Azərbaycanın hansı sualı ATƏT DTİHB-ə yer edibmiş ki, seçkiyə gəlmədilər... - Bahar Muradova izah edir...
4-11-2015, 12:06
Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova “Yeni Müsavat”a geniş müsahibə verib. Parlament seçkiləri ətrafında gedən müzakirələr, seçkisonrakı gözləntilər və digər məsələlərdən bəhs edən söhbətimizi təqdim edirik:
- Bahar xanım, Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) bir qrup deputatı parlament seçkilərini demokratik saymadıqlarını bəyan ediblər. Azərbaycandakı seçkiləri müşahidə edən qrupun belə bir mövqedən çıxış edəcəyini gözləyirdinizmi?
- Adını çəkdiyiniz şəxslərin açıqlamasında seçki mühiti, seçki prosesi, seçki kampaniyası ilə bağlı hər hansı fikir yoxdur. Səsləndirilən o fikirlərdə isə son bir neçə ildə Azərbaycana yönəlik qaralama kampaniyasında iştirak edən dairələrin və şəxslərin dediklərindən fərqli yeni bir şey yoxdur. Orda göstərilən “faktlara” isə öz münasibətimizi dəfələrlə bildirmişik. Bunun üçün yenidən müşahidə missiyasının tərkibində Azərbaycana gəlməklə və həmin sözləri burda söyləməklə seçkini demokratik saya bilmədiklərini arqumentləşdirməyə ehtiyac yox idi. Bunu elə oradan da deyə bilərdilər. Yox, əgər onlar burda seçki prosesinin özündən, namizədlərin mübarizəsindən, siyasi partiyaların iştirakından faktlar gətirərək fikirlərini əsaslandırsaydılar, biz bunu seçki prosesinə aid fikirlər kimi qəbul edərdik. Bu, onların bu günə qədər formalaşmış, müəyyən maraqlara və məqsədlərə xidmət edən fikirləridir ki, onların da əsasında dayananlar heç də ayrıca götürülərək seçki mühitinə aid edilə bilməz.
- Ancaq siyasi motivlərlə həbs olunduğu deyilən məhbuslarla bağlı ölkə daxilində də bənzər fikirlər kifayət qədərdir. Yəni seçki ərəfəsində onların azadlığa buraxılması ilə neqativ fikirləri dəyişmək mümkün deyildimi?
- Biz sizinlə dəfələrlə bu mövzuda danışmışıq. Hər dəfə də bununla bağlı mövqeyimizi ifadə edirik. Onların daim bu faktlara istinad etməsi də bizim mövqeyimizi dəyişə bilməz. Çünki niyə onların bu məsələlərə istinad etməsi barədə biz bilgiliyik və məlumatlıyıq. Mən xüsusilə bu gözəl, rahat, sərbəst, azad, demokratik keçən seçki mühitini qaralamaq məqsədilə üç nəfərin söylədiyi fikrin ətrafında müzakirələr aparmaq, onun hər bəndinə münasibət bildirmək niyyətindən uzağam. Çünki onlar bura gələndən elə bu mövqe ilə gəliblər və onu yalnız burda səsləndirmək, seçki haqqında söylənilən rəylərə özlərinin ştrixini vurmaq məqsədlərini yerinə yetiriblər. Ona görə də mən bunu xüsusi şərh etməyə ehtiyac duymuram.
- Ancaq hesab olunur ki, bu kimi mövqelər parlamentin legitimliyinin qəbul olunmasında problemlər yarada bilər. İqtidar nümayəndəsi kimi bununla bağlı narahatlığınız varmı?
- Şəxsən mənim heç bir narahatlığım yoxdur. Mən sizi əmin edirəm ki, hətta biz onların bütün “tələblərini”, istək və arzularını yerinə yetirsəydik belə, yenə də Azərbaycanı daim qara rəngdə görmək istəyən şəxslər hansısa başqa məqam tapıb, hansısa fikirlər səsləndirəcəkdi. Ona görə də bu fikirlərin seçkinin legitimliyi, demokratik, şəffaf keçməsi ilə heç bir bağlılığı yoxdur. Bu, onların Azərbaycana qarşı formalaşmış yanaşmasıdır, bir stereotipdir və bundan kənara çıxmaq istəmirlər.
