Azərbaycanın Brüsseldəki nümayəndəsindən ilginc açıqlamalar
6-09-2019, 08:49

Fuad İsgəndərov deyib ki, sənədin imzalanması üçün vaxt məhdudiyyəti olmayıb; diplomat: “Azərbaycanda Aİ üçün ödənilməli olan hesab yoxdur”
Avropa Komissiyası yaxın iki ayda Azərbaycanla yeni tərəfdaşlıq sazişi bağlamağa ümid etməsi barədə ötən həftə məlumat vermişdik. Xatırladaq Avropa Komissiyasındakı mənbələr noyabrın 1-dək razılaşmanın mümkün olduğunu bildirmişdi. O da bildirilirdi ki, yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi sentyabrda keçiriləcək.
Euractiv.com portalı isə ötən həftə Brüsseldəki diplomatik mənbələrə istinadən danışıqların dalana dirəndiyini, əsas problemin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlükdə marağı olmaması, habelə azad bazar iqtisadiyyatı prinsiplərini qəbul etmək istəməməsi barədə olduğunu yazmışdı. Mənbə əlavə edib ki, “top Bakının meydançasındadır və komissiya üzərinə düşən işi yerinə yetirməyə hazırdır. Bir şərtlə ki, Bakı mövqeyinə yenidən baxsın”. Qeyd edək ki, Brüssellə müzakirələri aparan azərbaycanlı rəsmilər dəfələrlə bildirib ki, Azərbaycanın Aİ ilə danışıqlarda öz strategiyası var. Azərbaycanın Aİ ilə əməkdaşlıq gündəminə iqtisadiyyat, mədəniyyət və digər sahələrdə münasibətlərin dərinləşməsi daxildir. Lakin Bakı regiondakı və dünyadakı bütün amilləri, güc mərkəzlərini nəzərə almaqla bundan sonra da praqmatik siyasət aparacaq. Yəni müstəqil, özünün milli, iqtisadi, siyasi və geosiyasi maraqlarına əsaslanan siyasətini davam etdirəcək.
Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Bakı ilə Brüssel arasında ikitərəfli tərəfdaşlıq razılaşmasına dair danışıqların necə getdiyinə dair euractiv.com portalına müsahibə verib.
Virtualaz.org-un məlumatına görə, səfir Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulda Bakıya səfərini xatırladaraq bunları deyib: “Sentyabrın 10-da, 11-də və 12-də razılaşmanın ticarət və institusional aspektləri ilə bağlı üç videokonfrans olacaq. Mən hesab edirəm ki, bu, Azərbaycan tərəfinin danışıqlara məqsədyönlü yanaşmasını göstərən ən yaxşı illüstrasiyadır. İkitərəfli münasibətlər inkişaf edir, güclənir. Biz TAP qaz kəmərinin başa çatdırılması üzərində çox fəal işləyirik və hesab edirik ki, Azərbaycan qazı 2020-ci ildə Avropa bazarına çıxacaq. Bu, Azərbaycanın ümumi yanaşmasıdır: biz çox möhkəm iqtisadi baza yaradılması üzərində işləyirik və siyasi danışıqlar, siyasi dialoqumuz, əlbəttə, həm də ikitərəfli münasibətlərimiz bu baza üzərində dayanır”.
“Razılaşmanı Yunkerin komissiyasının səlahiyyət müddəti başa çatana qədər yekunlaşdırmaq mümkün olacaqmı” sualına səfir belə cavab verib: “Bizim əvvəldən heç bir vaxt məhdudiyyətimiz olmayıb. Bu, danışıqların başlıca məqsədi deyildi. Azərbaycan tərəfi üçün ideya bundan ibarətdir ki, Aİ-dən olan dostlarımızla hər iki tərəf üçün faydalı olan hərtərəfli, əhatəli, strateji yönümlü razılaşma əldə edək. Beləliklə, Azərbaycan Aİ ilə ikitərəfli razılaşmaya dair öz layihəsini təqdim edən birinci tərəf oldu. Danışıqlara başlayandan sonra Aİ tərəfi bir çox dəyişikliklər etdi. Yəni biz təkcə öz təklifimiz üzərində deyil, Aİ-nin təklifləri üzərində də işlədik. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsinə əsasən, Brüssel həmişə öz razılaşma layihələrini hazırlayıb təqdim edib və heç vaxt bunun əksi olmayıb. Biz bu məsələdə birinci olduq. Bir qayda olaraq çox qısa müddətdə, təxminən iki il ərzində qarşılıqlı məqbul formula tapa bildik. Bu, çox ciddi nailiyyətdir. Və biz heç vaxt müddətin azlığından şikayət etməmişik. Aİ tərəfi danışıqları indiki komissiyanın səlahiyyət müddəti başa çatana qədər yekunlaşdırmağı təklif edib. Bu, pis olmazdı, amma öz-özlüyündə bizim qarşımızda məqsəd kimi dayanmır”.
Avropa İttifaqı yanında Azərbaycan nümayəndəliyinin rəhbəri deyib ki, ölkəmiz ÜTT-yə üzv olmaq üçün danışıqlar aparır: “Lakin üzvlük barədə qərar qəbul etməzdən əvvəl biz dünyada ticarət münasibətlərində, o cümlədən ÜTT çərçivəsində, nə baş verdiyini dəqiqləşdirməliyik”.
“Şayiələr gəzir ki, razılaşmaya üçüncü tərəf də müdaxilə edir, bu haqda nə deyərdiniz” sualına da ilginc cavab verib: “Aİ regionun bəzi ölkələri ilə müqavilələr imzalayıb, amma Azərbaycanla hələ imzalamayıb. Bu, binanı pəncərələrdən başlayıb tikməyə oxşayır, giriş qapısı olmadan. Siz regionda Azərbaycanın iştirakı olmayan hansısa nəqliyyat, energetika və istənilən digər layihənin reallaşmasını görmüşünüz? Sizin bu günlərdə yaydığınız məqaləni xatırladıram. Orada siz Komissiyanın məmuruna istinad edib yazırsınız ki, Azərbaycan razılaşma imzalamaq istəyir, amma ”qiymət ödəmək" istəmir. Yeri gəlmişkən, siz məmurun adını açıqlamırsınız. Amma biz adımızı gizlətmirik və aydın şəkildə deyirik: Azərbaycanda Aİ üçün ödənilməli olan hesab yoxdur. Lakin mən düşünmürəm ki, “qiymət ödəmək” kimi frazalar danışıqlarda kompleks həll üçün ən yaxşı vasitədir".
Yada salaq ki, Avropa İttifaqı ilə danışıqlar 2017-ci ilin fevralından başlanıb. Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Avropa İttifaqıdır. Azərbaycan Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı müstəvisində əməkdaşlıq edir.