İlham Əliyev mühüm sənədlərə imza atdı - MDB sammiti
16-10-2015, 20:00
Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında dövlət başçıları 16 sənəd imzalayıblar.
AzVision.az xəbər verir ki, MDB dövlət başçıları Qazaxıstandakı sammitin yekunları üzrə beynəlxalq terrorizmlə mübarizə barədə bəyanat və 2020-ci ilədək Birliyin iştirakçı ölkələrinin hərbi əməkdaşlığı konsepsiyasını qəbul ediblər.
Daha sonra BMT-nin yaradılmasının 70 illiyi münasibətilə bəyanat, “Çernobıl” AES-də qəzanın baş verməsinin 30 illiyi ilə əlaqədar müraciət, xarici sərhədlərdə böhran vəziyyətlərinin nizamlanması üçün sərhədyanı və digər qurumlar üzrə qruplaşmaların formalaşdırılması barədə qərar, 2016-2020-ci illər üçün xarici sərhədlərdə sərhədyanı təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı Proqram qəbul edilib. Bundan başqa, prezidentlər miqrasiya, cinayətkarlıqla mübarizə, mədəniyyət, fövqəladə halların aradan qaldırılması və bu barədə xəbərdarlığın olunması, sərhədlərin qorunması, hərbi sahədə əməkdaşlıq məsələlərini əks etdirən sənədləri qəbul edib.
İclasın davamında MDB sədrliyinin 2016-cı ildə Qazaxıstandan Qırğızıstana keçməsi rəsmiləşdirilib. MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il sentyabrın 16-da Qırğızıstanda keçirilməsi qərara alınıb.