- Paralel olaraq müxalifət partiyaları seçkilərin qeyri-demokratik keçdiyini bəyan edib ortaya konkret faktlar qoyduqlarını bildirirlər. Daxili və xarici faktorlar ümumilikdə hakimiyyətə problemlər yarada bilərmi?
- Mən düşünmürəm ki, ciddi problemlər yaratmış olsun. Nəzərə alsaq ki, bu, parlament seçkiləridir, bütün ölkə üzrə keçirilib. O mənada burada xırda-para nöqsanlar olmadığını iddia etmək olmaz. Ola bilər ki, hardasa nəsə problemlər olub. Amma mən çox xahiş edərdim və istərdim ki, həmin nöqsanlar konkret faktlara söykənirsə, bunu müvafiq qurumlara təqdim etsinlər, qurumlar da öz araşdırmasını aparsın və dəyərləndirməsini versin. Əgər hansısa bir dairədə, məntəqədə kiçik bir pozuntu olubsa, bunu ümumilikdə parlament seçkilərinin nəticələrinə aid etmək, buna görə dəyərləndirmək və parlamentin legitimliyinin şübhə altına alınmasına yönəltmək düzgün deyil və bu yanaşmanın özü doğru deyil. Bundan əvvəlki seçkilərdə də olub. Belə pozuntular olduğu halda müvafiq qurumlar obyektiv araşdırmalar aparıb, günahkarlar cəzasını alıb.
“Dialoq seçkidə kiminsə seçilməsi, mandat alması və yaxud da zəmanətli prosesə qoşulmasını təmin edən bir cəhət deyil”
- Bu araşdırmaların nəticəsi olaraq 125 dairənin heç olmasa birinin nəticələrinin ləğvi mümkündürmü?
- Mən onu söyləyə bilmərəm, belə bir ehtimalın da ola biləcəyini düşünmürəm. Çünki hər bir konkret hala konkret qiymət vermək lazımdır. Bu məsələ müvafiq qurumların işidir.
- Hakimiyyətlə görüşlər keçirən bəzi partiyaların parlamentə düşəcəkləri gözləntisi olsa da, bu, baş vermədi. Hakimiyyət-müxalifət münasibətlərinin bundan sonrakı gedişatını necə təsəvvür edirsiniz?
- Sualın məntiqini anlaya bilmirəm. Ölkədə dialoq mühiti, partiayalararası əməkdaşlıq, qarşılıqlı anlaşma, fəaliyyətini qanun çərçivəsində qurmaq tamamilə başqa bir şeydir. Amma mandat əldə etmək, yaxud qeydiyyata alınmaq kimi zəmanət almaq heç bir görüşdə, dialoq adlandırılan məqamda razılaşmanın olmadığını mən bilirəm. Belə bir şeyin olması məntiqdən də tamamilə uzaqdır. Əgər kimlərsə qeydiyyata alınma prosesində sənədlərini düzgün təqdim etməyibsə, yaxud əmlaklarını gizlədibsə, bunlar başqa məsələlərdir, bunun dialoqa heç bir aidiyyəti yoxdur. Bəzən insanlar hüquqi prosedurları bir tərəfə qoyub, kimlərləsə razılaşmanı, bir mövqedə olmanı nəzərdə tutaraq planlar qururlar. Bu da nəticədə onlar üçün uğursuz alınır. Seçki prosesi elə bir prosesdir ki, burada kim olursan-ol, qanunun tələbini və prosedurları ciddi şəkildə nəzərə almaqla işini görə hədəfinə çata bilərsən. Dialoq milli və dövləti maraqlara xidmət edən məsələlərdə vahid mövqedən çıxış etməyə, ölkəmizə kənar təzyiqlərin qarşısında ümumi mövqe sərgiləməyə xidmət edən bir prosesdir. Dialoq seçkidə kiminsə seçilməsi, mandat alması və yaxud da zəmanətli prosesə qoşulmasını təmin edən bir cəhət deyil.
- Ancaq sadə seçici sual edə bilər ki, bir özü, bir “papka”sı olan partiyanın rəhbəri mandat qazandığı halda, Müsavat kimi böyük bir təşkilatın parlamentə düşə bilməməsi nə dərəcədə ədalətlidir?
