Oqtay Əsədov: “Heç kimi parlamentə zorla seçməyiblər”

2-02-2019, 09:04           
Oqtay Əsədov: “Heç kimi parlamentə zorla seçməyiblər”
Yaz sessiyasının ilk plenar iclasında spiker deputatlara sərt xəbərdarlıq etdi; MM üzvləri əhalini narahat edən problemlər barədə məsələ qaldırdılar
Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirildi. Spiker Oqtay Əsədov deputatları və media mənsublarını salamladıqdan sonra Dövlət Himni oxundu.

İlk olaraq İntizam komissiyasının yeni, 11 nəfərlik tərkibi səsə qoyuldu və qəbul edildi. Həmçinin deputatlar Hesablayıcı komissiyasının yenidən təşkil olunmasına, komitə sədrlərinin yeni müavinlərinə səs verdilər.

Bundan sonra 2019-cu il yaz sessiyasının qanunvericilik işlər planı, ardınca Gürcüstanda qatil Mixail Avaqyana abidə ucaldılması məsələsi müzakirə olundu.

Deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Mətbuat Şurası və onlayn media ilə bağlı iki yeni qanun layihəsinin hazırlanmasını və qəbulunu təklif etdi. Ardınca Gürcüstandan Azərbaycana vurulan xain zərbəyə də münasibət bildirdi: “İstəyirlər ki, gürcü və Azərbaycan xalqları arasındakı bu dostluq pozulsun. Məlum abidənin ucaldılması bunun bariz nümunəsidir. Özü də elə bir vaxt seçiblər ki - 20 yanvar. Bu, heç də təsadüfi deyil. Deməli, hər şey planlı şəkildə həyata keçirilib”.

Deputat Fazil Mustafa Gürcüstana etiraz bildirməklə yanaşı, cəmiyyətin, dövlətin alternativ təqdim etməsini zəruri saydı. O, ermənilərin atdığı addımların qarşılığında hələ Çar hökumətinin zamanında erməni terroruna qarşı mübarizə üçün gizli fəaliyyət göstərən “Difai” təşkilatını yaradan böyük ziyalımız Əhməd bəy Ağaoğluna Gürcüstanda heykəl ucaldılmasını təklif etdi.

Spiker O.Əsədov Gürcüstan hökuməti ilə müvafiq işlərin aparıldığını dedi. Ardınca isə barəsində kifayət qədər araşdırmaların aparılmayan Əhməd bəy Ağaoğlu barədə məsələyə toxundu: “Elə özün çox yaxşı tədqiqat etmisən, bunu axıra çatdır, onu göndərək müvafiq yerlərə”.

Deputat Vahid Əhmədov dedi ki, əmanətlərin tam sığortalanması haqqında 3 il müddətinə qəbul olunan qanunun müddəti bu ilin martında başa çatacaq: “Artıq əhalinin müəyyən hissəsi əmanətlərini geri çəkməyə başlayıblar. 3 il ərzində qoyulan əmanətlərin həcmi bank əmanətlərinin 40 faizini təşkil edir. Əgər əmanətlərin tam sığortalanması barədə yeni qanun qəbul olunmasa, bank sistemində çox ciddi problemlərlə üzləşə bilərik. Bu barədə dəfələrlə təklif versək də, heç bir nəticə olmayıb. Ona görə də mən Azərbaycan hökumətindən xahiş edirəm, bu məsələyə təcili baxsınlar. Ya bu qanunun müddətini 1, ya 3 illik uzatsınlar, ya da biz yeni qanun qəbul edək”.

V.Əhmədov da Gürcüstanda erməni caniyə heykəl qoyulmasına da etiraz etdi: “Gürcüstan dövləti başa düşməlidir ki, Azərbaycandan çox böyük dividentlər əldə edib və belə hərəkətlərə yol verməməlidir”.

