Həmsədrlər Bakıda ikən şəhid verdik: Nikola güllə atıldı?
31-05-2019, 08:58
ATƏT-in Minsk Qrupu həmsədrlərinin İrəvandan sonra Bakıda olduğu gün erməni separatçılarının atəşkəsi pozaraq hərbçimizi şəhid etməsi təsadüfi deyil.
Axar.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Bildirilib ki, məntiqlə hərbçimizin şəhid edilməsi və cəbhə bölgəsində sabitliyin pozulması Ermənistanın Baş naziri Nikol Paşinyanın maraqlarına cavab verməməlidir:
“Çünki o da bilir ki, bir neçə gün sonra cavab atəşiylə Ermənistan ordusu itki verəcək. Atəşkəsi pozmaq əmrinin İrəvandan, yoxsa Qarabağ separatçılarından verilməsi məlum deyil. Bizim üçün bunun elə bir əhəmiyyəti yoxdur. Çünki həm İrəvandadakılar, həm də Xankəndidəkilər işğalçıdırlar. Buna baxmayaraq, Xankəndidəkilər bölgədəki vəziyyəti gərginləşdirməklə Paşinyanın hakimiyyətini laxlatmağı planlaşdıra bilərlər. Bunu son açıqlamalarının birində Paşinyan da gizlətməyib. O, faktiki demişdi ki, eks-prezident Robert Köçəryana tabe olan separatçılar bölgədə kiçik müharibə başlatmaqla Ermənistan hakimiyyətinin mövqelərini zəiflətməyi planlaşdırırlar”.
Mərkəzin təhlilində həmçinin qeyd olunub ki, atəşkəsi pozanlar həmsədrləri də pis vəziyyətdə qoyublar:
“Guya vasitəçilər Bakıya gəlmişdilər ki, xarici işlər nazirlərinin ötən görüşündəki şifahi razılaşmaların yerinə yetirilməsini təmin etsinlər. Elə bəyanatlarına da bu başlığı çıxarmışdılar: “Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər”. Söhbət humanitar və təhlükəsizlik tədbirlərindən gedir. Ancaq hansı təhlükəsizlik tədbirindən danışılır ki, atəşkəs pozulur, hərbçimiz şəhid edilir və ya hansı humanitar tədbirdən danışılır ki, var gücləriylə erməni futbolçunun Bakıya gəlişinə mane olmaqla milli ədavəti daha da qızışdırdılar? Elə Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında Ermənistanın təxribatçı və qanlı əməlinin qəti qəbuledilməz olduğu və danışıqlar prosesinə zərbə vurduğu bildirilir. Beləliklə, Ağdam istiqamətində açılan atəş həmsədrlərin bu səfərini və təkliflərini də puça çıxardı və bunun günahkarı təmas xəttinin o tərəfindəki güc və ya güclərdir. Bütün hallarda həbrçimizin şəhid olmasına görə qarşı tərəf cəzalandırılmalıdır. Başqa alternativ yoxdur”.