NATO üzvü və Avropanın mühüm dövlətindən Azərbaycana dəstək

3-06-2019, 08:14           
NATO üzvü və Avropanın mühüm dövlətindən Azərbaycana dəstək
Polşa Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanla əməkdaşlığa önəm verir
Ötən həftə Polşa prezidenti Andjey Duda Azərbaycanda ilk rəsmi səfərdə oldu. Polşa prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü, eyni zamanda biznes konfransda iştirak etdi və polşalı memarların Bakıda xatirəsinə həsr edilən lövhələrin açılış mərasimində iştirak etdi.

Polşa Azərbaycan üçün əhəmiyyətli dövlət hesab edilir. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Polşa prezidentinin səfəri iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətindən xəbər verir. Dudadan əvvəlki prezidentlər də Azərbaycanda olublar, eləcə də İlham Əliyev iki il əvvəl Polşada rəsmi səfərdə olub. O zaman iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalandı ki, həmin sənəddə əlaqələrin mahiyyəti vurğulanıb: “Polşa Avropa ölkələri içərisində Azərbaycana önəm verən əsas ölkələrdəndir. Azərbaycanın da üzv olduğu Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramı ideyası da vaxtilə Polşa tərəfindən irəli sürülüb. İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi böyük deyil. Ona görə də hazırda iki ölkə arasındakı əlaqələrin inkişafında başlıca məqsəd istisadi əlaqələri yüksək səviyyəyə qaldırmaq, ortaq layihələri hərəkətə gətirməkdir. Polşada fəaliyyət göstərən Azərbaycan Ticarət evinin də fəaliyyətini genişləndirməsinə ehtiyac var. Polşa Azərbaycanın iştirakçısı olan regional layihələrə, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq göstərir. Energetika sahəsində də əməkdaşlığın inkişafı perspektivləri mövcuddur. Məsələn, Polşa prezidenti təklif etdi ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olsun. Və ya Polşa prezidenti Varşavanın Azərbaycanın ”bir kəmər, bir yol" layihəsindəki iştirakından faydalanmaq istədiyini bildirdi. Polşa Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanmasında və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə maraqlıdır. Hər ikisinin müsbət həlli Azərbaycanla Polşa arasındakı strateji münasibətləri üst səviyyəyə qaldıracaq".

Politoloq qeyd etdi ki, Polşa birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Əlbəttə, Polşanın Ermənistanla da münasibətləri mövcuddur. Ancaq Varşava Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanla əməkdaşlığa önəm verir. Varşava da bilir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyadan asılıdır. Varşavanın isə Rusiyanın nəzarətində olan ölkələrə münasibəti birmənalı deyil. Polşa Avropa ölkələri içərisində Rusiyanın əsas tənqidçilərindəndir”.

Qeyd edək ki, Polşa prezidenti Bakıya səfəri zamanı çıxışında Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı konkret mövqeyini ifadə edib. O, bildirib ki, Polşa dövləti bu münaqişənin tənizmlənməsi prosesində Azərbaycanın mövqeyini dəstəkləyir, bu mövqe də beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. Beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmaq isə o deməkdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır.

Ekspertlərin fikrincə, Avropa İttifaqının və NATO-nun üzvü olan bir ölkənin prezididentinin bu mövqeyi Azərbaycan üçün çox əhəmiyyətlidir. Polşa həm dünyanın ən nəhəng hərbi siyasi təşkilatının, həm də bu gün dünyanın iqtisadi güc mərkəzlərindən biri olan, ümumdaxili məhsulun təxminən 25 faizini istehsal edən Avropa ittifaqının üzvü kimi Avropada nüfuzlu ölkələrdəndir. Polşa dövlətinin rəhbəri tərəfindən münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, heç şübhəsiz, münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın həm siyasi, həm də hüquqi baxımdan mövqelərini gücləndirən amildir.

E.SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.