“Kimin doğru, kimin yanlış yolda olmasına qiyməti zaman verəcək” - QALMAQAL

30-08-2019, 12:49           
“Kimin doğru, kimin yanlış yolda olmasına qiyməti zaman verəcək” - QALMAQAL
Hazırda ölkədə parlament seçkiləri gündəmdə deyil. Amma bəzi müxalifət partiyalarının üzvləri sosial şəbəkədə bir-birinə qarşı mandat ittihamı irəli sürürlər, bir-birilərini seçkidə mandat payı almağa hazırlaşmaqda suçlayırlar. AXCP fəalları REAL Partiyasını, AĞ Partiyanı və digərlərini seçkiyə gedib hakimiyyətlə mandat sövdələşməsi aparmağa hazırlaşmaqda ittiham edirlər.

Azərbaycan siyasətində bu vəziyyət yeni deyil. Mandat ittihamları hələ 1995-ci ildən mövcud olub. Həmin ilin 12 noyabrında keçirilən parlament seçkilərində Əli Kərimlinin və bir neçə AXCP funksionerinin deputat mandatı əldə etməsi hələ də “Mandat alverinin nəticəsi” olaraq təqdim edilir.

Bəziləri isə iddia edir ki, 1995-ci il parlament seçkilərində Əli Kərimli və 4-5 nəfər tərəfdarının parlamentdə yer alması bu prosesin əsasını qoyub.

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, müxalifət daxilində belə sərt mübarizənin və bəlkə də savaşın getməsi çox təəssüfləndirici haldır: “Mən sağlam, məntiqli və arqumentləşdirilmiş tənqidlərin qəti əleyhinə deyiləm. Əksinə, belə tənqidlərin müsbət təsirlərinə inanan biriyəm. Həmçinin onu da qəbul edir və anlayıram ki, iqtidarda, ya müxalifətdə təmsil olunmasından asılı olmayaraq, istənilən siyasi partiya digər bir siyasi partiyanın potensial rəqibidir. Bəzən bu rəqabətdən də irəli gələn tənqid və mübarizə anlaşılandır. Ancaq təəssüflə qeyd etməliyəm ki, hazırda müxalifətin özü arasında aparılan mübarizə və siyasi savaş heç hakimiyyətlə aparılmır. Təbiidir ki, belə bir vəziyyət ilk növbədə hazırkı iqtidara sərf edir. Onlar da öz növbələrində mütəmadi olaraq müxalifətdaxili belə savaşların qızışmasına və kəskinləşməsinə bu və ya digər formada dəstək verirlər. ”Mandat alveri" mövzusu da bu qəbildəndir. Çünki hələ ortalıqda real heç bir parlament seçkilərindən söhbət getmədiyi bir halda bəzi partiyalar bir-birilərini mandata satılmaqda, deputatı mandatı sövdələşməsində iştirakda, separat danışıqlarda ittiham edir".

T.Abbaslının sözlərinə görə, əslində çox da uzaq olmayan siyasi tarixə baxsaq görərik ki, bu gün kimlərisə ehtimal xəyanətdə, sövdələşmədə ittiham edənlər zamanında bu hərəkətləri özləri daha biabırçı tərzdə edib: “Odur ki, mən siyasətin kimlərinsə mövqelərinə görə qurulmasının əleyhinəyəm. Kimlərsə öz trol dəstələri ilə saxta ictimai rəy yaratmağa çalışacaq və bizi də buna boyun əyməyə məcbur edəcəklərini düşünürlərsə, yanılırlar. AĞ Partiya olaraq biz digər heç bir partiyanın atdığı addımları, verdiyi qərarları təftiş etmirik və buna vaxt ayırmırıq. Hər bir partiya qərarını özünün rəhbərliyindəki şəxslərin qərarı ilə verir və onun nəticələrinə hazır olur. Biz kimsəni təftiş etmirik və kimsənin də bizi təftiş etməsinə imkan vermirik. Hər kəs doğru bildiyi yolla getməlidir. Kimin doğru, kimin yanlış yolda olmasına qiyməti zaman və Azərbaycan xalqı verəcək. Biz Azərbaycanda yalnız və yalnız bir qüvvə ilə hesablaşmışıq, bundan sonra da o qüvvə ilə hesablaşacağıq. Bu, Azərbaycan xalqıdır. Digər partiya və siyasi quruluşlara da tövsiyyəm odur ki, ”mandat alveri" kimi köhnə, dedi-qodu səviyyəli polemikalara qoşulmasınlar və vaxtlarını israf etməsinlər. Hər kəs ortaya güc və siyasi iradə qoymalı, nəticəsini də xalqdan gözləməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.