“Bu gün Azərbaycana qarşı “hibrid müharibə” həyata keçirilir” - deputat
29-05-2019, 19:18
Azərbaycan dünyada mühüm geosiyasi məkan kimi, regionun özündə sülh və təhlükəsizliyin təmin edilməsində dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, millət vəkili Sevinc Fətəliyeva Azərbaycan Prezidentinin Respublika günü ilə bağı təşkil olunan rəsmi mərasimdəki ölkəmizə qarşı aparılan informasiya müharibəsi ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, ölkə başçısı çıxışında bildirib ki, artıq güclü iqtisadi potensial, güclü iqtisadi baza yaratmışıq və əgər bizim təşəbbüsümüzlə uğurla reallaşan nəqliyyat və enerji layihələrini əlavə etsək, görərik ki, doğrudan da Azərbaycan böyük yol keçib:
“Azərbaycan artıq praktik olaraq bütün regional məsələlərin əsas iştirakçısıdır və regionda strateji əhəmiyyətli bütün layihələr həm onun razılığı, həm də iştirakı olmadan gerçəkləşdirilə bilmir. Çünki hazırkı inkişaf mərhələsində Azərbaycan, Cənubi Qafqaz regionunda aparıcı mövqe tutan dövlət kimi, çətin və hətta mürəkkəb geosiyasi şəraitdə öz müstəqil siyasətini aparır. Bu sahədə əsas diqqət ölkənin ərazi bütövlüyünün tezliklə bərpasına, regionda təhlükəsizlik və sabitliyin güclənməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, avroatlantik strukturlar və Avropa institutları ilə əməkdaşlığa yönəldilib. Eyni zamanda, iqtisadi baxımından böyük və hiss olunacaq yüksəkliklərə çatmış, yoxsul ölkələr üçün donor-ölkə olmuş, inamla, müstəqil sərbəst siyasət apararaq, regional lider kimi qəbul edilib. Bu da bizi «istəməyənləri» sevindirə və göz qabağında olan uğurlarımıza «bədxahlıqla yanaşan” qeyri-dostları narahat etməyə bilməz. Məhz buna görə də ölkəmizə qarşı informasiya müharibəsi aparılır, ölkəmizə dair məlumatları saxtalaşdırmağa cəhd edirlər, daha aydın ifadə etsək bizə qarşı “hibrid müharibə ” həyata keçirirlər”.
S.Fətəliyeva əlavə edib ki, «hibrid müharibə»nin ənənəvi müharibədən əsas fərqlərindən biri müasir informasiya texnologiyalarının imkanlarının geniş istifadəsidir:
“Bacarıqlı əllərdə onlar düzgün informasiyanın qərəzli təhrif edilməsi vasitəsi, tarixin saxtalaşdırılması, bilərəkdən yalan məlumatların yayılması, uydurma «faktların» ortaya atılması, eləcə də ən çirkin sosial texnologiyaların istifadəsi mənbəyinə çevrilir. Bizim dövrümüzdə informasiya məkanı getdikcə daha çox döyüş əməliyyatlarının aparılması üçün meydan kimi nəzərdən keçirilir. Müasir münaqişələrin başlıca məqsədi isə rəqib üzərində informasiya üstünlüyünün qazanılması və qorunub saxlanılmasıdır. İnformasiya müharibəsi öz mahiyyətinə görə «hibrid müharibə»nin başlıca elementidir. O daimi dezinformasiya, psixoloji təsir, informasiya hücumlarına əsaslanır. İnformasiya üstünlüyü müasir münaqişələrdə qələbə qazanmağın zəruri şərtidir. Lakin informasiya müharibələri dinc dövrdə də aparılır. Psevdoinformasiyanın daşıyıcıları qismində informasiya domenləri çıxış edə bilər. İnformasiya domenlərinə radio, yerüstü, kabel və peyk televiziyası, mətbuat, İnternet, sosial şəbəkələr, axın videolar, mobil telefonlar, ictimai təşkilatlar və şayiələr aiddir. Kütləvi informasiya və kommunikasiya vasitələri, İnternet qlobal informasiya şəbəkəsi, açıq informasiya resursları zəruri olduqda ictimai rəyin manipulyasiyası, dezinformasiya və hədəf ölkə ictimaiyyətində yanlış fikrin yaradılması məqsədilə fəal istifadə edilir. Azərbaycan qonşu Ermənistan tərəfindən bu cür hallarla dəfələrlə qarşılaşıb”.