Deputat Əli Məsimli isə problemli kreditlərə diqqət çəkdi: “Başqa ölkələrdə problemli kreditlərin faizi 3-5 faizə çatanda hökumət hərəkətə keçir. Amma bizdə problemli kreditlərin həcmi ümumi kredit portfelinin 14 faizinə yaxınlaşır. Yəni problemli kreditlərin həcmi kritik həddən bir neçə dəfə artıqdır. Bəziləri hesab edir ki, bu problemi hökumət yaradıbsa, hökumət həll etməlidir. Amma biz dövlətin, bankların, Mərkəzi Bankın və əhalinin bölüşdürülməsi variantını təklif edirik. Bu, ədalətli olar və əhalinin vəziyyətin yaxşılaşmasına çox böyük təkan olar”.

“Hesab edirəm ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu və ya mövcud qanuna dəyişiklilər etmək lazımdır". Bunu MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında söylədi. S.Novruzov bildirdi ki, bütün dünyada olduğu kimi Azərbaycanda da siyasi partiyaların maliyyə mənbəyi ilə bağlı qərar qəbul olunmalıdır: “Bir qrup partiyalar var ki, MSK-ya hesabat vermir bu prosesdən yayınırlar. Onlar bununla maliyyə dövriyyəsinin olmadığını bildirirlər. Lakin əksəriyyəti yanlarında cangüdən, köməkçi gəzdirirlər. Bu azmış kimi qara pullar hesabına Azərbaycanda mitinq, yürüş, qarşıdurma yaratmağa cəhd edirlər. Maliyyə mənbəyinin qarşısı bağlanmasa, onlar əməllərindən əl çəkməyəcəklər. Çünki pul verənlər tapşırıqlarını həmin şəxslər vasitəsilə həyata keçirirlər. Onlar şirəyə yığışırlar”.

Deputat Sahib Alıyev isə onlayn mediadan bəhs etdi. Dedi ki, sosial şəbəkələr haqqında ayrıca bir qanun qəbul edilməli, yaxud KİV haqqında qanuna yenidən baxılmalıdır. Dedi ki, sosial şəbəkələrdə meydan sulayan bir sıra şəxslər terrorçulardan daha təhlükəlidir.

Spiker O.Əsədov da sosial şəbəkələr vasitəsilə təhqirlər yayanlardan danışdı. Bu kimi qanunsuz hərəkətlərin qarşısını almaq yolları üzərində fikirləşməyi zəruri saydı: “Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır”. Sədr bildirdi ki, insan sosial şəbəkələri oxuyanda xəcalət çəkir: “Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar. Təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. Artıq hər şey şeydən keçiblər”.

Deputat Flora Qasımova Qarabağdakı erməni talanlarının qarşısını almaq üçün gecikmiş də olsa, işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulunu təklif etdi. Daha sonra xanım deputat ağdərəlilərin Dağlıq Qarabağın azərbaycanlı icmasından kənarda qaldığını və odur ki, 90-cı illərin əvvələrində ləğv edilən Ağdərə rayonunun yenidən yaradılmasını xahiş etdi.

F.Qasımova Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yenidən formalaşmasını təqdir edərək quruma parlament səviyyəsində dəstək verilməsini zəruri saydı.

Deputat Azay Quliyev ATƏT-in son vaxtlar Azərbaycana münasibətdə ədalətli mövqe tutduğunu dedi və qurumun rəhbərliyinə təşəkkür etdi.

Deputat Qənirə Paşayeva da Gürcüstanda erməni caniyə abidə qoyulmasına etirazını bildirdi.

Deputat Elmira Axundova dəm qazı səbəbindən baş verən faciələrə diqqət çəkdi. E.Axundova bədbəxt hadisələrinin qarşısını almaq üçün konkret təkliflə çıxış etdi: “Təklif edirəm ki, hər bir evdə avtomatik işə düşən təhlükəsizlik sistemi quraşdırılsın, tikilən evlərdə sayğacla yanaşı, təhlükəsizlik sistemləri də yerləşdirilsin. Nəhayət, müvafiq qurumlar bütün evlərdə kütləvi yoxlamalara başlasınlar, evlərdə tüstü-bacalar təmizlənibmi, yaxud təhlükəsizlik qaydalarına əməl olunubmu? Başa düşürəm, ”Azəriqaz" işçiləri vətəndaşlarla humanist davranırlar, onlara problemlərin aradan qaldırılmasını təklif edirlər ki, gələn dəfə problem həllini tapsın. Amma gələn dəfə çox gec olur və vətəndaşlar növbəti bədbəxt hadisələrin qurbanı olurlar".

