“Bu, misli görünməyən özbaşınalıqdır!” - Hüquqşünas
4-06-2019, 13:13
"Çox əcaib və arzuolunmaz vəziyyət yaranıb. Ali Məhkəmə Konstitusiya Məhkəməsinin qərarını icra etmir, ona istədiyi kimi şərh verir".
“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirib ki, halbuki, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 63.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz:
"Belə ki, Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarında birmənalı olaraq nəzərdə tutulub: "Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir".
Mülki Məcəllənin 477.0.1-ci maddəsinə görə isə zaminin razılığı olmadan onun təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına səbəb olduqda, zaminliyə xitam verilir. Tutaq ki, bank borc alanla kredit xətti müqaviləsi bağlayıb. Kredit xətti müqaviləsində faiz dərəcəsi təsbit edilməyib. Eyni zamanda, bank zaminlə də həmin kredit xətti üzrə zaminlik müqaviləsi bağlayıb. Bundan sonra bank borc alanla konkret kreditlər üzrə kredit sazişləri bağlamağa başlayır və faiz dərəcəsini yalnız orada göstərir".
Hüquqşünas qeyd edib ki, əgər bu halda zaminin razılığı alınmırsa, zaminliyə xitam verilmiş hesab olunur: "Konstitusiya Məhkəməsinin mövqeyi belədir! Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin bu yanaşmasını rəhbər tutaraq ötən ilin ikinci yarısından başlayaraq bu cür zaminlik müqavilələrinə xitam verməyə başlamışdır. Lakin Ali Məhkəmə həmin qərarları ləğv edərək işləri yenidən apelyasiya məhkəməsinə qaytarır ki, xeyr, zaminliyə xitam verilməli deyil. Başqa sözlə, Ali Məhkəmə Konstitusiya Məhkəməsinin sözügedən qərarını (yanaşmasını) icra etmir, onu istədiyi kimi şərh edir. Bu, misli görünməyən özbaşınalıqdır! Konstitusion böhrandır! Konstitusiya Məhkəməsinə həqarətdir! Hüquqi dövlətə yaraşmayan haldır!"
Vəziyyətdən çıxış yolu kimi Bakı Apellyasiya Məhkəməsinin Ali Məhkəmə ilə razılaşmayaraq mübahisəni yenidən Konstitusiya Məhkəməsi səviyyəsinə çıxardığını vurğulayan Əkrəm Həsənov bildirib ki, sonuncu bu gün həmin mübahisəyə baxacaq: "Faktiki olaraq söhbət artıq kredit, zaminlik və s. məsələlərdən getmir (onlara dair hər kəsin fərqli yanaşması ola bilər, amma sırf elmi müstəvidə)! Söhbət qanunun aliliyindən, Konstitusiya Məhkəməsinin nüfuzundan gedir. Konstitusiya Məhkəməsi ya mövqeyini təsdiq edərək Ali Məhkəməyə yerini göstərməlidir, ya da mövqeyini dəyişərək gələcək qərarlarına da belə hörmətsiz yanaşmanın təməlini qoymalıdır".