“SSRİ planı” bu dəfə İranda
5-09-2019, 00:18

Böyük Britaniya pilotsuz uçuş aparatlarının (PUA) Fars körfəzində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.
Məlumata görə, burada söhbət Küveytdə yerləşdirilən və Suriya-İraq istiqamətində uçuşlar həyata keçirən PUA-ların yerinin dəyişdirilməsindən gedir. Müşahidə missiyası Hörmüz boğazından keçən Birləşmiş Krallıq bayrağı altında üzən tankerləri müşayiət edən hərbi gəmilərə dəstək xarakteri daşıyacaq.
Qeyd edək ki, II Dünya Müharibəsi ABŞ-ın təcridçilik siyasətindən “əl çəkməsinə” səbəb olan başlıca amil oldu. ABŞ-ın hegemonluğuna nail olmaq yolunda başlıca maneə isə SSRİ idi. ABŞ xarici siyasət planında bu kimi məsələlərə qarşı xüsusi metod və üsullar hazırlamışdı. Amma Sovet İttifaqının əsas sənaye mərkəzləri və zəngin faydalı qazıntılarının olduğu nəhəng ərazilərə sahib olması səbəbindən o dərəcədə də zəif deyildi. Bu səbəbdən də ABŞ SSRİ-yə qarşı təkcə atom yox, bioloji müharibə də aparmalı idi. Beləliklə, ABŞ SSRİ-ni effektiv bir şəkildə məhv etmək üçün özünü atom və bioloji müharibəyə hazırlamağı qarşıya məqsəd qoymuşdu. ABŞ-ın hərbi planları SSRİ ilə müharibəni qaçılmaz edirdi. Rəsmi Vaşinqton SSRİ və onun müttəfiqlərinin hərbi və iqtisadi cəhətdən ABŞ-ın səviyyəsinə çatmaması üçün əlavə tədbirlər görürdü. SSRİ də ABŞ-ın hücumlarını dəf etmək üçün bütün gücünün silahlanmaya yönəldirdi. Bu isə SSRİ-nin iqtisadi cəhətdən zəifləməsi ilə nəticələndi.
Hazırda ABŞ eyni senarini İran üzərində həyata keçirməyə çalışır. ABŞ birtərəfli qaydada “5+1” formatından çıxdıqdan sonra İrana bir sıra iqtisadi və siyasi sanksiyalar tətbiq etməyə başladı. Bunun ardınca da İranı silahlanmaya vadar edir ki, iqtisadiyyatı tamamilə çöksün və daxildə narazılıq artsın. İranın siyasi şərhçiləri hesab edir ki, İran yalnız müzakirə yolunu tutmalı deyil, Tehran həm silahlanmalı, həm də danışıqları davam etdirməlidir. Beynəlxalq nəşrlərdə də İranın güclü şəkildə silahlanmaya getdiyi və ən müasir hərbi texnikalara sahib olması barədə yazılar dərc olunub. Əgər İran silahlanmasa, ən zəif düşməninin qarşısında belə, geri çəkilməyə məcbur olacaq ki, bu da yolverilməzdir. Göründüyü kimi, İran özünümüdafiə üçün vəsaitlərini daha çox silahlanmaya cəlb edir. Bu zaman iqtisadiyyat ikinci plana düşür ki, bu da Tehranda çox ciddi narazılıqlara və daxili çaxnaşmalara səbəb ola bilər.
Məlumat üçün bildirək ki, İran nüvə sazişi 2015-ci ilin oktyabr ayında imzalanıb və 2016-cı ilin əvvəlindən qüvvəyə minərək İrana qarşı mövcud olan sanksiyaları aradan qaldırıb. Əvəzinə, İran nüvə sənayesinin beynəlxalq ictimaiyyət tərəfindən müşahidə edilməsinə razılıq verib və yalnız nüvə enerjisini inkişaf etməyə vəd edib. Lakin Donald Tramp ABŞ-a yeni prezidenti seçildikdən sonra sazişi ləğv etməyə qərar verdi. Birləşmiş Ştatlar İran hökumətinin davranışlarını dəyişməyə vadar etmək məqsədilə ölkə iqtisadiyyatına əlavə təzyiq göstərmək üçün sanksiyalar tətbiq etməyə başladı.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə bildirib ki, Donald Tramp Prezident seçildikdən sonra çox maraqlı bir siyasət yürütdü:
“Əvvəlcə hansısa dövləti hədələyir, sonra onunla saziş imzalamağa çalışır. Qonşuları ilə münasibətdə də eyni siyasəti yürüdür. Kanada ilə Meksikanı yeni ticarət müqaviləsi imzalamağa məcbur edir. Daha sonra Avropanı hədələdi ki, Avropa dövlətləri NATO-ya istənilən qədər maliyyə vəsaiti ayırmır, bütün yük Amerikanın üzərindədir. Bu istiqamətdə də müəyyən danışıqlar başladı. Eyni zamanda Yaponiya və Çinə qarşı da eyni siyasəti yürüdüldü. Hazırda ABŞ Çinə qarşı daha sərt siyasət yürüdür. Sanki iqtisadi qərarlarla Çinin iqtisadiyyatını zəiflətmək istəyir ki, ABŞ iqtisadiyyatı bundan zərər görməsin”.
Analitikin qənaətincə, ABŞ-ın İrana qarşı siyasəti və sanksiyaları sərtləşib:
“Təbii ki, bütün bunlar İran iqtisadiyyatına mənfi təsir göstərməkdir. İran da tərs bir ölkədir, güzəştə gedən deyil, yəni geri addım atmayacaq. Amma İran iqtisadiyyatı ağırlaşıb, vəziyyətdən çıxış yolu axtarmaq məcburiyyətindədir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 2-də Moskvaya səfəri zamanı Avropaya da ultimatum irəli sürdü. Zərif qeyd etdi ki, Avropa üzərinə götürdüyü öhdəlikləri bir neçə günə yerinə yetirməsə, İran uranı daha çox zənginləşdirməyə başlayacaq. Vəziyyət getdikcə gərginləşir. Amerika İrana qarşı bu siyasətində yanında daha çox müttəfiqlərini görmək istəyir. Amma müttəfiqlərindən yalnız ona bir az Böyük Britaniya dəstək verib.
İyul ayında Böyük Britaniya gəmisi Hörmüz boğazında digər gəmilərin əks istiqamətində- çıxışdan girişə doğru hərəkət edib, gəmi coğrafi mövqeyini göstərən qurğunu söndüyü və İran tərəfinin xəbərdarlıqlarına əhəmiyyət vermədiyi üçün saxlanılmışdı. Bu hadisədən sonra Britaniya ilə İranın münasibətləri gərginləşdi. Amma məsələ burasındadır ki, Amerika İrana qarşı siyasətdə böyük bir koalisiya formalaşdıra bilməyəcək. Hətta ərəb dövlətləri Amerikaya dəstək versələr də, İranla qarşıdurmaya getməyəcəklər. Əsas məsələ odur ki, İranla Amerika arasında yüksək səviyyədə olmasa da, bir təmaslar başlasın. Sentyabrda BMT Baş Asambleyasının sentyabrda 74-cü sesiyası keçiriləcək. Nyu-Yorkda baş tutacaq iclasda İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin də iştirak edəcəyi gözlənilir. Burada Donald Trampla Həsən Ruhaninin görüşəcəyi ehtimalları da var. Bu görüş alınmasa belə, aşağı səviyyədə görüşlərə ehtiyac var ki, bölgədə gərginlik bir az azalsın”.
Yeganə Oqtayqızı