Deputat Zahid Oruc Şəhidlər Xiyabanını ziyarət zamanı baş verən insidentdən bəhs etdi. Bildirdi ki, Şəhidlər Xiyabanı millətin qürur, and və sükut yeridir: “Həmin məkanı heç bir halda aksiya məkanına çevirmək olmaz. Kimlərsə də bu müqəddəs məkanı aksiya yerinə çevirmək istəyirlərsə, çox böyük səhv edirlər. Onlara da ən böyük cəzanı şəhidlərin ruhu verəcək”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müxalifəti ittiham etdi: “Radikal müxalifətin mitinq keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadəni, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai-siyasi sabitliyi pozmaqdır”.

Deputat İqbal Məmmədov söyüş kampaniyasına kəskin etirazını bildirdi.

“İnzibati icraat haqqında” qanunda qanuna dəyişiklik məsələsi isə mübahisələrə səbəb oldu. Deputat Çingiz Qənizadə qanuna təklif olunan dəyişikliyə etiraz edərək, mübahisələrin həllinin Prezident Administrasiya tərəfindən baxılmasını məqsədəuyğun hesab etmədiyini bildirdi: “Qanuna dəyişiklik ciddi problemlərə yol açacaq. Bu isə vaxt itkisinə səbəb olacaq. Rayonda yaşayan insan məcbur olub probleminin həlli üçün Bakıya gəlməli olacaq. Siz təsəvvür edin, bir qərar torpaq üzərində mülkiyyətin mübahisəli məsələnin üçün veriləcək, digər bir qərarda onun üzərində tikilən mülkiyyət üçün. Bu ciddi problemlərə yol açacaq. Onsuz da cənab prezidentin, Prezident Administrasiyasının kifayət qədər işləri var. Belə olan təqdirdə Prezident Administrasiyasını bu qədər yükləməyin nə mənası var?”

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə həmkarının fikirlərinə reaksiya verərək bildirdi ki, bu təklif Administrasiya tərəfindən gəlib: “Onsuz da məsələ ilə bağlı indiyədək Prezident Administrasiyasına çoxsaylı ərizə və şikayətlər daxili olurdu. Qanuna dəyişikliklə bağlı təklif də onlar tərəfindən daxil olub və biz də baxırıq”.

Deputat Qüdrət Həsənquliyev isə söz alaraq bildirdi ki, məsələ ilə bağlı fərqli yanaşması var: “Burada qeyd olunur ki, inzibati orqanlar arasındakı aidiyyət və səlahiyyətlərlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Əgər qeyd olunsaydı ki, inzibati orqanlar arasındakı aidiyyət və səlahiyyətlə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. O zaman bu, Çingiz müəllimin narahatlığına əsas verərdi. Amma həlli qaydalarının müəyyən olunması ayrı, mübahisələrin həlli də ayrı şeydir. Ona görə də düşünürəm ki, əlbəttə, inzibati orqanlar arasında, aidiyyətlə, səlahiyyətlə bağlı mübahisə yaranırsa bunu daha yuxarı orqan həll etməldiir. Yəni burada mən narahatlıq üçün ciddi bir əsas görmürəm”.

Müzakirələrdən sonra dəyişikliklər qəbul edildi.

“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklərin edilməsi müzakirə olunub və qəbul edilib. Bununla da Azərbaycanda verilən sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırıldı. Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur. Qarşıdakı müddətdə sürücülük vəsiqələri verilərkən bu məsələ həllini tapacaq, hazırda istifadə edilən vəsiqələrin isə dəyişdirilməsi tələbi yoxdur.

Deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında söz alaraq paytaxt Bakıda tikinti işlərinə qoyulan qadağaya diqqət çəkdi. Dedi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunandan sonra Bakıda tikinti işləri dayandırılıb: “Bakı şəhərində bu gün 50 mindən yuxarı insan işsizdir. Görəsən, bu şəxs bunun məsuliyyətini başa düşürmü? Ölkə prezidentinin fəaliyyətinin qayəsi vətəndaşları işlə təmin etməkdir. Ancaq Samir adlı bu cavan oğlan bir ilə yaxındır ki, Bakı şəhərində vəzifəyə gətirilib, tikintiyə icazə vermir. Xahiş edirəm, məsələni nəzarətə götürərdiniz”.

F.Ağamalı vaxtilə maliyyə nəzarətinə Rüfət Aslanlının təyin olunduğunu xatırlatdı: “O zaman dedik cavan oğlandır, sonra da gördük nə oldu. İndi bu Samir deyilən cavan uşaq var, gəlib tikintiyə qadağa qoyub”.

Spiker Oqtay Əsədov deputatın dediklərinə reaksiya verdi: “O şəxsin ad-soyadı var: Samir Nuriyev. Digər tərəfdən 50 min işçi harda dayanıb? Dəqiqləşdirilməmiş məsələləri belə qaldırıb ajiotaj yaratmaq lazım deyil. Araşdıraq, sonra burda məsələ qaldıraq. Prezident sərəncamı ilə təyin olunmuş adamdır, cavan uşaq, qoca uşaq. Bu, düzgün məsələ deyil”.

Spiker məsələni araşdıracağını dedi.

Deputat Aqil Abbas “Kitabxana işi haqqında” qanun layihəsi ətrafında maraqlı fikirlər söylədi: “Bu gün rayonlarda kitabxanalar bağlanır və kiril əlifbası ilə nəşr olunan kitabları çölə tökürlər. Onda ərəb əlifbasından olan kitabları da çölə atmalıyıq. Sosial şəbəkələrdə də birdən 50 min kitabın çölə atlıdığını görürük”. A.Abbas yeni, elektron kitabxanalardan da bəhs etdi. Dedi ki, elektron kitabxanaya gedib kitab oxuyanları tanımır: “Gözəl binalar tikib, ağzına da qıfıl vurublar. Kitab sevdiyin qız kimi gözəldir. Sən kitabı oxuyursan, onu sinənə qoyursan. Ya elektron kitabxanadan kitab oxudun, ya da əleyhqaz geyindin, qızılgül iylədin, fərqi yoxdur. Rayonlarda bir dənə kitab mağazası yoxdur, bağlayıb, əvəzinə ət satırlar”.

Deputat dedi ki, bu gün bəzi rayonlarda kitabxanalar var: “Mən 1988-ci ildə Ağcabədinin Bayat kəndinə atamın imkanları hesabına gözəl bir kitabxana tikdirmişəm, qarşısına da Füzulinin büstünü qoydurmuşam. Mən indi istərdim bizim imkanlı deputatlar hərəsi bir kitabxana tikdirsinlər. Restoran açırsan, sağlığına qismət, amma kitabxana da tikdir. Məscid tikdirirsən, bir dənə də kitabxana tikdir, nə olar? Kitabxana vacib məsələdir. Bir də Mədəniyyət Nazirliyi kitabxanaya kitab göndərir, amma dövlət sifarişi ilə çap olunanları. Amma kim ki, şəxsi vəsaiti hesabına kitab nəşr etdirir, onları göndərmir”.

İclasın sonunda spiker Oqtay Əsədov bir daha deputatları intizamlı olmağa çağırdı. Dedi ki, əksər deputatlar iclasa qatılıb, fəal iştirak edib. Amma bəzi parlamentarlar iclasın birinci hissəsində iştirak etsə də, ikinci hissəyə qatılmayıb: “Heç kimi bura zorla seçməyiblər. Bura bizim birinci iş yerimizdir. Gəlin bir-birimizə hörmət edək. Çünki belə mümkün deyil. Belə işləmək saymamazlıq olur. Səhv deyirəmsə, deyin. Özü də bu gün İntizam komissiyasının üzvlərinin sayını 11-ə çatdırmışıq”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.