Fəhmin Hacıyev Azərbaycandan deportasiya edildi – Ölkəyə girişinə “stop” qoyulub

9-01-2020, 00:08           
Fəhmin Hacıyev Azərbaycandan deportasiya edildi – Ölkəyə girişinə “stop” qoyulub
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev bu gün, yanvarın 8-də Azərbaycanda anası ilə görüşməsinə imkan verilmədiyini açıqlayıb.

Bu barədə F.Hacıyev özü Azadlıq Radiosuna məlumat verib. Xaricdə yaşayan F.Hacıyevin sözlərinə görə, o, anasını ziyarət etmək üçün Bakıya gəlib, lakin istəyini gerçəkləşdirə bilməyib:«Yanvarın 8-də gecə saat 01:35-də Kiyevdən Bakıya gəldim. Sərhəd keçid məntəqəsində pasportuma baxdılar. Təqribən 5 dəqiqədən sonra mənə ölkəyə girişimə«stop» qoyulduğunu dedilər. Soruşuram, necə yəni «stop» var, mən Azərbaycan vətəndaşıyam, ölkəmə girməyə niyə məhdudiyyət qoyulmalıdır?

Cavab vermədilər və yarım saatdan sonra aeroportun nəqliyyat polis əməkdaşları məni şöbəyə apardılar. Oradan isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizəİdarəsinə gətirdilər. Gecə orada saxlandım. Səhər sorğu-sual etməyə başladılar».

F.Hacıyev qeyd edib ki, ondan əvvəllər Azərbaycana gələndə kimlərlə görüşdüyünü və onlarla nədən danışdığını soruşublar: "Mən isə bildirdim ki, kimsə ilə gizlin görüşməmişəm, bütün görüşlər açıq olub. Əsasən, köhnə xatirələri, müxalifətdaxili münasibətlər və müxalifət- hakimiyyət münasibətləri müzakirə olunub. Bir müddət sonra mənə elan etdilər ki, geriyə göndərilirsən. Xahiş etdim ki, bir günlük anama baş çəkməyə icazə versinlər, icazə vermədilər. Deportasiyamla bağlı qərarın kimin tərəfindən verildiyi barədə heç bir məlumatım yoxdur".

F.Hacıyev vurğulayıb ki, ona heç bir fiziki təzyiq göstərilməyib: "Mənimlə çox nəzakətli və təmkinli davrandılar"..

F.Hacıyevin bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və başqa hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru