Əl-Qaidənin Yəməndəki son qalasının taleyi necə olacaq?

7-01-2019, 23:06           
Əl-Qaidənin Yəməndəki son qalasının taleyi necə olacaq?
ABŞ ordusu Yəmən əl-Qaidəsinin lideri Camal əl-Bədəvini qətlə yetirib. Bu barədə məlumatı prezident Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.

Sitat: “Bizim möhtəşəm hərbçilərimiz Cole gəmisinə qorxaqcasına hücumda həlak olan və yaralanan qəhrəmanların adından ədaləti təmin edib. Biz hücumun başçısı Camal Əl-Bədəvini qətlə yetirmişik”.

“Amerikanın Səsi”ndə yayılan xəbərdə qeyd olunur ki, əl-Bədəvi 2000-ci ildə 17 dənizçinin həlak olması ilə nəticələnən USS Cole gəmisinə hücumun təşkilatçısı olub. ABŞ hərbi qüvvələri bir neçə gün əvvəl Yəmənin Marib vilayətində Əl-Bədəvini hədəf alan raket hücumu həyat keçiriblər. Nəticədə terrorçu məhv edilib. Əl-Bədəvinin adı ABŞ Federal Təhqiqat Bürosunun axtarışda olan terrorçular siyahısında yer alır.

Əl-Bədəvi 2000-ci ilin oktyabr ayında Ədən limanında ABŞ-ın USS Cole gəmisinə hücumda iştirak edib və bu hücum nəticəsində Amerikanın 17 dənizçisi həlak olub, onlarla dənizçi yaralanıb. Yəmən hökuməti 2000-ci ildə əl-Bədəvini həbs etsə də, o, 2003-cü ildə həbsxanadan qaçıb. 2004-cü ildə Yəmən rəsmiləri tərəfindən yenidən tutulan Bədəvi 2006-cı ildə o, həbsxanadan yenidən qaça bilib.

Qeyd edək ki, əl-Qaidənin ən güclü qollarından biri olan Yəmən əl-Qaidəsi və ya tam olaraq “Ərəb yarımadası əl-Qaidəsi” yalnız Yəməndə deyil, bütövlükdə Ərəbistan yarımadasında fəaliyyət göstərir. Ancaq təşkilatın əsas hərbi gücü Yəməndədir. Daha əvvəl fəaliyyət göstərməsinə baxmayaraq 2009-cu ildə Səudiyyə Ərəbistanı və Yəmən əl-Qaidə qruplaşmalarının birləşməsi nəticəsində daha da böyüyüb. Qruplaşmanın ilk lideri Nasir əl-Vuheşyi 2015-ci ilin iyununda Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz təyyarənin həyata keçirdiyi hücum zamanı öldürülüb. Bundan əvvəl 2014-cü ildə isə qruplaşmanın daha bir lideri Məhəmməd Səid əş-Şabani öldürülüb. 2015-ci ilin məlumatlarına əsasən Yəmən əl-Qaidəsinin bu ölkə ərazisində 4 minə yaxın silahlı döyüşçüsü var.

2017-ci ilin noyabrında isə ABŞ ordusunun avia-zərbələri nəticəsində Yəmən əl-Qaidəsinin daha bir lideri Mücahid əl-Adani və onun 4 silahdaşı öldürülüb.

Ilk dəfə 1998-ci ildə yarandığı ehtimal olunan Yəmən əl-Qaidəsinin hazırkı liderinin Qasım ər-Rumi olduğu bildirilir. Yəmən əl-Qaidəsinin əsas qurucusu və ideoloqu hazırda Əfqanıstan və Pakistan ərazilərində gizlənən əl-Qaidənin lideri Əyman əz-Zəvahiridir. Yəmən əl-Qaidəsinin digər əl-Qaidə qruplarından fərqi onun Yəməndə savaşda iştirak edir və müəyyən bölgələrə nəzarət edir. Bu səbəbdən də bəzi media orqanlarında bu qruplaşmanı “Əl-Qaidənin sonuncu qalası” da adlandırırlar.

Hazırda ən qəddar terror təşkilatı hesab olunan Yəmən əl-Qaidəsi ABŞ gəmilərinə, hərbçilərinə hücumlarla məşhurlaşıb. 2015-ci ildə Yəmən əl-Qaidəsi Fransa paytaxtında “Şarli Hebdo” jurnalının redaksiyasına hücumu həyata keçirib. Jurnalın redaksiyanın hücum edən terrorçular 12 nəfəri öldürmüşdü. Bu hadisə bütün dünyada geniş rezonans doğurmaqla yanaşı Yəmən əl-Qaidəsini bir daha yada saldı. Çünki hücumu həyata keçirənlər Yəməndə əl-Qaidə düşərgələrində təlim keçdiyi məlum olmuşdu. Qeyd edək ki, qruplaşma 2009-cu ildə ABŞ-da terror aktı planlaşdırıb, ancaq terror aktı ifşa olunub. Bundan sonra Vaşinqton Yəmən əl-Qaidəsinə qarşı hücumları artırıb.

Daha sonra ABŞ hökuməti Yəməndə əl-Qaidə ilə mübarizə məqsədilə əməliyyat qüvvələri göndərib. Məhz bu dövrdə terrorçuların ABŞ hərbçilərinə, hətta helikopterlərə hücumu qeydə alınıb. 2011-ci ildə isə Yəmən əl-Qaidəsinin əsas liderlərindən olan ABŞ vətəndaşı Ənvər əl-Əvlaki ABŞ ordusu pilotsuz təyyarələrinin hücumu nəticəsində öldürülüb.

2012-ci ildə Yəmən inqilabından sonra əl-Qaidə bu ölkədə yaranmış xaos nəticəsində xeyli güclənib. Hətta paytaxt Sənada hökumətə qarşı mitinqdə əl-Qaidə üzvü kamikadzenin özünü partlatması nəticəsində 47 nəfər ölüb. İnqilabdan sonra Yəmənin nəzarətsiz bölgələrində təlim düşərgələri quran əl-Qaidə üzvlərinin sayını artırıb. 2014-cü ildə şiə-zeydi husilərin mərkəzi hökuməti ələ keçirməsi ilə Yəməndə vətəndaş müharibəsi daha da alovlanıb. Bu zaman husilərə qarşı savaşan əsas qruplardan biri də əl-Qaidə olub. Ancaq qruplaşma husilərlə müharibə aparan devrilmiş prezident Mansur Hadiyə dəstək verməyib, özləri ayrıca fəaliyyət göstərib. Bu dövrdə əl-Qaidə ilə bəzi yerli qəbilələr arasında ittifaq bağlanması haqda xəbərlər yayılıb. Eyni zamanda Yəmən ordusundakı zeydilərə hücumlar artıb.

Hazırda Yəməndə vətəndaş müharibəsi davam etdiyi üçün əl-Qaidə yaranmış boşluqdan faydalanaraq gücünü və tərəfdarlarının sayını artırıb. Eyni zamanda 2014-cü ildə İŞİD də Yəmənə yerləşib və hücumlar həyata keçirib. Vətəndaş müharibəsi davam etdiyi müddətdə, köklü sülh əldə olunmadıqca Yəməndə əl-Qaidənin mövcudluğunu qoruyub saxlayacağı ehtimal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru