“Əslində Azərbaycanı dünyada biabır edən bir hərəkətin qarşısını aldıq”
2-02-2019, 13:05
“İstiqlalçı deputat”, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov yanvarın 26-da təsis konfransı keçirilən və 20-dən çox partiyanın təmsil olunduğu Azərbaycan Xalq Hərəkatının bir sıra addımlarını tənqid edən böyük müsahibə verib. “Hürriyyət”ə müsahibəsində H.Əzimov deyib ki, əslində yanvarın 26-da təsis konfransı olmayıb, 19-da Xalq Hərəkatı təsis olunub. 26-da keçirilən tədbir sadəcə təntənəli toplantı idi.
H.Əzimov bildirib ki, Hərəkatda çox şeylərin düzgün təhlil edilmədiyindən narazıdır: “Dekabrın 25-də dəyirmi masa keçirildi. Bu dəyirmi masanın da keçirilməsinə heç bir ehtiyac yox idi. Bu dəyirmi masada bir qondarma iddia qaldırmışdılar. Amma bu, qəsdən müəyyən dairələrin ortaya atdığı bir tələ idi. Əvvəla, həmin dəyirmi masa deyilən toplantıda kimlər iştirak edirdi, elə həmin partiyalar sonradan Hərəkatın təsisçisi oldular. İkincisi də o iclasa həmin partiyalardan olan bəzi rayon təşkilatlarının nümayəndələri və bir də hakimiyyətə yaxın olan adamlar gəlmişdilər. Yer az olduğunda görə onların da əksəriyyəti çöldə qaldı, içəridə oturmaq və danışmaq imkanları olmadı. Bu, bir tələ idi, qurulmuşdu ki, Hərəkat baş tutmasın. O iclasda guya, qərara alındı ki, İşçi Qrupu yaradılsın. Ona görə, ”guya" deyirəm ki, orada heç bir səsvermə keçirilməyib, sadəcə biri deyir, belə olsun, o bir də deyir, “hə” olsun, bununla da dağılışırlar. Yəni belə bir ciddi məsələyə çox bəsit, gülünc yanaşma oldu".
VAMBP sədri qeyd edib ki, hərəkatda əksəriyyəti qeydiyyatda olan partiyalardır: “Rəsmi dövlət qeydiyyatında olan siyasi partiyadırlar. İndi heç bir səlahiyyəti, mandatı olmayan kimlərsə, qeyri-müəyyən adamlar gəlib partiyalara mandat verir ki, sizi İşçi Qrupu kimi təyin edirik, gedin, fikirləşin. Bu, çox gülünc bir söhbət idi. İkinci söhbət isə çox qorxulu idi. Əslində, Azərbaycanı dünyada biabır edən bir hərəkətdir. Dəyirmi masa deyilən o qondarma iclasda mən iştirak etmədim. Amma iştirak edənlərdən bəziləri belə qələmə verdilər ki, guya, onlar bizə İşçi Qrupu mandatı verib və bizim heç bir səlahiyyətimiz yoxdur ki, hər hansı bir qurumu, o cümlədən Xalq Hərəkatını təsis edək. Çünki dəyirmi masa bizə bu mandatı verməyib. Bu da böyük bir gülünc söhbətdir. Mən siyasi elmlər üzrə elmlər doktoruyam. 1981-ci ildən siyasi hərəkatların tarixi, siyasi partiyaların yaranması ilə bağlı həm tədqiq, həm də tədris etmişəm. Mən yanvarın 5-də keçirilən iclasda da məcbur oldum, bunların yadına saldım ki, a bala, mən bütün dünyada, o cümlədən də Azərbaycanda bu proseslərin necə getdiyini yaxşı bilirəm, bunları belə edin.
O ola bilməz ki, bizə kimsə mandat verib ki, ancaq ümumi söhbətlər edək, əsas məsələ, yəni Hərəkatın təsis olunması, idarə heyətinin seçilməsi hansısa müəmmalı bir iclasa qalmalıdır. Həmin adamlar təklif etdi ki, bu iclas yanvarın 26-da olmalıdır. Çünki ora adamlar gəlməlidir, gələn adamların adlarını, soyadlarını yazdırıb, qeydiyyata düşürsə, onlara mandat verilir və onların hüquqi olur ki, hansı partiyalardan ibarət təsisçilər və idarə heyəti seçiləcək, həmin iclasda onları müəyyən etməlidir. Mən sizə deyim ki, bu təklif tarixdə görünməyən çox eybəcər, tragikomik bir şou yaratmaq demək idi. Çünki siyasi partiya sədrlərini heç bir səlahiyyəti, mandatı olmayan hansısa müəmmalı bir iclas, hansısa bir quruma seçə bilməz. Hansısa məchul, kimliyi, səlahiyyəti olmayan adamların gəlib dövlət qeydiyyatı, mandatı olan partiyaları və onların sədrlərini Hərəkatın idarə heyətinə seçməsi çox gülünc, tarixdə görünməmiş biabırçılıq idi. Bu, təkcə partiyaları yox, bütün Azərbaycanı dünyada biabır edən bir təklif idi. Amma biz o təklifin, şounun qabağını aldıq. Onu deyim ki, burada mənim də xüsusi rolum olub. Siz yanvarın 5-də, 12-də olan iclaslara baxın. Orada görəcəksiniz ki, kimlər oyun oynayırdı, kimlər o təklifləri verirdi".
“Yeni Müsavat”