Qarabağdakı ermənilərə hansı hüquqlar verilə bilər?

14-02-2019, 10:32           
Qarabağdakı ermənilərə hansı hüquqlar verilə bilər?
“Azərbaycan 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edir”.

Xarici işlər naziri Elmar Məmmədyarov bunu “The Korea Times” qəzetinə müsahibəsində deyib. Nazir bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə bütün platformalarda ən yüksək səviyyədə səsləndirilib:

“Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunmalıdır. Nizamlanmanın hüquqi əsasına gəldikdə xatırlatmaq lazımdır ki, bununla bağlı BMT-nin 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsi, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər təşkilatların qərar və qətnamələri mövcuddur”.

Elmar Məmmədyarov Azərbaycanın danışıqlar xatirinə danışıqların yox, ciddi nəticələrin tərəfdarı olduğunu və bunun ölkənin prinsipial mövqeyi olduğunu deyib:

“Ümid edirik ki, bu il erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin nizamlanmasında irəliləyiş, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şəraitin yaradılması, ilk növbədə, Ermənistanın özünün iqtisadi inkişafı üçün imkanlar yaradır”.

Nazir əlavə edib ki, Azərbaycan müxtəlif etnik qruplara mənsub vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, beynəlxalq öhdəliklərə uyğun olaraq bunu Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları barəsində də etməyə və onlara Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ən yüksək səviyyədə özünüidarə hüququ verməyə hazırdır.

Lakin xarici işlər naziri Azərbaycanın Dağlıq Qarabağın erməni icmasına verə biləcəyi statusun modelini açıqlamayıb. Buna baxmayaraq, 1994-cü ildən bəri davam edən danışıqlar prosesində rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa beynəlxalq hüquqda mövcud olan ən yüksək özünüidarəetmə statusu verməyə hazır olduğunu bildirib. Azərbaycan indiyə qədər Aland adaları, Tatarıstan, Cənubi Timor kimi modellərin tətbiqini nəzərdən keçirib. Lakin Ermənistanın Azərbaycana qarşı olan ərazi iddiaları bu təklifi reallaşdırmağa imkan verməyib.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağa muxtar qurum statusu verə bilər. Bu modelin də bir neçə formulu var.

“Müxtəlif dövlətlərdə yerli özünüidarəetmənin bir neçə praktikası mövcuddur. Azərbaycan da bu təcrübədən çıxış edərək Dağlıq Qarabağa yüksək özünüidarəetmə səlahiyyətləri vermək istəyir. Bu status daxili idarəetmə məsələlərində bir çox müstəqil hüquqların verilməsini, xarici siyasət və müdafiə məsələləri ilə bağlı sahələrdə isə şaquli xətt üzrə mərkəzi hakimiyyət orqanlarına tabeçiliyi nəzərdə tutur. Bu hüquqlara əsasən, muxtar respublika statuslu Dağlıq Qarabağ öz büdcəsini özü formalaşdırmaqla yanaşı, Azərbaycanın dövlət büdcəsindən də əlavə vəsait ala bilər.

Azərbaycanın mərkəzi büdcəsindən dotasiya alması Dağlıq Qarabağın əhalisinin maddi rifah halının yaxşılaşmasına kömək etmiş olar. Həmin status çərçivəsində Dağlıq Qarabağ daxili idarəetmə qaydalarını həyata keçirmək, özünüidarəetmə orqanlarının yaratmaq, bələdiyyə şuralarının seçmək, hətta muxtar respublikanın ali qanunverici orqanını səsəvermə yolu ilə formalaşdırmaq hüququ qazana bilər. Bu idarəetmənin daxili sahəsinə aiddir.

Lakin xarici siyasətin müəyyənləşməsi Azərbaycan respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılacaq. Müdafiə xərcləri ilə bağlı məsələlər də sırf mərkəzi hakimiyyət orqanlarına tabe olacaq. Hüquq-mühafizə orqanlarının təyinatı isə Xankəndinin təşəbbüsü və rəsmi Bakı ilə razılaşdırılmış qaydada həll edilə bilər. Bura kadrların seçilməsi, təyinatı və sair daxildir. Hazırda dünyada Tatarıstan, Aland adaları və digər özünüidarəetmə modelləri var. Azərbaycanın verdiyi statusla da Dağlıq Qarabağ erməniləri razılaşmalıdır”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlar bütün güzəştləri inkar edən bəyanatlarından sonra bəzi azərbaycanlı ekspertlər danışıqlara ehtiyac qalmadığını, Dağlıq Qarabağa isə hüquqi status verilməməsini təklif edir. Yəni Dağlıq Qarabağa status verilməsi Azərbaycanın ərazi bütövlüyünə təhlükə kimi qiymətləndirilir.

Qabil Hüseynli hesab edir ki, nə danışıqlar prosesindən, nə də Dağlıq Qarabağa status verilməsindən imtina etmək olmaz. \\cebhe.info\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.