Ekoloji fəlakət təhlükəsi: Erməni həyasızlığı İranı da dilə gətirdi
4-12-2019, 03:45

Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi Azərbaycan ekologiyasının ciddi problemlərindəndir.
Bu problem qonşu ölkələri də əhatə edir. Artıq İran tərəfindən də məsələyə reaksiyalar gəlməyə başlayıb. İran Prezidenti Həsən Ruhani Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşündə Araz çayının çirklənməsi məsələsini qaldırdığını bildirib. Təbrizdə mətbuat nümayəndələri ilə görüşən Ruhani deyib:
“Avrasiya Birliyi iclasında Ermənistanın baş naziri ilə görüşdə Ermənistan sənayesinin tullantılarının Araz çayına axdığına diqqət çəkdim”.
Qeyd edək ki, son vaxtlar yerli media və sosial şəbəkələrdə Ermənistan tərəfindən Araz çayına axıdılan tullantılar səbəbilə suyun rənginin yaşıla çaldığına dair xəbərlər yayılmaqdadır. Bu xəbərlər yerli əhali və ətraf mühit müdafiəçilərini narahat edir. Həsən Ruhaninin sözlərinə görə, Ermənistanın baş naziri məsələ ilə bağlı lazımi ölçülərin götürüləcəyinə söz verib. Lakin Ruhani həmçinin deyib ki, “çirklənmənin mənşəyi ilə əlaqədar fikir ayrılıqları var. Bunu keçirdiyimiz görüşlərdə müzakirə edirik”.
Qeyd edək ki, araşdırmalar nəticəsində məlum olub ki, Araz çayında çirklənmə dərəcəsi digər çaylardan çoxdur. Ermənistanın 10-dan çox sənaye şəhərinin məişət və sənaye çirkabları Araz çayına tökülür. Ciddi çirklənməyə məruz qalan Gedərçay, Vorotan, Axuryan çayları Araza birləşir. Araz çayının sol qolu Razdan çayı çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yeri tutur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəlim Əbülhəsənov ”Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Araz çayının çirklənməsi ölkəmizdə ciddi narahatçılıq doğurur:
“Araz çayı Kür çayından sonra ikinci böyük çayıdır. Araz çayının çirklənməsi Ermənistan ərazisində mədən sənayesinin inkişafı, əsasən tullantıların təmizlənmədən axıdılması ilə bağlıdır. Bunun nəticəsində Ovçuçayın, Arpaçayın çirklənməsi baş verir. Ekologiya Nazirliyi tərəfindən biz İran tərəfinin açıqlamasını obyektiv hesab edirik, çünki bu təkcə Azərbaycanın deyil, İranın çayları üçün də böyük çətinlik yaradır. Məlum olduğu kimi, İran da Araz çayının suyundan Azərbaycanla eyni səviyyədə istifadə edir. Araz çayının çirklənməsi qəbuledilməzdir, çünki bu çay dövlətlərin iqtisadiyyatında mühüm rol oynayır. Biz Ekologiya Nazirliyi olaraq, Araz çayının çirklənməsini daim nəzarətdə saxlayırıq - həmin çayın üzərində monitorinq şəbəkəmiz fəaliyyət göstərir. Təhlillərin nəticəsi göstərir ki, çayda ağır metalların miqdarı, əsasən, də arsen, mis, dəmir, sink normadan 10 dəfəyədək artıqdır. Çayların çirkli olması əlavə təmizləməyə ehtiyac yaradır ki, bu da əlavə maliyyə vəsaiti tələb edir”.
Mütəllim Əbülhəsənov bildirir ki, qonşu dövlətlər beynəlxq səviyyədə qəbul olunmuş prinsiplərə əməl etməli, çayların sularını çirkləndirməməlidirlər:
“Dövlətlər beynəlxalq konvensiyaların tələblərinə əməl etməlidirlər. Təəssüf ki, regionda yalnız Azərbaycan “Beynəlxalq su konvensiyası”nı ratifikasiya etmiş ölkədir, bu konvesiyanın tələblərinə uyğun fəaliyyət göstərir. Ermənistanın bu konvensiyanı ratifikasiya etməməsi bu məsələlərin çoxtərəfli formada müzakirəsində çətinliklər yaradır”.
Nazirlik təmsilçisi deyir ki, beynəlxalq təşkilatların qarşısında təkcə Arazla bağlı deyil, işğal olunan ərazilərdə su hövzələri ilə bağlı məsələ qaldırılır:
“Çünki Dağlıq Qarabağ ərazisində bizim kifayət qədər su mənbələrimiz var - 10-a yaxın su anbarı, 7 göl birbaşa ekoloji təsirlərə məruz qalır. İşqal altında olan “Sərsəng” su anbarı ekoloji şantaj vaistəsi olaraq istifadə olunur. Çayın suyundan düzgün istifadə olunmamsı yayda quraqlığa, qışda isə daşqınlara gətirib çıxarır. Bunlar bilavaistə beynəlxalq ictimaiyyəti, eləcə də Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdəndir. Gələcəkdə bunların çoxtərəfli müzakirəsi üçün işlər görülür, beynəlxalq müzakirələr zamanı ölkənin mövqeyi ortaya qoyulur”.
Qeyd edək ki, Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi məsələsini İran tərəfindən dəfələrlə qaldırılıb. Arazın çirkləndirilməsinin müxtəlif xəstəliklərə səbəb olması, eləcə də ölkənin əkin sahələrinə ciddi ziyan vurması ilə bağlı İranın rəsmi qurumları tərəfindən məsələ qaldırılıb. Amma Ermənistan nə Azərbaycan, nə də İran tərəfinin narazılıqlarına reaksiya vermir. Beynəlxalq təşkilatlar qarşısında da bu məsələ qaldırılsa da, Ermənistanın beynəlxalq hüquq normalarına zidd olaraq ekologiyanı çirkləndirən hərəkətlərinə göz yumulur. Ermənistan isə bir sıra hallarda bunu özünün ağır iqtisadi vəziyyəti ilə əlaqələndirir. İşğalçı ölkə tərəfindən bildirilir ki, ətraf mühitə zərər vurmayan maddələr almaq üçün kifayət qədər vəsaitləri yoxdur.
Xatirə Nəsirova
azsiam.info