermənistanda demokratiyanın bərqərar edilməsi naminə seçkilərdə hakim partiya 70 faizdən çox səs toplaya bilməz. 30 faiz yer müxalifət üçündür. Lap mehmanxanada bilet sifariş edilən kimi. İndi hansı müxalifət partiyası seçkilərdə səs toplaya bilsə, həmin 30 faizlik yerə sahib olacaq. Ancaq indi Ermənistanda siyasi vəziyyət elədir ki, müxalifətin heç bir hörməti qalmayıb. Təsəvvür edin ki, parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası dünən İrəvanın məclis seçkilərində iştirak etməyib. Çünki bilirdilər ki, seçkiyə getsələr, biabırçı məğlubiyyət olacaq. Parlament seçkilərinə getsələr, ola bilsin ki, parlamentə düşəcəklər. İrəvan seçkilərində Paşinyan və tərəfdarları 81 faiz səs alıb. Fikirləşmək olar ki, ölkə üzrə seçkilərdə də Paşinyan və bloku 80-83 faiz səs ala bilər. Yerdə qalan 17-20 faizlik yeri isə səs toplayan müxalifət partiyaları əldə edəcək. Yəni ən çox səs toplayanı gəlib bu 30 faizlik yerin çoxunu əldə edəcək. Erməni parlamentində cəmi 105 deputat yeri var. Onlardan biri yezidi deputatın, biri assuriyalının, biri kürd və biri də rusundur. Yəni 4 deputat yeri milli azlıqlar üçündür. Əsas mübarizə 101 deputat yeri uğrunda gedəcək. 101 yerin 70-ni Paşinyan tərəfdarları əldə edəcək, 30-31 yer isə müxalifətin olacaq. Amma İrəvanın məclis seçkilərində müxalifət cəmi 15-18 səs alıb.

- “Seçkilərə qədər fövqəladə vəziyyət baş verməsə” deyəndə konkret nəyi nəzərdə tutursunuz?

- Paşinyan Rusiyanın xoşuna gəlmir. Çünki xalqa söykənir və Rusiyanın dəstəyinə ehtiyacı yoxdur. Üstəlik, Paşinyan rüşvət və korrupsiyaya qarşı mübarizə aparır. Korrupsiya və rüşvət isə Rusiya təsiri üçün güclü vasitədir. Əgər Paşinyan Rusiyanın təsir alətlərini çıxdaş edirsə, deməli Rusiyanın düşmənidir. Baxmayaraq ki, Paşinyan Rusiyaya gedir, hamıya elan edir ki, Putin çox vicdanlı şəxsdir, Ermənistan Rusiya ilə əbədi müttəfiqdir və s. Bu sözləri Paşinyan deyir, bəs əməldə nə edir? Rusiyanın təsir aləti olan korrupsiyanın kökünü qazır. Rusiya da sadəlöhv deyil və bilir ki, Paşinyan oyun oynayır. Öz mövqeyini gücləndirir, Rusiyanın təsir imkanlarını neytrallaşdırır, Rusiyaya biət edən rüşvətxor kadrları təmizləyir. Üstəlik də Qərblə münasibətlərini inkişaf etdirir. Bütün bunlara görə Rusiya Paşinyanı sevmir. Əgər sevmirsə, nə edə bilər? Paşinyanı aşırmaq üçün iki variant var. Ya Qarabağ mafiyasına əmr edir ki, ordunu işə salaraq çevriliş edin. Bu təzə hakimiyyəti legitimlikdən mərhum edəcək. Paşinyanı devirmək asandır. Ordu qalxıb Paşinyanı və ətrafında olan 30-40 nəfəri həbs edir və məsələ bitir. Camaat da ortaya çıxsa, dağıdılır, Köçəriyana da deyər ki, get vur öldür erməniləri. O da banditin biridir və erməni xalqına da rəhmi gəlmir. Lakin bu halda yeni hökumət legitim olmayacaq və heç kim onu tanımayacaq. Hökumətlərin beynəlxalq aləmdə tanınması üçün legitimlik vacibdir. Odur ki, Qarabağ mafiyasının Paşinyanı hərbi çevriliş yolu ilə hakimiyyətdən kənarlaşdırması əlverilişli deyil.

