Rusiyalı tarixçidən Qarabağla bağlı məkrli mövqe
7-09-2019, 08:50

Politoloq: “Sergey Stankeviçin dedikləri avantüradır və Ermənistanın maraqlarına xidmət edir”; Paşinyan Köçəryanla bağlı seçim etmək məcburiyyətindədir
Rusiya prezidenti Vladimir Putinin həbsdə olan eks-prezident Robert Köçəryanı təbrik edəndən sonra onun Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında iştirak etmək üçün İrəvana gəlib-gəlməyəcəyi sual altına düşüb. Məsələ burasındadır ki, Köçəryanı təbrikdən sonra Ermənistanda Rusiyaya qarşı etirazlar baş qaldırmaqdadır. Üstəlik, Nikol Paşinyan hakimiyyəti hələlik Rusiya dövlət başçısının şərtlərini yerinə yetirməyib. Belə bir durum isə Avrasiya İqtisadi İttifaqının toplantı yerinin dəyişdirilməsi, yaxud da Putinin tədbirdə iştirakdan imtinası ilə yekunlaşa bilər.
Ancaq bu ərəfədə R.Köçəryanın həbsdən buraxılacağı ilə bağlı məlumatlar da diqqət çəkir. İddialar var ki, Paşinyan Putinin həbsxanadakı dostu ilə görüşünə şahid olmamaq üçün eks-prezidenti sayca üçüncü dəfə azad edə bilər. Hər halda, 12 sentyabr məhkəmə iclasında məsələyə aydınlıq yaranacaq. Üstəlik, Moskvanın Paşinyana verdiyi 10 günlük müddət gələn həftə yekunlaşacaq.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, 1 oktyabrda keçiriləcək iclasın gündəliyi Rusiya da daxil olmaqla bütün ölkə başçılarının konsensusu əsasında təsdiq olunub. Diplomat qeyd edib ki, Putin qonaq deyil. “Özləri belə qərar veriblər”, Köçəryan bildirib.
Məlumata görə, iclasda həmçinin İran prezidenti Həsən Ruhaninin, həmçinin Sinqapurun baş naziri Li Syan Lunun iştirakı gözlənilir. Bir müddət əvvəl Tehran Ermənistanla azad iqtisadi zonanın yaradılması prosesinin sona çatdığı barədə İrəvanı məlumatlandırıb. Bu zona barədə razılaşma tezliklə qüvvəyə minəcək. Həmçinin Avrasiya İttifaqının bütün ölkələri Sinqapurla imzalanacaq sazişin üzərində işləməlidirlər. Oktyabrın 1-də isə Sinqapurla azad iqtisadi zona haqqında saziş imzalanacaq. Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclası sentyabrın 30-dan oktyabrın 1-dək davam edəcək.
Tədbirə ev sahibliyi etməsi Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Bu mənada Paşinyan qatı düşmənini həbsdən buraxmaq bahasına olsa belə, tədbirin keçirilməsinə çalışacaq. Məlumata görə, son günlər işğalçı ölkənin baş naziri Nikol Paşinyan gecə saatlarına qədər komandası ilə Köçəryanın həbsdən azad edilib-edilməməsi ilə bağlı qapalı görüş və müzakirələr aparır. Ermənistanın “Johovurd” gündəlik qəzetinin yazdığına görə, sentyabrın 5-də gecə bu cür qapalı formatda hökumət nümayəndələri ilə keçirilmiş növbəti görüşə, hüquq-mühafizə orqanları rəhbərləri də qatılıb. “Bizə məlumat verildi ki, Konstitusiya Məhkəməsinin Köçəryanla bağlı son qərarı xeyli müddət hüquq-mühafizə orqanlarının nümayəndələri ilə müzakirə olunub. Ermənistan ədliyyə naziri Rustam Badasyan Paşinyanı təkidlə Konstitusiya Məhkəməsinin qərarının Robert Köçəryanın həbsdən azad edilməsinə əsas verə bilməyəcəyinə inandırmağa çalışıb. Əlavə məlumata görə, sentyabrın 6-da ”Mənim addımım" fraksiyasının mərkəzi komitəsinin aparatında fraksiya deputatları ilə də görüş olacaq"- erməni qəzeti belə yazır. Moderator.az-ın xəbərinə görə, bu günlərdə Ermənistan mediasında Rusiya lideri V.Putinin əsasən, Köçəryanın taleyi və İrəvana səfəri onunla görüşməsi ilə bağlı məsələləri həll etmək üçün Paşinyana sentyabrın 10-dək vaxt verməsi haqda xəbərlər yayılıb.
Çox güman ki, İrəvan toplantısında iştirak edəcəksə, V.Putin ikitərəfli danışıqlarda Qarabağ məsələsini də müzakirəyə çıxaracaq.