Deputat əlavə edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı hərbi əməliyyatlardan başqa informasiya-psixoloji əməliyyatlar da tətbiq edilib:
“İşğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı ilə münasibətdə qanlı etnik təmizləmənin törədilməsini gizlətmək üçün Ermənistan informasiya müharibəsi, təşviqat və dezinformasiyaya əl atır və öz çirkin niyyətini, müxtəlif bəhanələrlə və bizə qarşı atdığı böhtanlarla gizlətməyə çalışır. Erməni dairələri və ölkəmizə qarşı təziq etmək üçün səbəb axtaranlar, inkişafımıza qısqanclıqla yanaşanlar, birbaşa və dolayısı ilə maddi və digər dəstək alan destruktiv müxalifət qüvvələrini də bu işə cəlb edir.Son zamanlar Azərbaycana qarşı başlanmış bu «hibrid müharibə»də , çox təssüflər olsun ki, xaricdə yaşayan bəzi azərbaycanlılar da qoşulub və bu minvalla xəyanət yolunu tutublar.Onlar internet məkanında getdikcə daha çox peyda olur, iğtişaş və itaətsizliyə daha fəal şəkildə çağırışlar edir, ölkənin ünvanına və hökumətə qarşı əsassız iddiaları daha sərt şəkildə irəli sürərək, ümumi qəbul edilmiş ədəb sərhədlərini keçərək, təhqirlərə qədər alçalırlar. Çox zaman onlar özlərini “Vətən oğurlları”, “vətənpərvərlər” adlandıraraq, Vətəndən kənarda, ölkəyə qarşı düşmənlə eyni mövqe sərgiləyirlər ki, bu da onların bu cür mənfi fəaliyyətinin mahiyyətini tamlığını özündə əks etdirir”.
O, bildirib ki, ölkəmiz əzəldən müxtəlif sivilizasiya və mədəniyyətlər arasında körpü olmuş, müxtəlif millət və konfessiyaların nümayəndələri əsrlər boyu onun ərazisində tam sülh və mütləq razılıq şəraitində yaşayıblar: “ Biz dünya ictimaiyyəti tərəfindən tanınmış din azadlığı, tolerantlıq və multikulturalizm nümunəsiyik. Buna görə də erməni təşviqatının Azərbaycanda yaşayan xalqları bir birinə qarşı qoymaq cəhdləri heç vaxt perspektivə malik olmayıb, olmayacaq da! Erməni saxtakarlarının Azərbaycanın çoxsaylı xalqlarını guya ki, azərbaycanlı əksəriyyət tərəfindən təqiblərə məruz qalmalarına əmin etmək cəhdləri də nəticə verməyəcək! «Dənizdən dənizə böyük Ermənistanın» yaradılması ideyasının daşıyıcılarını – «Dünya erməniləri» adlı radikal ideologiya adeptlərinin törətdiyi saysız vəhşiliklər haqqında informasiya Azərbaycanın çoxsaylı xalqlarının yaxın keçmişinin tarixi yaddaşında çox yaxşı qalıb. Onların törətdiyi faciələr, saxta tarix yaratmaq cəhdləri bütün dünyaya məlumdur.
Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli mövqeyini – prinsipial siyasətini davam etdirir. Son zamanlar beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatların səsləndirilməsi, bu istiqamətdə mühüm sənədlərin qəbul olunması Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini ifadə edir. Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına zidd olan iddiaları isə heç bir nəticə vermir, dünya ictimaiyyəti bu cür iddiaları qəbul etmir. Bütün hallarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil.Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Bu gün hərtərəfli inkişafımızda əldə etdiyimiz uğurlarla yanaşı informasiya müstəvisində də aktivliyimiz müsbət mənada nəzərə çarpır. Bu bizlərin informassiya məkanında əldə etdiyimiz uğurların və ölkə rəhbərinin dügün, uğurlu siyasəti nəticəsində mümkün olmuşdur. Azərbaycan qətiyyətli mövqeyi , milli maraqları özündə əks etdirən siyasəti ilə mətin addımlarla irəli gedir və heç bir təziq bizi qorxudmur, çəkindirmir. Çünki bizlər müstəqilliyimizin qorunması və dünyada sülhün bərqərar olunması üçün mübarizə aparır və fəaliyyət göstəririk .Bunun üçün hər birimiz bu gün ayıq –sayıq olmalı, ölkəmizə qarşı həyata keçirilən informassiya müharibəsində üstünlüyü əldən verməməliyik,müstqəilliyimiz qorunması, əbədi olması üçün ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında yorulmadan fəaliyyət göstərməliyik”.