- Azərbaycanda proporsional seçki sistemi mövcud deyil, majoritardır. Burada partiyalar namizəd irəli sürsə də, bunlar fərdi qaydada mübarizə aparırlar və o dairələrdəki vəziyyətə uyğun münasibət ifadə etmək lazımdır. İkinci də partiyaların özünün bu prosesdə tutduğu mövqe də çox şeyi həll edir. Sizin söylədiyiniz kimi, çoxsaylı namizədləri qeydə alınmış, müəyyən sosial bazası olan partiyaların ardıcıl olmayan və məqsədə yönəlməyən fəaliyyəti onların imkanlarının reallaşmasına mane olur və “sıfır” nəticə ilə üzləşməli olurlar. Bunun səbəbini o partiyaların yeritdiyi siyasətdə, qeyri-ardıcıl mövqedə və mahiyyətini izah etmək mümkün olmayan açıqlamalarında və qərarlarında axtarmaq lazımdır.
- Seçkini müşahidə edənlərin əksəriyyətinin MDB ölkələrindən, həmçinin aparıcı dünya dövlətlərindən deyil, Asiya ölkələrdən, məsələn, Malayziyadan olması da fərqli fikirlərə səbəb olub. Bunu nə ilə əsaslandırırsınız?
- Siz niyə bu qədər xarici müşahidəçilər içərisində yalnız Malayziyanın adını çəkirsiniz? Aparıcı Avropa ölkələrindən də iştirakçılar olub və hər biri də özünün tənqidi, yaxud təqdiredici mövqeyini bildirib. İkinci də Malayziya da bir ölkədir və onun da nümayəndəsi gəlib seçkinin Azərbaycan qanunvericiliyinə uyğun keçirilib-keçirilmədiyi, hər şeydən əvvəl bizim seçki qanunvericiliyimizə uyğun olub-olmaması dəyərləndirməlidir. Bunun üçün də o, bizim qanunvericiliyimizə bələd olmalıdır. Yoxsa hər kəs gəlib öz standartından məsələyə münasibət bildirə bilməz. Əsas kriteriya demokratik dəyərlərdir. İkinci də əgər ATƏT DTİHB öz nümayəndələrini göndərməkdən imtina edibsə və bunu məntiqə sığan faktla əsaslandıra bilməyibsə, bu, bizim günahımız deyil. Bu, nə də MDB ölkələrinin günahı deyil. Onlar bütün seçkilərdə gəlirlər, beynəlxalq təşkilat kimi öz öhdəliklərinə sadiq qalırlar, seçki prosesi müşahidə edirlər, lazım bildiklərini bəyan edirlər. Yəni heç kim bunu onlardan tələb, yaxud xahiş etmir. Biz müraciət edirik ki, “gəlin, müşahidə aparın!” Gələnlər gəlir, gəlməyənlər də gəlmir.
- Bakı sona qədər ATƏT müşahidəçilərini dəvət etdi, ancaq mənfi cavab aldı. Sizcə, onların imtinasının səbəbi nə oldu?
- Onların niyə gəlmədikləri bəyanatlarında öz əksini tapır. Mübahisə konkret rəqəm üzərində gedib. Amma cənab prezident də bunu çox gözəl vurğuladı ki, biz texniki məsələni, prosedur məsələsini müzakirə etməklə bağlı təklif verdikdə, onlar bu təklifə cavab vermək əvəzinə, müşahidədən imtina etdilər. İmtinanı isə əsaslandırmaq mümkün deyil. Ona görə də biz buna şərh verə bilmirik. Biz bunu təqdir etmirik. Amma onlar niyə belə addım atdıqlarını gərək səmimi şəkildə desinlər ki, bəli, biz Azərbaycandakı inkişafı, nailiyyətləri niyə gəlib görmək və demək istəmirik. Qoy bunu onlar desinlər. Amma onlar nədən sonra imtina etdilər, biz dedi ki, bu qədər müşahidəçinin gəlməsi nə dərəcədə məqsədəuyğundur və vacibdir, gəlin müzakirə aparaq. Onlar isə bundan imtina etdilər. Biz yalnız təxmin edə bilərik ki, onlar həqiqətən də gəlib Azərbaycandakı seçki nailiyyətləri vurğulamaq istəmədilər, bu, onlara sərf etmədi.
- Bəlkə heç say məsələsini də böyütməyə zərurət yox idi. Hər şey normal idisə, daha çox müşahidəçi gəlib görərdi, etiraf edərdi, deyilmi?