****
“Qarabağ münaqişəsi "üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir". Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir". Bunu isə virtualaz.org- eksklüziv açıqlamasında Rusiyanın keçmiş prezident Boris Yeltsinin müşaviri, tarixçi və siyasətçi Sergey Stankeviç deyib. Stankeviç bildirib ki, zamanla müzakirələrin emosionallığı azalmalıdır, ancaq nəsil dəyişikliyindən sonra da tərəflər barışıq formulunu tapmalı olacaqlar. “Üçüncü ölkələr, o cümlədən Rusiya iki münaqişə tərəfinin barışmasına və özlərinə uyğun bir razılaşmaya gəlmələrinə təminatçı kimi çıxış etməklə kömək edə bilərlər. Nifrətin nəsildən-nəslə ötürülməsi fikrimcə, pis, bəzi hallarda isə cinayətdir ”, - tarixçi əmindir.
Stankeviçin fikrincə, Moskva tərəflərin barışmasında müsbət rol oynaya bilər: “Həm Bakı, həm də İrəvanla əla münasibətlərimiz var və düşünürəm ki, tərəflər sülh təşəbbüslərimizə qarşı çıxmayacaqlar”.
Bəs, “Moskva zəmanət verə bilərmi ki, onun sülhməramlıları münaqişənin iştirakçısı olmayacaqlar, necə ki, bu Cənubi Osetiyada oldu” sualına cavab olaraq bildirib ki, “onda müəyyən bir insanın konkret avantürası var idi”. “Düşünürəm ki, dünyada hər kəs Rusiyanın öz sülhməramlılarına qarşı təxribatlara, kimin tərəfindən edilməsindən asılı olmayaraq, heç vaxt yol verməyəcəyinə dair bir dərs aldı. Üstəlik, tərəflər razılığa gəlsələr, Türkiyə sülhməramlı əməliyyatda iştirak edə bilər, xüsusən də nəzərə alsaq ki, Moskva ilə Ankara arasındakı münasibətlər yalnız genişlənəcək. Bundan başqa, tamamilə mümkündür ki, Türkiyə NATO-nu tərk edəcək”, - deyə Stankeviç vurğulayıb.
Təəssüf doğuran hal budur ki, Rusiyada bir çoxları münaqişənin həllinin “gələcək nəsillərə” saxlanmasını məqbul sayırlar. Elə aprel döyüşlərindən sonra da baş nazir D.Medvedyev münaqişənin dondurulmasını çıxış yolu saymışdı. Belə bir vəziyyət isə torpaqlarımızın ilhaqına yol açır. Budur, məlumatlar var ki, ermənilər Kəlbəcərə qaz xətti çəkir, süni məskunlaşma ilə bağlı yeni layihələrin icrasına başlayıblar. Təbii ki, bütün bunları Azərbaycan üçün etmirlər.
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat” a bildirdi ki, Rusiyanın Qarabağla bağlı siyasəti regionda öz strateji maraqlarını təmin etməkdir: “Bu gün Rusiya faktoru münaqişənin həllinə ciddi zərbə vurur. Rusiya siyasilərinin açıqlamaları əsasən, Moskvanın regionda qalıcılığına hesablanıb. Birinci, Qarabağ münaqişəsinin nəsil dəyişikliklərinə gətirməklə həllinin vurğulanması ilk növbədə Azərbaycanın milli maraqlarına zərbədir. Orada böyüyən ermənilər Azərbaycan faktorunu qəbul etməyəcək. Qeyd edim ki, iki xalq arasında katalizatorluq edib, münaqişəni qızışdıran FTB-yə bağlı belə siyasilərdir. Onlar bu faktoru ortaya atmaqla sanki Azərbaycanı Qarabağdan əl çəkməyə çağırırlar. Bu avantüradır və Ermənistanın maraqlarına xidmət edir”.
Rusiyanın sülhməramlılarına gəldikdə isə ekspert dedi ki, bu gün Cənubi Osetiyanı Gürcüstandan ayıran Moskvanın sülhməramlılarıdır: “Onlar bu subyektdə olmasa, Cənubi Osetiya könüllü Gürcüstanın tərkibinə qatılar. Məhz Rusiyanın sülhməramlıları buna imkan vermir. Ümumiyyətlə, bu sülhməramlılar sülhə deyil, Moskvanın işğalı davam etdirməsinə zəmin yaradır. Rusiya daima çalışır ki, Qarabağa sülhməramlılarını yerləşdirsin. Hesab edirəm ki, Rusiya sülhməramlıları yerləşdirilsə, bu, Qarabağın Azərbaycandan qopardılması ilə nəticələnəcək”.
