Xankəndi ilə “dostlaşmış” Fransa şəhərinin meri məhkəmənin qərarını vecinə almadı... -FOTO
14-06-2019, 08:38
Qərbin Qarabağla bağlı gerçək siyasəti yalnız Azərbaycan xalqının gücünü gördükdə dəyişə bilər...
Xəbər verildiyi kimi, Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvil şəhərinin erməni işğalı altındakı Xocavənd rayonu ərazisindəki Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi daha 4 fransız şəhərinin ermənilərlə belə xartiyasını ləğv edib.
Moderator.az xəbər verir ki, qondarma separatçı erməni rejimi ilə bağlanmış “dostluq” müqavilələri hüquqi cəhətdən ləğv olunsa da, bəzi Fransa məmurları bunu qulaqardına vurmaqda davam edir.
Xankəndindəki separatçı erməni nəşrlərinin verdiyi məlumata görə, Valans şəhərinin meri, Rona-Alpı regionunun vitse-prezidenti Nikolas Daraqo bəyan edib ki, Qrenobl məhkəməsinin Xankəndi ilə “dostluq” xartiyasını ləğv etməsinə rəğmən biz “Artsax” “xalq”ı ilə dostluq münasibətlərimizi davam etdirəcək və bu “ölkə”nin öz “müstəqillik”lərini qoruma səylərini dəstəkləyəcəyik. Fransız mer məhkəmənin bu qərarından təəssüfləndiyini bildirib və bir neçə ay öncə Fransa prezidenti E.Makronun erməni mənşəli Fransa vətəndaşlarına humanitar və maarifləndirmə məqsədi daşıyan proqramların təqib olunmayacağını vəd etdiyini vurğulayıb. Ermənipərəst məmur məhkəmənin bu cür qərarlarının Fransa dövlətinin öz “azadlıqları uğrunda mübarizə aparan xalqlara” xeyirxah münasibət göstərmək siyasətinə zidd olduğunu, lakin bunun fransız və erməni icmaları arasındakı dostluğa mane ola bilməyəcəyini bəyan edib.
P.S. Göründüyü kimi, Fransa məhkəmələrinin separatçı rejimə qarşı son qərarları hüquqi cəhətdən əhəmiyyətli görünsə də, əslində bu dövlətin Qarabağ məsələsinə, Azərbaycan xalqına və dövlətinə qarşı gerçək ümumi siyasətinə təsir göstərə bilən amil deyil. Bu, sadəcə, kütlə şüuruna hesablanmış növbəti manipulyasiya, başqatmadır...
P.P.S. Fransanın, Avropanın, ABŞ-ın və ümumilikdə Qərbin Qarabağla bağlı siyasəti yalnız torpaqlarını azad etmək üçün tək yumruq kimi səfərbər olunmuş Azərbaycan xalqının, ordusunun gücünü gördükdə dəyişə bilər...
Sultan Laçın