- Beynəlxalq təşkilatlarla münasibətlər, tərəflərin öhdəlikləri, vəzifələri hər zaman danışıqlar nəticəsində müəyyən olunur. Müraciəti ölkə edib. Bizim üçün də maraqlı idi ki, bizdən əhalisinin sayı, ərazisinin miqyası baxımından qat-qat böyük ölkələrə 35-40, maksimum 100 adam göndərilir, bizə niyə 450-500 nəfər? Biz sadəcə bunun məntiqini bilmək istədik. Demədik ki, bu qədər olmasın, maraqlandıq ki, nəyə görə bu qədər? İzahat vermək əvəzinə, imtina etdilər. Sadəcə təxmin etmək bizə qalır ki, görünür, onların başqa maraqları var idi ki, belə olan halda öz maraqlarını reallaşdıra bilmədilər.
- Beynəlxalq qurumlar seçki məsələlərini əsas götürüb Azərbaycana qarşı sanksiya qərarları verə bilərmi?
- Mən ehtimallarla danışmaq istəməzdim. Beynəlxalq qurumlara üzvlük Azərbaycanın özünün qərarıdır, öz iradəsinə uyğun qərarlar verilib. Bu təşkilatlarla əməkdaşlıq edərkən də özümüzün külli-ixtiyarımızı həmin təşkilatların öhdəsinə buraxmaq niyyətində deyilik. Burda beynəlxalq səviyyədə qəbul olunmuş sənədlər əsasında üzərimizə götürdüyümüz öhdəliklərə cavabdehik. Eyni zamanda, qarşı tərəf də bizim qarşımızda müəyyən cavabdehlik daşıyır. Parlament Adssambleyasının, Demokratik Təsisatlar İnstitutunun borcudur ki, gəlsin, müşahidəsini aparsın. O, öz borcuna bu cür yanaşırsa, bizə yalnız çağırış etmək qalır ki, özünüzü beynəlxalq təşkilat kimi gözdən salmayın, öz öhdəliklərinizə sadiq olun və öz vəzifənizi yerinə yetirin! Yerinə yetirmirsinizsə, öz günahınızı bizim üzərimizə qoymağınıza imkan verməyəcəyik. Mən bu təşkilatın ayrı-ayrı ölkələrə qarşı necə qərəzli mövqelər tutduğunun və çoxsaylı ölkələrin qınağına tuş gəlməsinin və bu təşkilatın müxtəlif konyuktur maraqlara xidmət etdiyinin, olmayan nöqsanlarla dolu hesabatlar tərtib etməklə özlərinin vacib struktur olduğunu sübut etməyə çalışdığını bilirəm. Bunu dəfələrlə həmin təşkilatların rəsmiləri şəxsən mənə söyləyiblər. Ona görə də bundan sonra bu təşkilatların nə deyəcəyi bizim üçün o qədər də əhəmiyyətli deyil.
- Parlamentin son tərkibinin formalaşmasında Rusiya faktorunun rol oynadığı barədə də iddialar var. Bu barədə nə demək olar?
- Cürbəcür iddialar ola bilər. Mən bu iddiaları nə şərh etmək, nə də onun həqiqətə yaxınlığını qəbul etmək istəyirəm. Azərbaycan birmənalı şəkildə öz müstəqil iradəsindən çıxış edən ölkədir. Burada gedən proseslər, aparılan siyasət ilk növbədə Azərbaycan xalqının, dövlətinin mənafeyinə yönəlib və ölkə vətəndaşlarının maraqlarından çıxış edərək bütün işlərimizi həyata keçiririk. Nə Rusiya, nə də Avropa marağı bizim üçün əhəmiyyətli deyil. İlk növbədə Azərbaycan dövləti və xalqının maraqları dayanır. Kimsə bunu özünün konytuktur maraqlarına uyğun olaraq başqa cür dəyərləndirirsə, bu, onun öz işidir. Həqiqət olan mənə məlum olan faktdır.
- Maraqlıdır, parlamentin yeni sədri kim olacaq?
- Mən öncəgörən deyiləm və bununla bağlı konkret fikir söyləyə bilmərəm. Bu, müəyyən məsələlərdən asılıdır. Parlament çoxluğunun mövqeyi burada rol oynayır. Birinci iclas olsun, baxaq, görək sədr kim olacaq...