Türkiyəyə gəldikdə, politoloq qeyd etdi ki, qardaş ölkənin Qarabağda sülhməramlılar yerləşdirilməsinə Azərbaycan daima razıdır: “Amma Türkiyənin NATO-dan tezliklə uzaqlaşması mümkün deyil. Ümumiyyətlə, heç Rusiya da Türkiyənin burada sülhməramlı yerləşdirməsinə razı olmaz. Amma iki ölkə arasında ikitərəfli strateji ortaqlıq uzunmüddətli olarsa, Qarabağ münaqişəsi yaxın perspektivdə həll edilsə, iki ölkənin sülhməramlı yerləşdirməsi mümkündür. Gərək say tərkibi iki ölkənin sülhməramlıları eyni ola”.
Politoloq Arzu Nağıyev də bu məsələ ilə bağlı maraqlı fikirlər söylədi: “Əgər Sergey Stankeviçin çıxışındakı məqamlara diqqət yetirsək görərik ki, o, bir daha Rusiyanın münaqişənin həllində mühüm bir açar fiqur olmasını ön plana çəkmək istəyir. Məlum məsələdir ki, hələ Yeltsinin vaxtından başlanan bu siyasi bəyanatlar doğrudan da ancaq formasını dəyişərək təkrarlanır. Məlumdur ki, Qarabağ döyüşlərində həlak olanlar hər iki tərəfdən unudulmur və çətin ki, unudular. Lakin bütün müharibələr göstərir ki, sülhə nail olmaq üçün və ya qələbə çalmaq üçün bu nə qədər ağır olsa da müəyyən güzəştlər olmalıdır və bunu üçün nəsillərin dəyişməsi də önəm kəsb etmir. İkinci məqam yenə də Rusiyanın barışdırıcı rolunun qabardılmasıdır. Təbii ki, çox məsələlər Rusiyadan asılıdır. Ermənistanla eyni hərbi blokda təmsil olunur, ərazisində hərbi bazası var və s. Rusiya təsir mexanizmindən istifadə edərək sülhə nail ola bilər. Ancaq təbii ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”. Rusiyanın sülhməramlı missiyasına gəldikdə isə A.Nağıyev dedi ki, bunun çox ağır nəticələri ola bilər: “Məhz buna görə də Stankevişç bunu Türkiyə ilə birgə etməyin vacibliyini deyir. Yəni Rusiya erməniləri dəstəklədiyi üçün Türkiyə vacib bir faktor olmalıdır. Burada da Türkiyənin NATO üzvü olmasını qabartmağa üstünlük verilir. Yəni bu çıxışlar dəfələrlə təkrar olunan və təəssüf ki, icra mexanizmi olmayan tezislərdir”. A.Nağıyev əlavə etdi ki, Rusiyanın təşəbbüsü ilə keçiriləcək sammitdə isə bir sıra dövlətlərin də qatılması (İran, Sinqapur-red.) Ermənistana dəxli olmayan məsələdir: “Rusiya Qərblə yaşana problemlərdən sonra özünə tərəfdaş axtarışındadır və hətta üçtərəfli formatların yaradılması da regional faktorlardan əlavə də tərəfdaşların cəlb edilməsinə hesablanıb. Yəni Ermənistan bundan yararlanmaq iddiasında olsa belə, əsas hədəf Rusiyanın öz problemlərinin həlli ilə bağlıdır”.
****
Belə bir durumda Qarabağ separatçıları “seçki” müzakirələri aparırlar. Erməni mediasında 8 sentyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkilərinin” keçiriləcəyi məlumatı yayılır. Rəsmi Bakı məsələyə reaksiya verib. “Ermənistan kütləvi informasiya vasitələrinə əsasən, ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində ”seçkilər" donu ilə təqdim edilən növbəti şounun təşkili nəzərdə tutulur. Hər kəsə çox yaxşı bəlli olan bir reallıq var; hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı “seçki”dən danışırsansa, danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq", bəyanatda deyilir.
Rusiya-Ermənistan gərginliyi Azərbaycan üçün öz torpaqlarını işğaldan azad etmək üçün bir fürsətdir. Ola bilər ki, belə fürsət ələ düşməsin. Təsəvvür edin, Ermənistanda Köçəryanın yanına, həbsxanaya getmək istəyən Putini “qapını arxadan bağlamaqla” hədələyirlər. Dikbaş Paşinyanın cəzalandırılması və aprel döyüşlərindən sonra mövqeləri zəifləyən Serj Sərkisyan kimi, hakimiyyətdən qovulması bu gün Rusiya üçün də çox maraqlı olardı...
Elşad Paşasoy