Sabiq XİN başçısından SENSASİON AÇIQLAMA: “...Gec ya tez hərbi senari qaçılmaz olacaq !”
30-05-2019, 19:09
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Minsk qrupu həmsədrlərinin ölkəmizdə səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən ordumuzun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
Həmsədrlərin ölkəmizdə olduğu bir zamanda bu cür təxribatların törədilməsi Azərbaycan ictimaiyyətində hiddət doğurub. Düşmənin atdığı addımla bağlı fikirlərini "Sherg.az”la bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov təəssüflə bildirib ki, törədilən təxribat nə birinci, nə də sonuncudur.
Onun sözlərinə görə, konflikt və münaqişə varsa, bunun əsasında duran Ermənistanın da Azərbaycana qarşı ərazi iddiaları var:
"Təbii ki, məsələ birmənalı olaraq həll olunmalıdır ki, Ermənistan işğal olunmuş əraziləri azad etsin. Hər dəfə ermənilər danışıqlardan uzaqlaşırlar. Hazırda Ermənistanda daxili vəziyyət gərginləşib. Bu gərginləşmənin də səbəbi bəllidir. Bəzi məsələləri həll etmək üçün onlar cəbhə xəttində təxribat törədirlər. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir.
Danışıqlar heç bir nəticə verməsə, gec ya tez hərbi senari qaçılmaz olacaq. İndiki təxribatın əsas səbəbi Ermənistanın daxilindəki vəziyyətlə bağlıdır. Mövcud durum gərginləşəndə isə ermənilər çalışacaqlar ki, Azərbaycana qarşı təxribat törətməklə gərginliyi aradan götürsünlər və öz siyasi məqsədlərinə nail olsunlar”.