ABŞ və Kanada liderləri "Huawei"in maliyyə direktoru ilə bağlı vəziyyəti müzakirə ediblər
8-01-2019, 07:55
Kanadanın baş naziri Castin Trüdo və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tərəflər söhbət zamanı Çində Kanada vətəndaşlarının saxlanılması ilə bağlı vəziyyəti müzakirə ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada hökumət başçısının mətbuat xidməti tərəfindən yayılan məlumatda bildirilir.
"Liderlər ABŞ tərəfindən Kanadaya ekstradisiya barədə sorğu ilə bağlı vəziyyəti müzakirə ediblər [Vankuverdə 1 dekabr 2018-ci il tarixində "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjounun Amerikanın ekstradisiya barədə sorğusu əsasında saxlanılması nəzərdə tutulur]. Onlar məhkəmə hakimiyyətinin müstəqilliyinə və qanunun aliliyinə hörmət etmənin vacib olduğunu təsdiqləyiblər. Bundan əlavə, Trüdo Trampa Birləşmiş Ştatların Çində qeyri-qanuni olaraq saxlanılan iki kanadalıya dəstək verən qətiyyətli bəyanatlarına görə təşəkkürünü bildirib", - deyə məlumatda bildirilir.
İki ölkə lideri arasında müzakirə olunan digər məsələ isə Amerikanın Kanadadan idxal olunan polad və alüminə qoyulan rüsum mövzusu olub. Onlar Şimali Amerika zonasında azad ticarətə dair Sazişin yenidən uğurla nəzərdən keçirilməsi əsasında ikitərəfli ticarətin və iş yerləri yaradılmasının vacib olduğunu vurğulayıblar. Liderlər həmçinin Amerika tərəfindən polad və alüminə qoyulan rüsumla bağlı gələcək addımlara toxunublar.