Bu halda qalır xalqı qaldırmaq və üsyan nəticəsində Paşinyanı devirmək variantı. Bunun üçün də Ermənistana ciddi məğlubiyyət lazımdır. Yəni xalq bu məğlubiyyətin günahını Paşinyanda görməlidir. Hazırda Ermənistanın iqtisadi vəziyyətinə görə xalqı Paşinyana qarşı qaldırmaq mümkün deyil. Deməli Ermənistana hərbi məğlubiyyət lazımdır. Bunu kim edə bilər?

- Qarabağ klanı...

- Qarabağ klanı buna getsə belə, günahı Azərbaycanın üzərinə yıxmağa çalışacaq. İddia olunacaq ki, Azərbaycan müharibəni başladı, Qarabağdakı separatçı rejim nisbətən məğlub oldu, bir neçə rayon əldən çıxdı. Bu halda müxalifət İrəvanda şivən qoparacaq ki, Paşinyanın dövründə biz məğlub olduq, əldə etdiyimiz “qədim erməni torpaqlarını” zırrama Paşinyan sayəsində itirdik və s. Bu halda xalq deyəcək ki, Paşinyan nə pis adamdır, biz səhv etmişik, gül kimi Sərkisyan, Köçəryan oturmuşdu, qələbə qazanmışdı. Bu halda camaatı ayağa qaldırıb Paşinyanı yıxmaq olar. Paşinyan gedər, Karen Karapetyan gələr və yeni seçkilərə də ehtiyac qalmaz.

- Dediyiniz variantlar baş tutmasa, Rusiya müdaxiləyə getməsə və Paşinyan seçkiləri udub möhkəmlənsə, nə olacaq?

- Normal seçkilər keçirdikdən sonra güclənəcək. Ermənistanın Avropa və ABŞ-da olan varlı diasporunun ölkəyə investisiya qoymasına çalışacaq, eləcə də başqa şirkətləri ölkəyə gətirəcək. Beləcə inkişaf etməyə başlayacaq.

- Rusiyada bunu kənardan seyr edəcək?

- Seçkidən sonra demokratik seçilən baş naziri yıxmaq o qədər də asan olmaz. Bu halda Paşinyanı yıxmağa cəhd edən qüvvəyə münasibət birmənalı olmayacaq. Paşinyan da Rusiya ilə münasibətləri saxlamağa çalışacaq. Yenə də sözdə deyəcək ki, biz Rusiya ilə dostuq, əməkdaşlığımız daimidir. Çünki Rusiya hərbi bazası İrəvanda oturub. Dağlıq Qarabağ münaqişəsinin donmuş qalması üçün Rusiya zəmanətdir, eləcə də ucuz və ya havayı silah mənbəyidir. Elə hər dəfə Rusiyaya gedəndə oradakı milyonçu ermənilərə deyəcək ki, gəlin, ölkəyə sərmayə qoyun. Başqa sözlə, Paşinyan heç vaxt açıq şəkildə Rusiyaya qarşı çıxmayacaq. Ermənilərin siyasi savadı yüksəkdir. Baxın, SSRİ dağılanda dünənə qədər SSRİ-dən ayrıldığını elan edən Levon Ter Petrosiyan tez qaçıb Rusiyaya sığındı. Elçibəy hökuməti isə elan etdi ki, rədd olsun Rusiya, yaşasın Türkiyə. Nəticədə Qarabağı alıb verdilər Ermənistana. Ermənistan siyasətçiləri açıq formada Rusiyaya qarşı çıxmayacaq.

- Deyirsiniz ki, seçkilərdən sonra erməni xalqı bir il müddətinə Paşinyandan möcüzələr gözləyəcək. Bu möcüzələr real həyatda baş verməsə, necə olacaq?

- Sərkisyanın dövrü ilə müqayisədə indi iqtisadiyyatda irəliləmə var, iqtisadi göstəricilər nisbətən möhkəmlənib. Bu özü möcüzədir. Paşinyanın korrupsiyaya bulaşan məmurları təmizləməsi möcüzə olacaq. Xalqla açıq və şəffaf danışacaq. Sözsüz ki, bu möcüzələri hələlik həyata keçirir. Nəzərə alın ki, indiki halda Paşinyan parlamentdən qorxur və bilir ki, parlament onu aşıra bilər. Dekabrda parlamenti nəzarətə götürsə, bir qədər də irəli gedəcək. Rusiyanı strateji əməkdaşlıq sözləri ilə neytrallaşdırmağa çalışacaq. O, Moskvaya bəhanə verməsə, irəliləyəcək. Sözsüz ki, möcüzələr baş verməsə, yeni situasiya yaranacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.