Qara Qarayev: "Nəyimiz varsa, qurban verməyə hazırıq"

15-10-2018, 08:01           
Qara Qarayev: "Nəyimiz varsa, qurban verməyə hazırıq"
Azərbaycan yığmasının futbolçusu Qara Qarayev evdə Malta ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra brifinq keçirib.

26 yaşlı yarımmüdafiəçi "Report"un da suallarını cavablandırıb:

- Malta ilə yenə eyni hesablı heç-heçəni uğursuzluq, yoxsa adi oyun kimi qəbul etmək olar?

- Düşünürəm ki, bu, Qurban Qurbanovun millinin baş məşqçisi olduğu dövrdəki ən yaxşı oyunlarımızdan biri oldu. Çoxlu sayda qol epizodu yaratdıq. 100 faizlik imkanlardan yararlana bilmədik. Rəqibin isə qapımız qarşısında bir epizodu oldu və fərqləndilər.

Fikrimcə, bu gün çox yaxşı oyun göstərdik. Bu tempi və oyunu digər matçlarda da göstərməliyik. Biz necə güclü komandalara qarşı müdafiə olunub xal əldə edə biliriksə, Malta yığması da bu gün onu edib 1 xal aldı. Oyunumuzu yaxşı qiymətləndirirəm. Amma əlbəttə, qələbə qazansaydıq, bu, daha yaxşı olardı.

- Növbəti oyunlarda qələbə qazanmaq mümkün olacaqmı?

- Milli komandaların oyunlarına klub oyunlarından daha ciddi hazırlaşırıq. Məqsədimiz rəqibləri məğlub edib maksimum xal qazanmaqdır. Bəzən yaxşı oynasaq da, bizdən asılı olmayan səbəblər üzündən istədiyimiz nəticəni qazana bilmirik. Növbəti ayın oyunlarında da əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq.

- Düşünmürsünüz ki, azarkeşlər sizdən çox şey istəyir?

- Fikrimcə, bizdən nə qədər çox istəsəniz, o qədər yaxşı nəticə əldə etməyə çalışacağıq. Sizin bizdən yaxşı nəticə istəməyinizdə qəribə bir şey yoxdur.

- Cəbəllütariq millisinin Ermənistanı məğlub etməyi sizin üçün sürpriz oldumu?

- Yox, gözlənilməz deyildi. İndi bütün komandalar müdafiə olunub nəticə əldə edə bilir.

- Kosovonu səfərdə məğlub edə biləcəksiniz?

- Bu vədi vermək çətin məsələdir. Amma inanın ki, qarşıdakı 2 oyunda qələbə qazanmaq üçün nəyimiz varsa, qurban verməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.